Əsas Səhifə > Ana səhifə > Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR

Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR


Dünən, 19:51

Xərçəng xəstəliyi səbəbilə azadlığa buraxılan “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının son günlərdə səhhəti kəskin şəkildə pisləşib. Hazırda Türkiyədə müalicə alan tanınmış jurnalistin həyat yoldaşı Məlahət Zeynallının sosial şəbəkələrdə paylaşdığı videolardan görünür ki, Əvəz Zeynallının durumu olduqca təhlükəlidir.

Musavat.com olaraq “Xural” rəhbərinin özü ilə əlaqə saxladıq.

Zəngimizə cavab vermək imkanı olmadığı üçün onun telefonunu bacısı Alidə Həsənova açdı. O, yayılan xəbərləri təsdiqlədi:

“Vəziyyəti çox ağırlaşıb. Danışmağa halı yoxdur. Onun üçün də zənginizə mən cavab verdim. Tez-tez istiliyi qalxır. Analizlər götürülüb, amma bilmirik ki, birdən-birə vəziyyəti niyə belə pisləşdi. Hələ ki, səbəbini tam bilmirik. Sadəcə o dəqiqdir ki, vəziyyəti yaxşı deyil.

Xəstəxanada diqqət və qayğı yüksək səviyyədədir. Antibiotik vururlar. Qardaşımın vəziyyəti həyat yoldaşı Məlahət xanımın paylaşdığı videolardakı kimidir. Qızı həmin xəstəxanada həkimdir və daim onu diqqətdə saxlayır”.

Ə.Zeynallının bacısı analizlərin cavabının nə vaxt çıxacağı barədə sualımızı belə cavabladı:

“Analizlər götürüləndən sonra bizə dedilər ki, bir həftə və ya on günə cavablar çıxacaq. Amma artıq 17 gündür burdayıq, hələ də bir nəticə yoxdur. Deyirlər ki, gözləyin, cavablar çıxan an deyəcəyik. Əvəzin də vəziyyəti durmadan pisləşir. Çox ağır durumla üz-üzə qalmışıq”.

A.Həsənova xəstəliyin maddi tərəfindən də danışdı:

“Hər kəs bilir ki, bunlar çox bahalı prosedurlardır. Hələ bu prosedurlar qabaqdadır. Maddi vəziyyət də çox ağırdır”.

 


Geri qayıt