Əsas Səhifə > Mənəviyyat > Tanınmış diktordan aparıcılarla bağlı

Tanınmış diktordan aparıcılarla bağlı


3-11-2021, 22:40

“Bir-iki sosial verilişlər var ki, orada aparıcılar özlərini daha azad hiss edirlər. Bəzən tamaşaçı və ya verilişin iştirakçıları ilə o qədər də yaxşı davranmırlar. Biz heç kimin üstünə hakim ola bilmərik. Bizə o haqqı heç kim verməyib. Heç ora gələn qonaq da… Heç kim heç kimi qınaya bilməz, üstünə gedə bilməz ki, sən niyə belə yaşamısan? Çünki onun yaşadıqlarını o özü bilir”.

 AzerTaym.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə “Üzə-düz” verilişində deyib. Aparıcı bəzi həmkarlarını tənqid edib. O bildirib ki, aparıcıların əksəriyyəti verilişə gələn qonaqları təhqir edir:

“Kənardan baxmaq həmişə asandır. Aparıcı tərəf olmamalıdır. Hər kəsi olduğu kimi qəbul etmək lazımdır. Bir də ki, o qərarı ekspert verməlidir, aparıcı yox. Bilirsiz, o verilişlər evdə oturanlar üçündür. Gündüz vaxtı efir yayımıdır, belə də olmalıdır. Sosial proqramlar məişət xarakterlidir, əslində evdə oturan xanımlar üçündür. İş adamı axşam gəlib dincəlmək istəyir, o proqramlar nəyinə lazımdır?! Amma bəzən bizdə tərsinə də ola bilir. Bilirsiz, bəzən efir insanlarına barmağarası baxanlara haqq verirəm. Yersiz hərəkət edən aparıcılara görə təbii ki, xəcalət çəkirik. Onlar olmasa daha yaxşı olar. Məşhurluğu hər kəs daşıya bilmir. Hər kəs özünü ulduz sayır, ulduzlar göydə olur, yerdə yox. Bizim peşənin özünü sevmək lazımdır, amma bəziləri peşənin özünü deyil, ona verdiklərini sevir.

Peşə nə gətirir? Mən heç vaxt məşhurluğumdan istifadə etmədim, ona görə də heç nəyim yoxdur (gülür). Heç kimin qapısını döymədim. Reklam da edə bilmədim nəyisə, amma bu, normaldır. Toya da gedir aparıcılar, bu da normaldır, bəs haradan qazansınlar? Mən toylara getmədim aparıcı kimi, gedənlərdə də qəbahət görmürəm. Bizim böyük sənətkarlarımız da məclislərdə iştirak ediblər, oradan tanınıblar. Məsələ burasındadır ki, bunu daha gözəl şəkildə, ifrata varmadan etmək lazımdır. Baxırsan bir yerdə ciddi veriliş aparır, gündüz haradasa yüngül hərəkətlər edir, ona görə də tamaşaçılar onu ciddi qəbul etmir. Efir bayağılığı sevmir. Tamaşaçı bunu tez hiss edir. Populyar olmaq, tanınmaq, sevilmək demək deyil”.

N.İslamzadə aparıcıların geyimlərini də tənqid edib:

“Aparıcıların geyim məsələsi də ciddi problemdir. Hər verilişin özünə uyğun geyimi olmalıdır. Cəmiyyətdə də hər yerin öz geyimi olmalıdır. Açıq-saçıqlığa gəldikdə isə, bunu müğənni edə bilər. Çünki səhnəyə çıxır, şou göstərir, obraz yaradır. Vallah bilmirəm, əgər o aparıcılar öz atalarının, qardaşlarının yanında elə açıq-saçıq gəzirlərsə, bəlkə ona görə çıxırlar. Bəlkə də mənim bu sözüm kiminsə xətrinə dəyə bilər. Efir qarşısında olmaz. Ola bilər, desinlər ki, bunu başqa ölkələrdə edirlər amma bizdə bu qəbul olunmursa, biz bunu niyə edək? Axı tamaşaçı istəmir… Biz Azərbaycanlı olduğumuzu qoruyub, saxlamağı bacarmalıyıq. Mənim azadlığım, başqasının azadlığı başlayan yerdə bitir. Mənim azadlığım kameranın o tərəfinə kimidir. Ondan sonra tamaşaçılar var. Necə biz onların azadlığını pozub, istəmədiyi şeyi onlara sırıya bilərik?!”.


Geri qayıt