Əsas Səhifə > İqtisadiyyat > İqtisadçı-deputatdan dolların
İqtisadçı-deputatdan dolların25-08-2016, 11:29 |
Vahid Əhmədov: “Bu bazar kiminsə maraqlarını müdafiə edir, hökumət bunun qarşısını almalıdır” Manatın dollara nisbətdə ucuzlaşması günbəgün davam edir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, manatın avqustun 24-nə olan rəsmi məzənnəsi 0,25% ucuzlaşaraq, dollara qarşı 1,6245 manata bərabər olub. Dolların belə tədricən bahalaşması ərzaq və qeyri-ərzaq bazarında da qiymətlərin artmasına gətirib çıxarır. Deputatın sözlərinə görə, banklara inam yarananadək manatın ucuzlaşması davam edəcək: “Banklara inam olmadığından insanlar əmanətlərini dollara çevirərək saxlamağa çalışırlar. Bu da bazarda dollara tələbatı artırır. Bazarda dollar qıtlığının yaranmasının başqa bir səbəbi isə odur ki, bazara dollar buraxılmır. Məsələn, Mərkəzi Bankın keçirdiyi hərraclarda bankların dollara tələbi 500-600 milyon dollar olduğu halda hərraca 50-60 milyon dollar çıxarılır. Görünür ki, bu, qara bazarda kiminsə mövqeyini müdafiə edir. Mən belə hesab edirəm. Hökumət bunun qarşısını almalıdır. Dolların bahalaşması ilə birgə gələn problemlər davam edəcək. Çünki manat ucuzlaşırsa, idxal olunan malların maya dəyəri bahalaşır. Bu da bazarlarda qiymət siyasətinə öz təsirini göstərir. Çox təəssüflər olsun ki, Maliyyə Bazarlarına Nəzarət Palatası öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilmədi. Bankların sağlamlaşdırılması prosesi axıra çatdırılmadı. Bizim bu istiqamətdə hökumətə ünvanladığımız təkliflərə baxılmadı. Buna görə də proses çox ciddi şəkildə davam edir. Belə getsə, Azərbaycanın ərzaq və qeyri-ərzaq bazarında çox ciddi problemlər yarana bilər”. Vahid Əhmədov onu da vurğuladı ki, bahalaşma fonunda sosial gərginliyin yaranmaması üçün hökumət iş görməli, addım atmalı, təklifləri həyata keçirməlidir:“Bu böhran nə qədər davam edə bilər? Böhran vəziyyətindən çıxış yolları olmalıdır. Düzdür, müəyyən qurumlar yaradıldı, ancaq biz onlardan konkret iş görmürük. Hökumət xüsusi tədbirlər planı hazırlamalıdır, hər şeyə qənaət edilməlidir. İxracyönümlü məhsulların artırılması üçün ciddi işlər görülməlidir. Əgər ölkədə bank sistemini sağlamlaşdırmasaq, manata inamı bərpa etməsək, kredit alış-verişini tətbiq edə bilməsək, problemlərimiz daha da çoxalacaq”. Qubad İbadoğluna görə, yumşaq devalvasiyanın getdiyi hazırkı şəraitdə kəskin devalvasiya gözlənilmir:“Bu gündən Azərbaycan manatı daha yüksək səviyyədə ucuzlaşmaya məruz qalıb. Hesab edirəm ki, bu temp davam edəcək. Manatın ucuzlaşmaması üçün tələblə təklif arasında tarazlıq olmalıdır. Tarazlığı təmin edəcək iqtisadi şərtlər hələ ki mümkün deyil. Hazırda bazara valyutanı Dövlət Neft Fondu və ya Azərbaycan Mərkəzi Bankı çıxarır. Halbuki ölkədə valyuta satışı ilə məşğul olan özəl şirkətlərin sayı dövlət şirkətləri ilə müqayisədə daha çox olmalıdır. Özəl şirkətlər bazarda rəqabətə davam gətirə bilmirlər. Manatın bundan sonrakı vəziyyəti də iqtisadiyyatın vəziyyətindən asılı olacaq. Lakin hazırda iqtisadi artım yoxdur, problemlər çoxdur və dərinləşməkdə davam edir”.
Ekspert qeyd etdi ki, hökumətin dolların bahalaşmasından sonra yaranan problemləri həll etmək üçün yeganə çıxış yolu yerli istehsalı dəstəkləməkdən keçir:“Əgər yerli istehsal inkişaf etməyəcəksə, ölkə istehlak bazarında öz tələbatını yerli məhsullar hesabına təmin etməyəcəksə, qiymətlərin artması qaçılmaz olacaq. Bu gün Azərbaycan bazarı qiymətlərin bahalaşması qarşısında acizdir, çünki xarici faktorlar mühüm rol oynayır. Hökumət daxili istehsalı stimullaşdırmalı, sahibkarlar üçün əlverişli mühit yaratmalı, inzibati məhdudiyyətlər aradan götürülməlidir. Bazar sərbəstləşməli, korrupsiya aradan qaldırılmalıdır. Hazırda islahatlarla bağlı müzakirələr aparılsa da, konkret addımlar atılmır. Bu müzakirələrdə yerli ekspertlərin iştirakı da təmin olunmalıdır. Hökuməti tərifləyən adamların müzakirələrə cəlb edilib ”hər şey yaxşıdır” deməsi ilə Azərbaycan iqtisadiyyatını qaydaya salmaq mümkün deyil. Alternativ fikrə ehtiyac var”.
Geri qayıt |