Əsas Səhifə > Hadisə, Slayd > Nazir Yavər Camalovun istintaqda
Nazir Yavər Camalovun istintaqda2-08-2016, 08:42 |
Hərbi zavoddakı partlayışla əlaqəli Bakıda toplantı keçirildi; müdafiə sənayesi naziri və onun icra başçısı olan qardaşı Mərdan Camalov istintaqçılar üçün nə kimi ipucları verə bilər...
Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan və Şirvanda yerləşən hərbi təyinatlı “Araz” zavodundakı partlayışın nəticələri tam aradan qaldırılmayıb. 2 nəfərin ölməsi, 26 nəfərin yaralanması ilə nəticələnən partlayışdan sonra zavodun fəaliyyəti iflic olub.
Şahidlərin sözlərinə görə, “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzi döyüş baş vermiş ərazini xatırladır. Mərkəzin inzibati binalarının bir çoxu dağılıb, dağılmayan binaların fasadları partlayışdan sonra qəlpə “yağışı”nın təsiri altında dağınıq vəziyyətə gəlib, pəncərələr çərçivəsindən qopub.
ANAMA partlayışdan sonra mərmi başlıqları yığırHazırda mərkəzin ərazisi də daxil olmaqla zavodda və təxminən 2 kilometrlik ərazidə ANAMA mütəxəssisləri dəhşətli partlayışdan sonra ətrafa səpələnən döyüş sursatlarının başlıqlarını, siqnal raketlərinin patronlarını toplamaqla məşğuldurlar. Aldığımız məlumata görə, təmizləmə prosesi bir neçə ay sürə bilər. Bu da təsadüfi deyil. Partlayış zamanı 20-25 kiloqram ağırlığında olan mərmi başlıqları bir neçə yüz metr hündürlüyə qalxaraq yüksək sürətlə yerə çırpılıb. Bir çox mərmi başlıqları 1 metrə qədər torpağın dərinliyinə girib. Mütəxəssislər minaxtaranlarla həmin mərmi başlıqlarını axtarıb tapır, qazıyıb çıxarır və təhlükəsiz ərazilərə aparırlar.
Partlayışı araşdıran Dövlət Komissiyası növbəti dəfə toplaşdıXəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyası yaradılıb. Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun sədrlik etdiyi həmin komissiya avqustun 1-də növbəti dəfə toplaşıb. Şirvan İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun da qatıldığı komissiya hadisənin baş verməsi səbəblərini və şəraitini araşdırmalı, onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirib həyata keçirməlidir.
![]() Komissiyanın iclasında hansı qərarlar qəbul edilməsini öyrənmək üçün Nazirlər Kabineti ilə əlaqə saxladıq. Qurumdan suallarımızı Y.Eyyubovun köməkçisinə yönəltsələr də, suallarımıza cavab ala bilmədik. Şirvan İcra Hakimiyyəti ilə əlaqə saxlayıb komissiya üzvü olan Mərdan Camalova partlayışdan sonra yaranan sualları ünvanlamaq istədik. İcra başçısı Bakıda Dövlət Komissiyasının iclasında olduğundan 1-ci müavini Samid Abıyevlə əlaqə yarada bildik. S.Abıyev bildirdi ki, Dövlət Komissiyası iclası keçirilsə də, hələ ki komissiyanın işi haqda heç bir məlumat verilməyib. S.Abıyev zavodun fəaliyyətinin bərpası ilə bağlı suala “bu haqda heç nə deyə bilmərəm, işlərin bərpası üçün tədbirlər görülür” cavabını verib. Əlavə edib ki, zavodun ətrafında hazırda ANAMA təmizləmə işləri aparır.
Partlayışda yanmış qadının iş yeri niyə dəyişdirilib?Bu arada redaksiyamıza partlayış zamanı faciəvi şəkildə dünyasını dəyişmiş 2 övlad anası İlhamə Əsgər qızı Nuriyeva haqda məlumat daxil olub. Həmin məlumata görə, İ.Nuriyeva partlamamış, vaxtı ötmüş sursatların utilizasiya mərkəzinin yerin altındakı bunkerində çalışırmış. Olay baş verən gün onun iş yeri mərkəzin yerin üzərində yerləşən sexinə dəyişdirilib. Günortadan sonra sexdə baş verən partlayışda İ.Nuriyeva və Ağamir Allahyar oğlu Məmmədov dünyalarını dəyişiblər.
Sex rəisi partlayışdan az əvvəl zavoddan qaçıb?Ötən sayımızda hərbi zavoddakı müəmmalı partlayışdan sonra xəstəxanaya gətirilən yaralı işçilərin oradakı sexin rəisi Salamat Hüseynovun adını çəkməklə baş verənlərdə onu günahlandırmaları haqda məlumatların olduğunu yazmışdıq. Qeyd etmişdik ki, bu məlumatları yoxlamaq, müvafiq qiymət vermək prokurorluq orqanının işidir. Redaksiyamıza daxil olan digər bir məlumatda S.Hüseynovun partlayışdan az əvvəl zavoddan qaçdığı bildirilir. Qeyd olunur ki, S.Hüseynov partlayışdan əvvəl zavodun qarşısındakı yolla qaçarkən zavodun mühafizəçiləri onu saxlayıb hara getdiyini, niyə qaçdığını xəbər alıblar. Həmçinin qeyd olunur ki, partlayışdan sonra bu məqam istintaqçılar tərəfindən araşdırılır. S.Hüseynovun istintaqçılara partlayışa görə şokda olduğu səbəbindən zavoddan qaçdığını söyləməsi də gələn məlumatlar sırasındadır. Onun partlayışdan az əvvəl partlayışın baş verəcəyindən xəbər tutaraq qaçması da maraq doğurur. Belə nəticəyə gəlmək olar ki, sex rəisi partlayışın baş verəcəyini bilib və işçilərdən əvvəl qaçıb. Hər halda, istintaq bu məqamlara aydınlıq gətirməlidir.
![]()
|