Əsas Səhifə > İqtisadiyyat, Slayd > “SON 15 İLDƏ ÖLKƏDƏN 100 MİLYARD PUL ÇIXARILIB”
“SON 15 İLDƏ ÖLKƏDƏN 100 MİLYARD PUL ÇIXARILIB”3-02-2017, 10:59 |
“Pulların qaytarılması üçün Sinqapur üsul-idarəsinə keçmək lazımdır” “Böhrandan əvvəlki 2-3 il ərzində isə Azərbaycandan hər il azı 10 milyard pul çıxarılıb. Bu gün Azərbaycan banklarından kredit şəklində götürülən böyük məbləğlər də xarici banklardadır” Azərbaycan məhkəmələrində generalların, idarə və müəssisə rəhbərlərinin işləri üzrə məhkəmə prosesləri keçirilir. Mətbuatda “MTN işi”, “Rabitə işi” adlanan proseslərdə hazırda həbsdə olan, 1 il əvvələ qədər böyük dövlət postları tutan, büdcə pullarına əlləri çatan vəzifəli şəxslərin az qala 100 milyonlarla ölçülən mal varlıqları haqda məlumatlar üzə çıxır, mülklərinin siyahısı sıralanır. Həmin siyahılara nəzər saldıqda öğurluqların miqyası heyrət doğurur. Ə.Həsənov deyir ki, əmlaklarla bağlı məlumatların ictimailəşməsi heç bir halda sirr hesab edilə bilməz: “Bank hesabı haqda məlumatların yayılması qanunaziddir, bank sirrinin yayılmasıdır”. “Həbsə alınan məmurun bank hesabında 3-5 milyon manat pulunun olması haqda bilginin ictimailəşməsi niyə bank sirrinin yayılması hesab olunur” sualına Ə.Həsənovun cavabı belə oldu: “Ümumi prinsipdir ki, bankda olan vəsait haqda məlumat 3-cü şəxslərə verilməməlidir. Bankda olan vəsait haqda məlumatı bank və hesab sahibi bilir. Qanunla bankın üzərinə öhdəlik qoyulub ki, hesab haqda məlumatı yalnız sahibinə verə bilər. Bundan başqa, dövlət orqanlarının sorğusu əsasında da belə məlumatlar verilə bilər. Bu halda da dövlət orqanlarının işçilərinin üzərində bank sirrini yaymamaq haqda öhdəlik qoyulur. Yəqin ki, ittiham aktlarında belə məlumatlar var. Sübut olunsa ki, həmin hesablardakı pullar dövlət büdcəsinin talanması hesabına əldə olunub, əlbəttə ki, bu haqda məlumat ictimailəşəcək. Həmin pullar dövlətin nəfinə müsadirə olunacaq”. Hazırda həbsdə olan məmurların xarici banklardakı hesablarına Azərbaycanın hüquq-mühafizə orqanları həbs qoyub sonradan müsadirəsinə nail ola bilərlərmi? Ə.Həsənov: “Azərbaycanın hüquq-mühafizə orqanları yalnız ölkə daxilində olan banklardakı hesablara həbs qoya bilirlər. Xarici banklardakı hesablara həbs qoyulması, prinsipcə, mümkündür. Amma Azərbaycanın məhkəmə-hüquq sistemi xaricdə yumşaq desək, güvənilən hesab olunmur. Tutaq ki, Azərbaycan məhkəməsi hazırda həbsdə olan məmurun Almaniya bankında olan hesabındakı vəsaitin müsadirə olunması haqda qərar verib. Almaniya bankı Azərbaycan məhkəməsinin qərarını sadəcə icra etməyəcək. Səbəb ölkədəki məhkəmə sisteminə etibar etməməlidir”. Ə.Həsənov deyir ki, son 15 ildə Azərbaycana 141 milyard manat neft pulu gəlib. Rəsmi məlumata görə, bu pulun 35 milyard manata yaxın hissəsi əsas funksiyası neft gəlirlərini gələcək nəsillərə saxlamalı olan Neft Fondunda qalır. Qalan 106 milyard manat artıq yoxdur: “Ölkədəki durum elədir ki, məmurlar neft pulları hesabına formalaşan büdcədən ən müxtəlif məqsədlər üçün ayrılan vəsaitlərin böyük hissəni mənimsəyiblər. Hazırda ”MTN işi” “Rabitə işi”ndə üzə çıxan faktlar da söylədiklərimi təsdiqləyir. 1 manata olan malı 100 manata rəsmiləşdirib 99 manatı ciblərinə qoyublar. Aldıqları mal-mülkün bunca çox olmasının səbəbi budur. Bu adamların maaşları 2000 min manat olsaydı belə, bu qədər əmlak ala bilməzdilər. Həbs edilənlərin xaricdəki banklarda heç şübhəsiz ki, hesabları var. Sadəcə, Azərbaycan hazırkı məhkəmə-hüquq sistemi ilə ölkədən çıxarılan on milyardlarla vəsaiti geri qaytara bilməz”.
Geri qayıt |