“MTK-REAL”-dan müştəriyə qarşı MƏNZİL FIRILDAĞI: MTK bu hadisəyə niyə göz yumur? – ŞİKAYƏT

Aygün Bayramova 4 ildir ki, “MTK-REAL” MTK-dan kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışı ala bilmir və buna görə də aldığı mənzilə AR DƏDRX-dən çıxarış ala bilmir.

Vətəndaş Aygün Bayramova Balağa qızı 13.11.2020-ci il tarixində Millitribuna.az saytına ərizə ilə müraciət edərək, üzləşdiyi probleminin işıqlandırılmasını xahiş edib.

Aygün Bayramova “MTK-REAL” MTK-nın üzvüdür. O, 28 noyabr 2016-cı il tarixində “MTK-REAL” MTK-a məxsus olan Bakı şəhəri Nərimanov rayonu, X. Şuşinski 955 ünvanında yerləşən 170 saylı, ümumi sahəsi 172 kv metr olan 4 otaqlı mənzilin dəyərini tam ödəməklə, həmin mənzili şirkətin baş ofisində yeni alqı-satqı müqaviləsi və MTK-ya heç bir borcu olmadığı haqqında maliyyə arayışı ilə əldə edib. Əlavə olaraq, A. Bayramova həmin alqı-satqını 3 saylı notariat kontorunda da rəsmiləşdirib. Bu alqı-satqı prosesində tələb olunan bütün qaydalara riyaət edilsə də, nədənsə Aygün Bayramova 4 ildir ki, “MTK-REAL” MTK-dan kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışı ala bilmir və buna görə də aldığı mənzilə AR DƏDRX-dən çıxarış ala bilmir.

A. Bayramova saytımıza açıqlamasında bildirir ki, ona məxsus olan mənzilin giriş qapısı bir neçə dəfə naməlum şəxslər tərəfindən sındırılsa da, MTK tərəfindən bu hadisəyə göz yumulur, reaksiya verilmir. Mənzilin kənar şəxslərə satılmasından ehtiyat edən Aygün Bayramova mənzilin divarına “Satılıb” sözü və öz mobil nömrəsini yazıb. Lakin həmin yazılar da naməlum şəxslər tərəfindən silinib və qapı yenidən sındırılıb. Ona görə də Aygün Bayramova DİN-102 xidmətinə bu haqda məlumat verib, polisin iştirakı ilə qapı qaynaq edilib.

Məsələni aydınlaşdırmaq və qarşı tərəfin də mövqeyini öyrənmək üçün əməkdaşımız sözügedən MTK-nın baş ofisi ilə əlaqə saxlayıb. Bir neçə cəhdən sonra telefon danışığı baş tutub və özünü təqdim etməyən, MTK-da tutduğu vəzifəni deməyən MTK-nın xanım əməkdaşı MTK rəhbərinin həbsdə olduğunu və hazırda məhkəmə işlərinin davam etdiyini bildirib. MTK-nın xanım əməkdaşı bildirib ki, MTK rəhbəri 2 aydan sonra azadlığa çıxacaq və bu cür şikayətlərə azadlığa cıxdıqdan sonra baxılacaq.

Aygün Bayramovaya məxsus qapının dəfələrlə sındırılması məsələsinə gəldikdə isə MTK-nın xanım əməkdaşı “Biz heç nə deyə bilmərik” deyərək, sualdan yayınıb. Belə çıxır ki, binanın giriş qapılarının kodla olmasına və binada xoşagəlməz hadisələrin baş verməməsi üçün komendantın olmasına baxmayaraq, MTK sakinlərin təhlükəsizliyini təmin edə bilmir. Yəni, istənilən şəxs kiminsə evisinin qapısını sındırıb mənzilinə daxil ola bilər.

Məsələnin hüquqi tərəfləri ilə bağlı hüquqşünas Akif Tukanov Millitribuna.az-a açıqlamasında bildirib ki, mənzil-tikinti kooperativinin üzvü Bayramova Aygün Balağa qızı pay haqqını tam ödəməklə, “MTK-REAL” MTK qarşısında öz öhdəliyini tam olaraq icra edib. “MTK-REAL” MTK-nın kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışının kooperativ üzvü olan və o cümlədən pay haqqını tam olaraq ödəyən və MTK-ya borcu olmayan Aygün Bayramovaya təqdim edilməməsinə gəlincə, bu hal qanun pozuntusudur. MTK bu davranışı ilə Aygün Bayramovanın hüquqlarını pozub və qanunsuz olaraq, onun hüquqlarını məhdudlaşdırmış hesab olunur. Çünki tələb edilən məbləğ tam olaraq ödənilibsə və vətəndaşın MTK-ya borcu yoxdursa, MTK Kooperativ üzvlərinin ümumi yığıncağından protokolun çıxarışını Aygün Bayramovaya təqdim etməyə borcludur.

Aygün Bayramovaya məxsus mənzilin giriş qapısının bir neçə dəfə sındırılması barədə Aygün Bayramovanın DİN 102-xidmətinə verdiyi şikayət və bu hadisə aidiyyatı üzrə polis orqanı tərəfindən araşdırılacaq. Aygün Bayramovanın DİN-102 xidmətinə etdiyi şikayət öz təsdiqini taparsa, mənzilin qapısını sındıran və mənzilə icazəsiz daxil olan şəxs(lər) müəyyən ediləcək və həmin şəxs(lər) AR CM-nin müvafiq maddələri ilə təqsirli bilinərək istintaqa cəlb ediləcək. Hüquqşünas MTK-nın bu hala göz yumması və heç bir tədbirlərin görməməsini artıq “MTK-REAL”-nın birbaşa məsuliyyətsizliyi kimi qiymətləndirib.

 

Belə ki, AR Mənzil Məcəlləsinin 112.1-ci maddəsinin tələbində qeyd edilir ki, Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. AR Mənzil Məcəlləsinin 113.1 maddəsinin tələbində qeyd edilir ki, Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvaffiq olaraq mənzil-tikinti kooperativi üzvllərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə, mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.

AR Mənzil məcəlləsinin 113.2 maddəsinin tələbində qeyd edilir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. AR Mənzil məcəlləsinin 113.3 maddəsinin tələbində qeyd edilir ki, Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.






Fikirlər