Əsas Səhifə > Mənəviyyat, Slayd > "Heç dəyişməyən üç şey var - futbol, ​​tennis və “KVN”"

"Heç dəyişməyən üç şey var - futbol, ​​tennis və “KVN”"


9-08-2021, 09:27

Həyat yoldaşı ilə taleyüklü görüş, xəstəliyi və “KVN”-dən ayrılması barədə şayiələr ...

 

Quruluşçu-rejissor “utanc gətirməyən” 7 film çəkib, “Nika” kino mükafatını təsis edib və Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi adını qazanıb. Amma tamaşaçılar üçün Yuli Qusman hər şeydən əvvəl “Şən və Hazırcavablar Klubu”nun (ŞHK – aşağıda hər yerdə “KVN” kimi qeyd edəcəyik – red.) əvəzolunmaz münsifidir.

 

Moderator.az bu gün 78 yaşını qeyd edən həmyerlimizi təbrik edir, ona can sağlığı və işlərində uğurlar arzulayaraq starhit.ru saytının onun haqda hazırladığı yazını oxucularına təqdim edir.

 

Bir tələbə olaraq Yuli Solomonoviç daha çox peşə yolunu müəyyən edən "Şən və Hazırcavablar Klubu"ndan ibarət öz komandasını yaratdı. İllər sonra Qusman “KVN” Yüksək Liqasının münsiflər heyətinin ən sərt üzvü adlandırıldı, çünki asanlıqla oyunçulara aşağı bal verə bilərdi.

 

Yuli Qusman özünü yumorla məhdudlaşdırmaq istəmirdi, buna görə 70-ci illərdə rejissorluğa keçdi. Ancaq bu da hamısı deyil, çünki sənətkarın taleyində tibb də var idi... Avqustun 8-də teleaparıcının 78 yaşı tamam oldu və bu yazıda onun kinoya, teatra və psixologiyaya olan sevgisinin həyatında necə birləşdiyindən bəhs edəcəyik.

 

Alicənab valideynlər

Bakı rəhbərliyi yaşadıqları evin üzərinə Qusmanın valideynlərinin adları qeyd olunmuş xatirə lövhəsi vurdu

 

Yuli Qusman Bakıda hörmətli bir ailədə böyüyüb: atası Solomon Moiseeviç Xəzər gəmiçiliyinin baş terapevti olub, anası Lola Yulyevna teatrda xidmət edib, lakin sonradan aktyorluq peşəsini tərk edərək tərcüməçi olub və pedaqogika üzrə doktorluq dissertasiyasını müdafiə edib. Yüksək adlara baxmayaraq, rejissorun valideynləri dəbdəbədən uzaq yaşayırdılar.

 

“Atam professor idi, Zaqafqaziyanın ən məşhur həkimi idi, ömrünün sonuna - 75 yaşına qədər xəstələri müalicə edirdi; lakin bütün həyatı boyu anası ilə birlikdə kommunal mənzildə yaşadı” - deyən Yuli Solomonoviç sözünə belə davam edib: “Hər səhər atamın dalınca ilk buraxılışlardan olan "Moskviç” gəlirdi və o, 1.92 metrlik boyuna görə əyilərək bu maşına əyləşir və xəstəxanaya gedirdi, hansı ki, orada Azərbaycanın bütün rəhbər şəxsləri müalicə alırdı. Anam ona deyirdi: "Mono, - o, atamı belə çağırırdı - get və onlara mənzilimizin olmadığını söylə!" "Lolka, heç nə istəməyə ehtiyac yoxdur, özləri gəlib hər şey verəcəklər. Hər şeyi bilirlər”, - deyə atam cavab verirdi. Ancaq heç kim gəlib heç nə vermədi”.

Mixail Qusman Rusiya Federasiyasının əməkdar jurnalisti oldu

 

Ailənin əsas sərvəti kitab idi: kitabxanada 20 mindən çox kitab var idi. Valideynləri mədəniyyətə bağlılıq və vəzifə borcu hissini varisləri Yuli və Mixailə aşılamağa çalışırdılar. Eyni zamanda, ata böyük oğlunun onun yolunu davam etdirəcəyinə ümid edirdi.

 

Yuli Solomonoviç atasının gözləntilərini doğrultdu: Bakıdakı 160 nömrəli məktəbi bitirdikdən sonra Tibb İnstitutuna daxil oldu. Gənc tələbəlik illərində idmanla fəal məşğul olurdu, qılıncoynatma üzrə "Burevestnik" cəmiyyətinin çempionu oldu və karate üzrə qəhvəyi kəmər aldı. Ancaq tezliklə oğlanın əsas həvəsi özfəaliyyətə yönəldi.

 

“KVN”, kino və teatr

Yuli Solomonoviç üçün “KVN” hekayəsi 60-cı illərdə başladı

 

1964-cü ildə Yuli Qusman “KVN” komandasını qurdu və bir il sonra onun lideri oldu. Altı il ərzində kapitanı Yuli Solomonoviç olan Bakı komandası heç bir yarışda məğlub olmadı və 1970-ci ildə oyunçular arzuladıqları SSRİ Çempionlar Kubokunu qazandılar.

