Əsas Səhifə > Hadisə > Bəzi komitələr, universitetlər gərəksizdir - Deputat gözlənilən
Bəzi komitələr, universitetlər gərəksizdir - Deputat gözlənilən19-01-2017, 10:39 |
Prezident İlham Əliyev 2017-ci ilin dərin iqtisadi islahatlar ili olacağı anonsunu verib. Ölkə başçısının bu anonsu cəmiyyət arasında böyük gözləntilərlə müşayiət olunur. Xüsusilə referendumdan sonra Azərbaycanda idarəetmə sistemində, eləcə də siyasi, iqtisadi, sosial sferada böyük dəyişikliklərin olacağı gözləntiləri var. Ölkə başçısı dəfələrlə Azərbaycanda olan paralel strukturların ləğv edilməsinin böyük iqtisadi səmərə verəcəyini vurğulayıb. İslahatların nəticəsi olaraq ölkədə bir sıra nazirliklər, dövlət qurumları ləğv edilib, yaxud bazasında yeni qurumlar yaradılıb. Amma proses hələ də yekunlaşmayıb... Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a deyib ki, vətəndaşların gözləntilərində hökumətin buraxılmasından söhbət gedirsə, bu barədə mötəbər, qəti fikir söyləmək çətindir: “Hər bir qurumun fəaliyyəti dövlət başçısına bəllidir” “Çünki bütün bu məsələlər ölkə başçısının səlahiyyətindədir. Biz parlament üzvü olaraq, müxtəlif nazirliklərin fəaliyyətindəki qüsur və nöqsanları, inkişaf elementlərini qabarda bilərik. Amma bütövlükdə hər bir qurumun fəaliyyətinin açıq və konfidensial tərəfləri, cəmiyyət üçün yararlılığı dövlət başçısına bəllidir. Belə olan təqdirdə, hətta vitse-prezidentlik institutunun yaradılmasının özünü də Nazirlər Kabinetinin 1990-cı illərdə bu modeldə yaranmasına qarşı qoyaraq, tamam kəskin kordinal dəyişikliyin aparılacağını söyləyənlər ifrata varırlar. Əgər Amerika idarəetmə sistemindən danışılırsa, həqiqətən də prezident və onun administrasiyası var, hökumət üzvləri də oraya daxildir. Ayrıca götürülmüş halda müxtəlif sahələr üzrə nazirlər yoxdur, yalnız dövlət katibi institutu mövcuddur. Onlar da qeyd etdiyimiz xarici siyasət funksiyalarını həyata keçirir”. “Azərbaycanda məmur sayı əhali sayına adekvat deyil”
Belə olan təqdirdə insanlarımız çox haqlı olaraq söyləyirlər ki, bu qurumların bir çoxunun səlahiyyəti “ASAN xidmət”ə keçəcəyi təqdirdə vətəndaş da udacaq, dövlət də. Çünki proses şəffaf olacaq. Hökumətin içərisində çətin xidmət aparan, eyni zamanda iki il öncə dağıdılan və yenidən qurulan məlum nazirliklərdəki kimi, bir neçə istiqamətli cinayətlər mövcuddur. Ona görə də insanlarımızın yenilik, kəskin islahatlar, dəyişiklər gözləntisi başadüşüləndir. Cəmiyyətin sorğuları, istəkləri yaxşı mənada artıb. Ona görə də nazirliklərin hər biri qarşısında “dövlət, millət üçün yararlı olmaq” prinsipi ortaya çıxır. “Karton istehsalı ilə məşğul olan universitetlər bağlanmaqda davam edəcək” “Düşünürəm ki, onlar sadəcə karton diplom istehsalı ilə məşğul olan təsisatlar idi. Bu heç kəsə də sirr deyildi. Azərbaycanın daxili həyatında uzun illər ərzində təhsil əvəzinə yalnız hazır sənəd almağa xidmət edən və ticari keyfiyyətlərlə işləyən bu ünvanlar hamıya bəllidir. Təəssüf edirəm ki, onlar hələ də var. Bu iki universitetlə iş bitmir. Bildiyim qədəri ilə Təhsil Nazirliyi bu istiqamətdə mühüm planlara malikdir. Addım-addım, ciddi şəkildə hər bir ali təhsil müəssisəsinin yüksək standartlar altında fəaliyyətini təmin edəcək bir xətti, siyasəti həyata keçirmək istədilər. Ona görə də Təhsil Nazirliyinin bu mövqeləri də cəmiyyət tərəfindən müdafiə olunur. Əhalinin böyük bir hissəsi keçmişdə “ABU epidemiyasına” (Azərbaycan Beynəlxalq Universiteti-red.) yoluxmuşdu. Bunun da nəticəsində həmin universitet bağlananda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulundan kənarda müxtəlif, bəlli rüşvət qaydaları ilə qəbul olunmuş 6 minə yaxın şəxs havada qaldı. Onlar uzun müddət parlamentə və digər orqanlara üz tutmaqda idilər ki, məsələyə hüquqi çözüm verilsin. Lakin bu da asan deyildi. Çünki vaxtında kimlərinsə maraqlarına xidmət etmişdilər. Düşünürəm ki, Azərbaycanda nəhayət, həm dövlət idarəetmə sistemində, həm də təhsil sferasında müxtəlif qurumların pozucu, ümumiyyətlə, ictimai həyatına, millət kimi varlığına zərbə vuran bu tendensiyaları da aradan qaldırmaq mümkün olacaq”. “200 balla tələbə qəbul edən universitetlərin hamısı bağlanmalıdır” Parlament üzvü təhsil sahəsində beynəlxalq məkanda istifadə edilən təcrübəni əsas götürmək lazım olduğuna diqqət çəkib: “Təhsil standartları bərqərar olunub, verilən sertifikatlar da həmin tələbləri ödəməlidir. İmtahanlarda 200 balla özünə tələbə qəbul edən universitetin problemli səviyyədə olmasına şübhə yoxdur. Bu bal göstəricisi olan insanlar necə mütəxəssissə çevriləcəklər? O universitetlərdə bircə il semestr imtahanlarındakı vəziyyəti izləyin, hətta onların kandarından içəri daxil olanda mühit, əsl ab-hava sizi real vəziyyətlə tanış edəcək. Dünyada özünə hörmət edən millətlər təhsil sferasında bu cür cinayətlərə getmirlər. Ona görə bir daha söyləyirəm ki, nazirlik mexaniki olaraq hər hansı bir qurumun fəaliyyətinə xitam verməyi deyil, daha optimal, daha ağıllı, sosial zərbələrinin az olmasını təmin edən yol seçməlidir. Bu gün Müəllimlər İnstitutunun böyük bir hissəsinin Pedoqoji Universitetlə birləşdirilməsi faktı bizə bəllidir. Belə olan təqdirdə hesab edirəm ki, bizim niyyətimiz böyük müəllim ordusunu, yaxud tələbələri qanundankənar hesab etmək, süni şəkildə onların elmi, bilik göstəricilərini artmağı tələb etmək deyil. Biz sağlam təhsil yolunda səmərəli fəaliyyət göstərməliyik”.
Geri qayıt |