Əsas Səhifə > Hadisə > SOSİAL MEDİADAKI MƏLUMATINI YAYMAĞA GÖRƏ
SOSİAL MEDİADAKI MƏLUMATINI YAYMAĞA GÖRƏ24-12-2023, 15:39 |
Tanınmış media eksperti, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Professor Qulu Məhərrəmli sosial platformalarda statusu olan şəxslər tərəfindən aşkar formada yayımlanmış və təkzib olunmamış hər hansı bir məlumatı və ya mətni elektron, yaxud çap mediasında yaymağa görə məsuliyyət daşıyıb- daşımamasına aydınlıq gətirib... Qeyd edək ki, "Media haqqında" Qanunda jurnalistlərin və ya medianın hüquq və vəzifələri kifayət qədər təkmil formada təsbit olunub. Lakin bəzi hallarda jurnalistlər üçün ilkin informasiya mənbələrindən biri olan X, facebook, telegram, instagram, linkedin və s. kimi sosial platformalarda açıq formada yayılmış hər hansı bir məlumat, yaxud fakt sonradan çap, yaxud elektron media subyekti tərəfindən yayımlananda mübahisələrə səbəb olur. Artıq bir müddətdir ki, sosial platformalarda yayımlanmış hər hansı bir məlumatı yaydığına görə məhkəməyə verilən media orqanları və jurnalistlər də var. Bu və ya digər suallara peşəkar münasibət bildirməsi üçün "Təzadlar" olaraq tanınmış media eksperti, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Professor Qulu Məhərrəmliyə müraciət etdik. Professor sosial platformalarda statusu olan fiziki və ya hüquqi şəxs tərəfindən aşkar formada yayımlanmış hər hansı bir məlumatı və ya mətni elektron, yaxud çap mediasında yaymağa görə jurnalistlərin, media subyektlərinin məsuliyyət daşıyıb- daşımamasına belə aydınlıq gətirdi: - Jurnalistin sosial mediadan hər hansı bir məlumatı götürüb elektron və yaxud çap mediasında yayması təbii haldır. Çünki sosial platformalardakı məlumatlar gizli və ya qadağan olunmuş deyil, açıq məlumatlardır. Bu məlumatlar jurnalistlər üçün istənilən formada ilkin mənbə funksiyasını daşıyır. Əgər hər hansı məmur, vəzifəli şəxs və ya hüquqi şəxs - QHT, İctimai Birlik, təşkilat rəhbəri, eləcə də ictimai diqqətdə olan tanınmış şəxsin və s. ictimailəşdirdiyi bu məlumatlarda ictimai əhəmiyyət daşıyan məsələlər varsa, jurnalistin onu təhrif etmədən yaymasında heç bir hüquqi məsuliyyəti yoxdur, ola da bilməz. Düzdür, burda etik nüanslar da var ki, məsələn, mümkün qədər həmin məlumatları yayan şəxsə müraciət də etmək olar ki, sizin yaydığınız informasiya bizim üçün ciddi maraq kəsb edir və s. Təqdim etdi: Yasəmən Məmmədli Tezadlar.az Geri qayıt |