 

Çıxışların mərkəzində özünəməxsus ironiya dururdu: "Qusman kimi suyum axır!" ifadəsi özünü doğrultdu və kapitanlar yarışmasında təkrarlama naminə Yuli Solomonoviç hətta məşhur bığlarını belə qırxdı. Yeri gəlmişkən, komanda üzvlərinə əvvəllər kevençilərdən tələb olunmayan eyni kostyumları geyinməyi təklif edən də o idi.

 

Yumor ustası "Psixologiya və psixiatriya" ixtisası üzrə aspiranturanı bitirsə də, hamıya məlum idi ki, o, tibb sahəsində işləməyəcək. Qusman xəstəxana divarlarını Dövlət Filmin ssenarist və rejissor ali kurslarına dəyişdi. Sonra rejissor Bakıya qayıdıb "Azərbaycanfilm"də işə düzəldi və eyni zamanda musiqi teatrının bədii rəhbəri olaraq çalışdı və hətta Yaroslav Qolovanovla birlikdə "Əlaqə" hekayəsini yazmağa da macal tapdı.

1981-ci ildə "Qorxma, mən səninləyəm!" musiqili filmi ekranlara çıxdı

 

Bakı teatrında bədii rəhbər "Qulaqlı papaq" və "Əjdaha" tamaşalarını səhnələşdirdi və Moskvaya köçdükdən sonra onun "Lamançadan olan adam" müzikli və "Müəllimlə rəqs" adlı ithaf pyesi işıq üzü gördü. Qusman "Bir gözəl gün" komediyasını, "Bir ailə üçün bağ evi" dramını və "Qorxma, mən səninləyəm!" macəra filmini çəkərək kinoda da iz buraxdı. Yalnız 25 il sonra Yuli Solomonoviç yenidən rejissorluğa qayıtdı və tamaşaçılara "Sovet dövrünün parkı" filmini hədiyyə etdi.

 

2013-cü ildə nostalji hissi ilə Qusman "Qorxma, mən səninləyəm!" filminin davamını çəkdi. "Eyni yerlərə gəlirik və başa düşürəm ki, kadrlar yalnız bir tərəfdə çəkilə bilər, digər tərəfdə isə hər şey yenilənib. Ancaq yollar möhtəşəmdir! Tədbirlərin sayı artdı - Avropa Olimpiya Oyunları, Formula-1 yarışları”, - deyə rejissor “StarHit”-ə Bakıdakı dəyişikliklərdən bəhs edib.

 

Moskvada Qusmanın karyerası kəskin şəkildə dəyişdi: Mərkəzi Kinematoqrafçılar Evinə rəhbərlik etdi, Oskarın rus analoqu -  “Nika”nı yaratdı, özünü “Tema”, “Yuli Qusmanla axşam” və “Yumor hissi” verilişlərinin aparıcısı kimi sınadı. Əlbəttə ki, rejissor daim “KVN” Yüksək Liqasının münsiflər kürsüsündə yerini alırdı.

 

“Nika” mükafatının ilk təqdimat mərasimi 1988-ci ilin dekabrında Mərkəzi Kinematoqrafçılar Evində baş tutdu

 

"Heç dəyişməyən üç şey var - futbol, ​​tennis və “KVN”. Yaxşı, bəlkə də bir az dəyişilib. Bəli, "Şən və Hazırcavablar Klubu" imrovizasiya sənətini itirib. Əvvəllər bütün verilişlər birbaşa hadisə yerindən yayımlanırdı. Yəni elə zarafat etmək tələb olunurdu ki, həqiqətən gülməli alınsın və bu, inanın, çətin idi. İndi hamı əvvəlcədən çəkiliş aparır, bu isə o deməkdir ki, götür-qoy etmək imkanı var. Ancaq qeyd etmək lazımdır ki, musiqi tərəfi indi daha yüksəkdədir. Yumorla bağlı verilişlər daha teatrallaşıb", - deyə Qusman televiziyadakı vəziyyəti belə izah edib.

 

Bundan əlavə, Yuli Solomonoviç qohumlarının yaşadığı Amerikada psixologiya fənnindən dərs deyib və Moskva universitetlərinin tələbələri ilə məşğul olub. Qusman sadəcə, təqaüdə çıxa bilməz: birincisi, işsiz darıxar, ikincisi isə iş stajına görə aldığı təqadün miqdarı onu qane etmir. "Mən heç kimlə təqaüd haqqında danışmıram. Şikayət etməyi və narahat olmağı xoşlamıram" - deyə teleaparıcı vurğulayıb. – “Pensiya biabırçı həddədir, amma nə etməli?! Taleyimiz belədir”.

