Əsas Səhifə > İqtisadiyyat, Slayd > NEFT ÖLKƏLƏRİ 20 DOLLARA HAZIRLAŞIRLAR!
NEFT ÖLKƏLƏRİ 20 DOLLARA HAZIRLAŞIRLAR!13-12-2015, 11:49 |
Dünyanın neft hasil edən aparıcı dövlətləri neftin bir barelinin qiymətinin 20 dollara qədər aşağı düşə biləcəyi reallığına hazırlaşırlar. Maliyyə bazarlarında baş verən qarmaqarışıqlıqdan sonra neftin qiymətinin yeni düşüşü başladı. Dəmir filizlərinin qiyməti də son on ilin ən minum həddinə yuvarlanıb. Brent markalı neftin bir barelinin qiyməti 2009-cu ilin fevralından bu yana ilk dəfədir ki, 40 dolların altına düşüb. Lakin neft məsələləri üzrə analitiklərin Rusiya büdcəsində kəsintilərə gediləcəyi ilə bağlı xəbərdarlıqla söylədikləri “fasilə uzun sürməyəcək” fikirləri öz təsdiqini tapır. Beləki, vaxtilə rusiyalı məmurlar deyirdilər ki, əgər yaxın aylarda neftin qiyməti yarıya qədər aşağı düşəcəksə, onda əlavə büdcə kəsintilərinə getmək lazımdır. Maliyyə nazirinin müavini Aleksey Moyiseyev “Reuters” agentliyinə bildirib: “Əgər neft 20 dollara düşsə, biz əlavə kəsintilərə getməliyik. Sözsüz ki, məsələn, neftin qiyməti 60 dollara enəndə büdcə kəsintisinə getməyə hazır olduğumuzu göstərdik. Amma 40 dollar səviyyəsində uzunmüddətli dayanıqlığı təmin etmək üçün, bizim əlavə kəsintilərə getməyimiz lazımdır. Əgər neft 20 dollara qədər düşərsə, onda biz büdcənin həcmini daha da azaltmağa məcburuq.” Dünyanın ən çox neft hasil edən ölkələri – Rusiya və Səudiyyə Ərəbistanı, qiymətlər 100 dollardan yüksək olanda dövlət xərclərini artırmışdılar. 2014-cü ilin avqustunda qiymətlər zirvədə idi və neftin bir bareli 115 dollara satılırdı, amma sonra kəskin düşmə baş verdiyi üçün OPEK üzvü olan ölkələr maliyyə çətinlikləri ilə qarşılaşıblar. Ancaq bütün bunlara baxmayaraq, Səudiyyə Ərəbistanı şist nefti hasil edən ABŞ şirkətləri kimi rəqiblərini aradan çıxarmaq üçün, özünün aşağı qiymətlər strategiyasını dəyişməkdən imtina edir. Vyana şəhərində keçirilən toplantı zamanı qiymətlərin yüksəlməsi naminə OPEK-in hasilatı azaldacağına yönəlmiş ümidlər özünü doğrultmadı. Bu isə qiymətlərin növbəti enişinə səbəb oldu. “British Petroleum” (BP) şirkətinin keçmiş rəhbəri lord Con Braun “Bloomberg TV”–nin “neft 20 dollara qədər enə bilərmi” sualına verdiyi cavabında bildirib ki, yaxın perspektivdə hər şeyin baş verməsi mümkündür. Qeyd edək ki, Braun 1995-2007-ci illərdə BP-nin rəhbəri olanda qiymətlər 10 dollardan 100 dollaradək yüksəlmişdi. Braun əlavə olaraq deyib:”Uzunmüddətli perspektivdə 20 dollar barəsində danışmaq, yəqin ki, düz olmaz, ancaq mən çox uzağı görə bilmərəm”. Çinin zəif ixrac göstəriciləri neftin və metalların qiymətlərinin aşağı düşməsinə gətirib çıxarıb. Dəmir filizinin qiyməti on ilin ən aşağı səviyyəsini göstərib. Sinkin, qurğuşunun və nikelin qiymətləri də enib. İngiltərənin maliyyə xidmətləri şirkəti ”Spreadex”-dən Konnor Kempebel bu vəziyyətlə əlaqədar olaraq deyib: “Xammal məhsullarına aid qiymətli kağızların indiki düşüşlərinin duracağı ilə bağlı üfüqdə heç nə görünmür. Bəlkə də sabah vəziyyət daha da pis ola bilər”. “Pantheon” investisiya şirkətinin aparıcı əməkdaşı, britaniyalı iqtisadçı Samuel Tombs bildirib ki, neftin qiymətinin aşağı yuvarlanması İngiltərə Bankının faiz dərəcələrini yüksəltməsindən imtina etməsinə yol açacaq. S.Tombs daha sonra deyib: ”Bu həyəcan siqnalıdır. İngiltərə Bankının pul–kredit komitəsindəki əksəriyyətə faiz dərəcələrinin yüksəldilməsinin vacib olmasını inandırmaq çətin olacaq. Əgər neftin qiyməti 30 dollardan da aşağı düşməkdə davam edərsə, onda bu istehlak indeksinin böyümə indeksini 1% səviyyəsinin altında tutmağa kömək edəcək”. “Capital Economics” konsaltinq firması maliyyə bazarlarında və fond birjalarında baş verən vəziyyəti belə xarakterizə edib: ”Bu gün Brent markalı neftin qiymətinin 40 dollardan aşağı düşməsi, OPEK-in keçən həftə göndərdiyi dolaşıq siqnalın daha güclü və öldürüçü bir verdiktidir. Amma qiymətləri qaldırmaq naminə, bu böyük neft kartelinin hasilatın azalmasına razılaşacağı ehtimalı çox zəif idi. Gələn il qiymətlərin yüksəlməsi, OPEC-ə daxil olmayan ölkələr tərəfindən təklifin azaldılmasından və həmçinin də tələbatın artmasından asılı olacaq. Bundan irəli gələrək, biz Brent markalı neftin 2016-cı ilin sonuna qədər olan qiyməti ilə bağlı proqnozumuzu 60 dollardan 55 dollaradək endiririk. Amma ümid edirik ki, gələn il neftin qiyməti tədricən bərpa olunacaq”. (The Guardian) Tərcümə etdi: Vaqif NƏSİBOV
Geri qayıt |