Əsas Səhifə > Mənəviyyat > “Bu qədər ARSIZ millətik? Nə qədər HIRILDAMAQ olar axı?..”
“Bu qədər ARSIZ millətik? Nə qədər HIRILDAMAQ olar axı?..”30-12-2017, 17:31 |
Bu yaxınlarda Bakı sakinlərinin kinoya marağı, bayram ərəfəsində kinoteatrlarda tamaşaçılara hansı filmlərin təqdim olunduğu barədə yazmışdıq. Məlum oldu ki, paytaxt sakinlərinin, xüsusən gənclərin arasında kinoteatrlara maraq artıb, amma kinoteatrlarımızın repertuarını əsasən Türkiyə və Azərbaycan istehsalı olan bayağı filmlər təşkil edir. Tamaşaçılar qara yumor üzərində qurulan, məzmunsuz, aşağı səviyyəli kütlə üçün nəzərdə tutulmuş komediya filmlərinə həvəslə bilet alırlar. Hansı ki, süjetləri əxlaqsızlığın, cinayətkarlığın dolayısı təbliği üzərində qurulan, yüksək mənəvi dəyərlər aşılamayan bu filmlər cəmiyyət üçün heç bir tərbiyəvi əhəmiyyət daşımır. Belə filmlərdə rol alanlar da tamaşaçını ancaq qara yumorla əyləndirməyə qadir olan oyunçulardır.
Bu gördüklərimiz bir vaxtlar güclü ənənələrə malik olan milli kinomuzun indiki vəziyyəti ilə bağlı bir daha düşünməyə məcbur etdi. “Efirlərdən”, kinoteatrlardan bu cür filmlərlə tərbiyə alan gənc nəsil arasında əxlaqsızlıq, dələduzluq, cinayətkarlığın artması əslində məntiqli deyilmi? Cəmiyyətə yüksək mənəvi dəyələr aşılayan filmlər indi niyə azdır, yaxud ümumiyyətlə çəkilmir? Bu sahədə vəziyyəti necə düzəltmək olar? Axı indi sovet dövrünün senzurası da yoxdur, incəsənətdə, mədəniyyətdə tam azadlıqdır, şou-biznes də günü gündən çiçəklənir. “Biz o qədərmi arsız millətik ki, ancaq gülməliyik?”Teatr və kino aktyoru, xalq artisti Nurəddin Mehdixanlı virtualaz.org-a açıqlamasında bunların hər bir azərbaycanlını narahat edəcək suallar olduğunu bildirir. Onun sözlərinə görə, Azərbaycanda kino çəkilişi məsələsi kompleks şəkildə həll olunacaq məsələdir. Bunun səbəbini təkcə maliyyə problemində axtarmaq olmaz.
Zövqü korlanmış tamaşaçını geri qaytarmaq çox çətin olacaqXalq artisti deyir ki, artıq son illər çəkilən bayağı filmlərlə zövqü korlanmış tamaşaçını geri qaytarmaq çox çətin olacaq. Onun sözlərinə görə, kino sahəsində ciddi sahədə irəliləyişin, hərtərəfli inkişafın olmasını istəyiriksə, maddi -texniki baza yaradılmalı, peşəkar insanlar bu işə cəlb olunmalıdırlar. Son məhsulu tamaşaçıya təqdim etməmişdən əvvəl hansısa komissiya və ya qurum tərəfindən baxılmalıdır. Ona dərəcə verilməlidir, qiymət verilməli, münasibət bildirməlidir. “İnstitut qurtarmayanlar, kinodan başı çıxmayanlar kino çəkirlər…”Aktyor və rejissor, Xalq artisti Ramiz Məlik isə ümumiyyətlə son illər çəkilən yerli filmləri film hesab etmir. Onun virtualaz.org-a bildirdiyinə görə, kino çəkilişi ilə qeyri-peşəkarlar məşğul olduğuna görə acınacaqlı vəziyyət yaranıb.
“Azərbaycanda film çəkilmir. Serialları demirəm, kino yoxdur Azərbaycanda. Mən bilmirəm niyə bu günə qalıb. Maddi tərəf də var, amma heç bir institutu bitirməyənlər, kinodan başı çıxmayanlar bu gün kino çəkirlər. Bunu Rasim Balayev də deyir, Fuad Poladov da deyir, Fəxrəddin Manafov da deyir, mən də deyirəm. Yazırlar ki, filan kino haradasa mükafat aldı, nə olsun, bir filmlə bayram olur bəyəm?” - deyə Ramiz Məlik bildirir.
“Azərbaycanfilm” bərbad vəziyyətdədir, sponsor tapılmır…Xalq artisti Tarıyel Qasımov isə son illər “Azərbaycanfilm”in maddi-texniki bazasının bərbad vəziyyətdə olduğunu deyir. Aktyor virtualaz.org-a açıqlamasında bildirir ki, orada ildə cəmi bir-iki film çəkilir.
“Bizim milli kino “Arşın mala alan”dır, “Onu bağışlamaq olarmı?!”dır, “Məşədi İbad”dır və digərləridir. İndi yerli filmlər müxtəlif prodakşnlarda və digər yerlərdə çəkilir. Son iki ildə mən iki filmə çəkilmişəm, bunlardan biri “Köşk”, digəri isə “Axırıncı dayanacaq” filmidir. Bunların hələ heç biri efirə getməyib. Bizim “Azərbaycanfilm”də ildə bir ya iki film çəkilir, o da sponsor tapılsa. Əvvəla, texnika o texnika deyil, yeni texnika alınmır. İkinci “Azərbaycanfilm” özü bərbad vəziyyətdədir, ona təmir lazımdır. Biz özümüz də məəttəl qalırıq ki, axı əvvəllər özümüzün çox gözəl filmlərimiz olub. Sovet dövründə çəkilən “Əhməd haradadır?” filmi bizim üçün çox əzizdir, amma ona üçüncü kateqoriya vermişdilər ki, o, respublikadan başqa heç yerdə göstərilməsin. Amma indi bu problemlər yoxdur, amma səviyyəli film çəkilmir. Bu işə o qədər də diqqət ayrılmır”. “Ümumi götürəndə mən kiməm ki?”“Bir-iki kinoteatrımız qalıb, hamısını satdılar, özəlləşdirdilər. Düzdür mən xalq artistiyəm, prezidentin fərdi təqaüdçüsüyüəm, amma ümumi götürəndə mən kiməm ki? Mənim pulum olsa, çox gözəl filmlər çəkərəm. Bütün problemlərin kökündə maddiyyat dayanır. Kino özü kommersiya işidir. Yaxşı filmlər çəkilsə, yaxşı pul qazanmaq mümkündür. Camaat da gələr baxar”, – deyə Tariyel Qasımov bildirir.
Kinorejissor və kino tənqidçisi Ayaz Salayev isə son illər çəkilən heç bir filmi izləmədiyini deyir: “Mən son illər çəkilən filmlərə baxmıram. Bilirəm ki, mütəxəssis kimi baxmalıyam, amma əfsuslar olsun ki, mən bu filmlərə baxmıram. Yalnız adlarını eşidirəm, haqqında söhbətləri eşidirəm. Kinoda dirçəliş varsa, buna çox müsbət yanaşıram, amma vaxt ayırıb baxmalıyam, ona görə də cavab verməyə hazır deyiləm”, – deyə rejissor virtualaz.org-a açıqlamasında bildirir
|