 

Tək sevgi

Tamaşaçılar Vladimir Serebrennikovla evli olmasına baxmayaraq, Svetlana Jiltsovanın Aleksanr Maslyakovun həyat yoldaşı olduğunu düşünürdülər

 

60-cı illərdə bütün “kvnçilərin” diktor Svetlana Jiltsovaya görə dəli olduqları barədə şayiələr yayılmışdı. Aparıcı özü də həmin dövrdən danışıb. “Bakıdan gələn komanda çox gülməli idi. Orda Yuli Qusman oynayırdı. İllər sonra o mənə etiraf etdi: “Bilirsən, Sveta, hamımız sənə aşiq idik. Ancaq Lenin kimi sənə yaxınlaşmaqdan qorxurdular”. Məlum oldu ki, onlar məni çox ciddi sayırmışlar", - deyə Jiltsova xatırlayıb.

 

Qusmanın Jiltsovaya simpatiyası olsa da, heç bir tədbir görmədi: diktor evləndiyi müəllimlə xoşbəxt idi. Bundan əlavə, Juli Solomonoviç onunla ömrünün sonuna qədər birlikdə yaşamağa hazır olan bir qadın axtarırdı. Rejissor sevgisini dostları ilə istirahət etməyə gəldiyi Zağulba snatoriyasında tapdı.

 

Validə adlı cazibədar 16 yaşlı əsmər qızın Afrodita kimi dənizdən çıxdığı səhnə Qusmanı valeh etdi. Ancaq Fransadan yenicə qayıdan gözəl qız həmin vaxt 30 yaşına çatmamış kişiyə cavab verməyə tələsmədi: cəmi üç il sonra təsadüfən Bakıda Qusmanla rastlaşan qız görüşməyə razılıq verdi. O andan bəri sevgililər ayrılmadı.

44 ildi Yuli Solomonoviç Validə Muradovna ilə evlidir

 

"Maksimilian tipik bir lorddur - hər zaman "üzr istəyirəm" deyir. Rus dilində sanki Sovet filmində Amerika casusu kimi danışır: "ZdraVSTvuy, dEduşka". Hər şeyi başa düşür, amma güclü aksentlə danışır, baxmayaraq ki, Lola, Valya və dayə hamısı onunla rusca söhbət edirlər. Amma mühit sözünü deyir! İstəyirəm ki, nəvələrim Çexov, İlf və Petrovu orijinaldan oxusunlar", - deyə Qusman bildirir.

 

 

Validə Muradovna fransız dili müəllimi işləyirdi və Yuli Solomonoviç televiziyada, kinoda və teatrda fəal şəkildə karyera qururdu, buna görə sonradan şikayət edərdi: “Çox məşğul olduğumuzdan yeganə qızımız Lolanın həyatında bir çox vacib hadisələri qaçırdıq”.

 

Varis Nyu-Yorkda oxuyub, iki universitet və hüquq fakültəsini bitirib, Rumıniyada təcrübə keçib. Lola britaniyalı marketoloq Ceyms Rid Stüart Bremnerlə evləndikdən sonra Amerikada məskunlaşıb. Cütlüyün Maksimilian və Nadejda adlı uşaqları var. "Bir vaxtlar həyat yoldaşım Validə ilə qızımızın adını anamın şərəfinə Lola qoyduq, indi də uşaqlar körpənin adını həyat yoldaşımın anasının şərəfinə Nadejda qoydular", - deyə Qusman aydınlıq gətirdi.

 

Həyat elə gətirib ki, Yuli Solomonoviç bütün dünyanı gəzib: qızı və nəvələri Amerikada yaşayır, Validə Muradovna Corctaun Universitetində dərs deyib; bir çox dostları İsraildə məskunlaşıb; amma Qusman Rusiya və Azərbaycanı öz evi adlandırır. Yalnız koronavirus pandemiyası artisti səyahətini məhdudlaşdırmağa məcbur etdi.

 

Şayiə

 

Qusman heç vaxt  sağlamlıq problemindən şikayətlənməmişdi, amma 2019-cu ildə ürək əməliyyatından sonra fəaliyyətini azaltmalı olduğu barədə şayiələr yayılmışdı. Həkimlərin qan damarlarını təmizlədikləri və reabilitasiyadan sonra rejissoru evə buraxdıqları iddia olunurdu. Yuli Solomonoviç qəzəbləndi, dedi ki, heç bir cərrahi müdaxilədən söhbət belə gedə bilməzdi, çünki o, var gücüylə növbəti “Nika” mükafatının təqdimatına hazırlaşırdı.

 

Növbəti dəfə keçən ilin avqustunda Svetloqorskda keçirilən "Səsli KiViN-2020"-də Qusmanın görünməməsi tamaşaçılar arasında şayiələrə səbəb oldu. Yuli Solomonoviçin ya Aleksandr Maslyakovla mübahisə etdiyi, ya da ağır xəstələndiyi söylənildi, guya buna görə də festivala qatılmayıb. Sonradan rejissorun özünü əla hiss etdiyi və heç yerə getmədiyi ortaya çıxdı, sadəcə, Yüksək Liqanın oyunları koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınmışdı.

 

Yazda sevənləri rahat nəfəs aldı: yeni oyun mövsümündə, həmişə olduğu kimi, Yuli Qusman münsiflər heyətində idi...

Geri qayıt