Əsas Səhifə > Hadisə > “3 saata yaxın xüsusi işgəncə otağında qaldım’’-
“3 saata yaxın xüsusi işgəncə otağında qaldım’’-18-09-2016, 08:50 |
Sabiq vicdan məhbusu həbsindən 3 il sonra “MTN işi”ndə zərərçəkən kimi tanınmasını tələb edir Sentyabrın 17-də sabiq vicdan məhbusu Pərviz Həşimlinin MTN tərəfindən şərlənərək həbs olunmasından 3 il ötdü. Bu ilin martında əfv sərəncamı ilə azadlığa çıxan P.Həşimli bu gün barədə sosial şəbəkədəki statusunda xatırlatma edib və ilginc açıqlama verib Musavat.com-a açıqlamasında isə P.Həşimli 3 il öncə baş vermiş hadisənin detallarını açıqladı. Dedi ki, onu həbs edəndən sonra MTN-nə aparıblar: “Əvvəlcə 3 saata yaxın xüsusi işgəncə otağında qaldım. Orada xüsusi işgəncə avadanıqları vardı. Adamı ayağından asmaq üçün zəncirdən tutmuş, barmaqları arasına qoyub sixmaq üçün alətə qədər vardı. 3 saat o otaqda işgəncə anını gözlədim. Mən orada olanda evimə basqın eləmişdilər. Pəncərələri sındırıb, evə dolmuşdular. Həmin vaxt hamilə həyat yoldaşım və 5 yaşlı qızım evdə olub. Olaydan 3 gün sonra yoldaşım bətnindəki uşağı itirdi. Zeynəbin dərin travması oldu və bir neçə ay həkim nəzarətində qalıb. Həbsdən sonra mənə və ailəmə qarşı cinayəti həyata keçirilənləri, bu işdə saxta şahid rolunu oynayanları araşdırdım. Çingiz Hacıyev adlı bu adamı da tapdım. Qarşılaşdıq və telefonun kamerasını işə salıb, ondan bu alçaq əməlinin səbəbini soruşdum. O isə qaçdı. Yaşına, başına baxmadan qaçdı. Hazırda Baş Prokurorluğa müraciətim var, istintaqın və məhkəmənin qanunsuzluqlarını faktlarla, hüquqi əsaslarla sübut edəcəm. Hesab edirəm ki, “MTN işi”ndən zərərçəkənlərdən biri kimi prokurorluq məni də tanımalıdır”.
Geri qayıt |