Əsas Səhifə > İqtisadiyyat, Slayd > 06.08.2014- Azərbaycan bankları 1,3 milyard gəlir götürüb

06.08.2014- Azərbaycan bankları 1,3 milyard gəlir götürüb


6-08-2014, 11:03
06.08.2014- Azərbaycan bankları 1,3 milyard gəlir götürübAzərbaycanda fəaliyyət göstərən banklar bu ilin 6 ayında kreditlərin verilməsindən 1 milyard manatdan çox faiz gəliri qazanıblar.

Mərkəzi Bankdan verilən məlumata görə, 2014-cü ilin yanvar-iyun ayları ərzində bankların cəmi gəlirləri 1 milyard 313 milyon manat, o cümlədən faiz gəlirləri 1 milyard 95 milyon manat, qeyri-faiz gəlirləri 218,68 milyon manat təşkil edib.

Bankların faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə (766,1 milyon manat, yanvar-iyun 2013-cü il) 328 milyon manat və ya 43%, qeyri-faiz gəlirləri isə 23,97 milyon manat və ya 12% artıb.

Banklar 1 milyard 95 milyon manat faiz gəlirlərini əldə etmək üçün 473,36 milyon manat xərc çəkiblər. Nəticədə də, bankların xalis faiz mənfəəti 621,3 milyon manat təşkil edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 245,8 milyon manat və ya 66% çoxdur. Bankların faiz gəlirləri kəskin artsa da, faiz xərcləri ciddi artmayıb. Əgər banklar ötən ilin 6 ayı ərzində 766,1 milyon manat faiz gəlirini əldə etmək üçün 390,56 milyon manat xərcləmişdilərsə, bu ilin eyni dövründə 1 milyard 95 milyon manat faiz gəlirini əldə etmək üçün 473,36 milyon manat xərcləyiblər. Yəni, faiz gəlirləri 43% artdığı halda, faiz xərcləri 21% artıb.

Əvvəlki dövrlərdə olduğu kimi, banklar qeyri-faiz əməliyyatları üzrə zərərlə işləyirlər. Bu ilin 6 ayı ərzində banklar tərəfindən 218,68 milyon manat qeyri-faiz gəlirinin qazanılması üçün 413,38 milyon manat xərc çəkilib. Nəticədə də, 194,7 milyon manat xalis qeyri-faiz zərəri yaranıb. Bankların qeyri-faiz əməliyyatları üzrə zərəri əsasən faiz əməliyyatları üzrə mənfəətin hesabına örtülür. Ekspertlər qeyd edirlər ki, əgər banklar qeyri-fazi gəlirləri üzrə gəlirli işləyə bilsələr, bu, bankların xərclərinin azalmasına gətirib çıxardar. Nəticədə də, xərclər azaldığından kredit faizlərini xeyli endirmək olar.

Banklar bu ilin 6 ayı ərzində aktivlər üzrə xüsusi ehtiyatlara 185,89 milyon manat ayırma ediblər, halbuki ötən ilin eyni dövründə bu rəqəm 51,80 milyon manat təşkil etmişdi. Bankların 6 aylıq vergi ödənilənədək xalis mənfəəti 224,40 milyon manat təşkil edib.

Məlumat üçün bildirək ki, faiz gəliri kreditə görə müəyyənləşdirilən faizlərdən əldə edilən gəlirlərdir. Qeyri-faiz gəlirinə isə investisiya fəaliyyətindən əldə edilən gəlir (qiymətli kağızlara görə dividendlər) valyuta alqı-satqısından əldə edilən gəlir, çeşidli bank xidmətlərinə görə gəlirlər, komisyon gəlirləri və sair gəlirlər daxildir.

Qeyd edək ki, hazırda bankların iqtisadiyyata kredit qoyuluşları 16,3 milyard manata yaxındır.


Geri qayıt