Əsas Səhifə > Hadisə > Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır
Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır1-02-2025, 18:22 |
Azərbaycanda hərbi xidmətə çağırışın da deyəsən, ASAN Xidmətə verilməsinin zamanı çatıb. Çünki bu gedişlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti narazılar ordusu yaradacaq. Bu narazılar ordusunun formalaşmasına səbəb isə Dövlət Xidmətinin yaratdığı əngəllər, vətəndaşların incidilməsi hallarıdır.Bu faktlardan biri Talıbov Azər Məmməd oğlunun elektron poçtla və media üzərindən etdiyi müraciətə qurumdan gələn cavabdır. Belə ki, Anaxeber.info-nun baş redkatoru olan Azər Talıbov oğlu Turan Talıbovla bağlı məsələnin araşdırılmasını xahiş edib. Daha əvvəl etdiyi müraciətində Azər Talıbov məlumat verib ki, həm "B14" diaqnozu qoyulmuş, həm ürək problemi olan bir gəncin tibbi müayinəsinin nəticələrinə məhəl qoymadan onu süründürür, hərbi xidmətə göndərmək üçün müxtəlif bəhanələr gəzirlər. “Demişdim ki, bütün müayinələrdən keçmişik və Turan Talıbovun problemləri təsdiq olunub, əlimizdə müayinənin nəticələri var. Amma Suraxanı hərbi komissarlığının əməkdaşı Namiq Orucov rəhmətə gedib deyə onun dövründə keçilən komissiyanın nəticələri indi məqbul sayılmır, bizdən təkrar müayinə tələb edilir. Xidmətin əməkdaşı vəfat edib deyə niyə müayinənin nəticələri qəbul edilməməlidir? Ona görə də Suraxanı hərbi komissarlığının Turan Talıbovun sağlam olduğu haqda verdiyi kağızı əllərindən aldım. Onlar isə uşağın fotosunu və kağızı cırıb tulladılar. Bu barədə Xidmət rəisi Mürsəl İbrahimova məktub ünvanladım. Onların bu hərəkətinin qanunsuz olduğunu vurğuladım. Amma verilən cavab rüsvayçılıqdır”.
Geri qayıt |