Əsas Səhifə > Hadisə > Yol polisi “Şəmi”nin kobud
Yol polisi “Şəmi”nin kobud4-04-2017, 13:20 |
Bir neçə gün əvvəl əlil gəncə qarşı zorakı hərəkətlər etməklə mətbuatın gündəminə gələn Masallı Yol Polisi Bölməsinin baş inspektoru, kapitan “Şəmi” ləqəbi ilə tanınan Şəmşir Kərimovla bağlı maraqlı məqam ortaya çıxıb. BakiPost.az xəbər verir ki, işlədiyi ərazidə avtomobillərdə əlavə avadanlıqların quraşdırılması, konstruksiya dəyişikliyinə və pərdə taxılmasına qarşı qəddar davranması ilə seçilən baş inspektor öz şəxsi avtomobillərində məhz bu qanunazidd əməlləri həyata keçirib. Masallı sakinlərinin sözlərinə görə, ona məxsus olan, əsasən oğlunun idarə etdiyi “Niva” markalı avtomobildə konstruksiya dəyişikliyi edilərək ön təkərlər qaldırılıb. Bundan başqa Şəmşir Kərimovun özünün idarə etdiyi (texniki pasportu öz adınadır) 44 BC 999 nömrə nişanlı “Mercedess” markalı avtomobil kustar üsulla quraşdırılmış pərdələrlə sürülür. Şikayətçilər dediklərini sübut etmək üçün redaksiyamıza video da göndəriblər. Bakı-Ələt şosesində, aprelin 1-i, saat 12:45-də çəkilən videodan görünür ki, avtomobilin arxa qapılarında pərdə var. Videonu göndərən Masallı sakinləri iddia edir ki, həmin vaxt yol polisi Ş.Kərimov sərnişin kimi əyləşib, avtomobili isə onun oğlu idarə edir.
Qeyd edək ki,bir neçə gün əvvəl Masallı rayon sakini, ikinci qrup əlil olan Rüstəm Qasımov Ş.Kərimovla bağlı Ramil Usubova müraciət edib. O, şikayətində bildirib ki, martın 30-da, axşam saat 21:30 radələrində Masallı rayonundakı dairədə idarə etdiyi 10 CS 055 dövlət nömrə nişanlı “Jeep Grand Cherokee” markalı avtomaşını saxlayaraq yol polisi əməkdaşları ilə salamlaşıb. Bu zaman yolun əks tərəfində olan Masallı rayon Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, polis kapitanı Şəmşir Kərimov ona maşından düşüb yanına gəlməyi əmr edib: “Maşında oturmuşdum. Mənə dedi ki, tez maşından düş, qaçaraq yanıma gəl. Mən də soruşdum ki, bu nə hərəkətdir, bu necə adam çağırmaqdır? O da əsəbləşib özü mənə yaxınlaşdı. Maşının qarşısına keçib yerə düşməyimi tələb etdi. Mən soruşdum ki, axı niyə düşməliyəm, hansı qaydanı pozmuşam? Heç nə demədən başqa bir inspektora göstəriş verdi ki, onun sənədlərini al. Həmin inspektor yaxınlaşıb özünü təqdim etdi və sənədləri istədi. Sonra isə əlini pəncərədən salıb qapını açdı. Bu zaman hamının “Şəmi” kimi tanıdığı Şəmşir Kərimov sol ayağımdan tutaraq məni sürüyüb maşından yerə saldı. Mən 11 ay əvvəl Bakıda DTX-nın hospitalında belimdən əməliyyat olunmuşam. Hazırda belimdə 6 implant var, 23 yerdən tikiş qoyulub. Özüm də ikinci qrup əliləm. Onlara heç bir müqavimət göstərmədən tabe oldum. Məni yol polisi maşınına mindirib şöbəyə apardılar. Mən yenə də bildirdim ki, qayda pozmuşamsa bunun arxasında dayanıram. Pərdə taxmışamsa yerində cərimə yazsınlar, çıxım gedim. Çünki pərdəni elə yerindəcə aşağı salmaq mümkündür. Mən bunu etiraf edirəm. 150 manat cəriməni yazsın, mən də gedib ödəyim. Amma heç nədən maşını cərimə meydançasına apardılar. Mənə qarşı nalayiq hərəkətlər etdilər, Hamı bunu gördü, şahidlərim var. Hadisə baş verən yerdəki obyektin kamerasına da baxa bilərlər. DYP avtomobilindəki kameraya da baxsınlar ki, məni necə sürüyüb maşından yerə salırlar. Masallıda çox sürücü Şəmidən narazıdır. Çünki ürəyi nə istəsə onu da edir. Mən iş adamıyam, başımı aşağı salıb işləyirəm. Mənim kimi çox adamı incidir, az qalır desin ki, çıxın gedin burdan”. Məsələ ilə bağlı DİN-in mətbuat xidməti açıqlama yayaraq, sürücünün şikayətinin heç bir əsasının olmadığını bildirib. Geri qayıt |