Əsas Səhifə > Mənəviyyat > “Şuşaya köçüb ömrümün qalanını orda yaşamaq istəyirəm“

“Şuşaya köçüb ömrümün qalanını orda yaşamaq istəyirəm“


8-11-2021, 18:59

“Şuşaya köçüb ömrümün qalanını orda yaşamaq istəyirəm“ - Firəngiz Mütəllimova

"44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı".

  Bunu Bakupost.az -a Zəfərimizin bir illiyi ilə bağlı danışarkən Xalq artisti Firəngiz Mütəllimova bildirib.

O, Şuşa barədə təəssüratlarını bölüşüb:

"Hər il yayda Şuşaya gedirdim. Son dəfə 1991-ci ildə atamın 60 illiyini Şuşada qeyd etmişdik. 1992-ci ildə Şuşa işğal olunandan sonra daha gedə bilmədim. Valideynlərim hamısı Bakıya gəldilər, atam isə ən son gələnlərdən oldu. Təsəvvür edin illərdir ki, həyəcanla Şuşanın işğaldan azad olunan gününü gözləyirdik. Dişimiz-dırnağımızla qurduğumuz evi qoyub gəlmişdik. Həmin vaxtlarda mənim 32 yaşım var idi. Tamaşalarımın, işimin ən çox olan vaxtlarında belə bir çətinlik ilə üzləşdik. Amma möcüzələri yaradan ancaq Allahdır.

Əgər mənim arxiv çıxışlarıma baxsaz, hər çıxışımda demişəm ki, Şuşaya qayıdacağıq. Çünki hər gecə yuxumda Şuşanı görürdüm. Görürdüm ki, qaranlıq küçələrdi, mən qaçıram, ermənilər də məni qovur. Hər fəsildə Şuşada olmaq istəyirdim. Yəni o elə bir həsrətdir ki, dünyanın ən ətirli gülünü də gətirsələr Şuşanın ətrini verə bilmir. Şuşa dağın başında sanki müqəddəs şəhərdir.

Müharibə başlamamışdan bir-iki ay əvvəl ürəyimə dammışdı ki, nəsə olacaq. Deyirdim ki, deyəsən müharibə olacaq. Çünki Prezident İlham Əliyevin çıxışına qulaq asırdım, çox sərt danışır və mənfur düşmənlərə qarşı çox əsəbidi. Sonra müharibə başlayanda hamı sevinirdi ki, biz torpaqlarımızı azad edib, qalib gələcəyik. Prezidentimizi hərbi geyimdə görəndə bildim ki, artıq Ali Baş Komandan Şuşanın azad olunma xəbərini verəcək. Elə də oldu, Ali Baş Komandanın “Şuşa sən azadsan” sözləri sanki məni yenidən dünyaya gətirdi. Nə yerdə, nə də göydə idim, necə sevinirdim bir Allah bilir. Hətta mən ağır əməliyyata gedəndə demişdim ki, Şuşa təki alınsın, eybi yox mən işə gedə bilməyim.

Anamın anadan olan günü mayın 12-də Şuşaya getdim. Şuşaya girəndə elə bilirdim ki, qışqıraram, hönkürərəm, amma mən Şuşanı 5 yaşındakı uşaq kimi oxşayıb, sakitcə ağladım. Bir qədər sonra gəldim orada bir otağa girib, hönkürtü ilə ağladım. Amma sonra gözümün yaşını sildim və dedim ki, sən qalib ölkənin, qalib vətəndaşısan Firəngiz! Özünü ələ al! Sən 30 ildən sonra Şuşadasan! Gözlərimin yaşını sildim çıxdım. Həmin anlar həyatımın bəlkə də ən sevincli günləri idi.

Cıdır düzündə əsgərlərimizin düşmənlə vuruşduğu, şəhidlərimizin olduğu yerdə diz çöküb ağladım, torpağı qoxladım, öpdüm ki, ora qəhrəman şəhidlərin, qazilərin, əsgərlərin ayağı dəyib. Mən deyirəm ki, Şuşa müqəddəs şəhərdir.

Ondan sonra Şuşada məhləmizə də getdim. Bizim ev tarixi bina idi və Gövhər Ağa Məscidindən aşağı, bazarın yanında ikinci küçədə yerləşirdi. Təsəvvür edin dağılan binanın daşı belə yoxdur. Evin ortasında ağaclar çıxıb. Hansı ki, mənim aktrisa olmağımda böyük rol oynayan Vaqif kinoteatrı var idi ki, mən o kinoteatrla bu sənətə vurulmuşdum. Həmin kinoteatr, mədəniyyət evi də yerli-dibli mənfurlar tərəfindən dağıdılmışdı. Hansı ki, o mədəniyyət evinə məşqlərə, dərslərə gedirdim. Yenə də içimdə qürur hissi var idi ki, mən Şuşada addımlayıram. Çünki Şuşanın yuxarı tərəflərində artıq tikinti işləri gedirdi. O bizi ruhlandırırdı. İndi ikinci gedişim olsa Şuşanın daha abad, düzəldilmiş halını görə bilərəm. Cıdır düzündə olanda uşaq kimi ora-bura qaçırdım. Bilmirdim nəyi axtarırdım. İtən günlərimi, uşaqlığımı bilmirəm, amma nəyisə axtarırdım.

Fikrim odur ki, inşallah Şuşa tam hazır olub, təhvil veriləndən sonra, bəli mən bundan sonrakı həyatımı gedib Şuşada yaşamaq istəyirəm. Ən böyük arzum isə odur ki, Azərbaycan vətəndaşının heç biri heç nəyə həsrət qalmasın. Ən ağır şey həsrətdir. Allah Ali Baş Komandanımızı, rəşadətli Ordumuzu qorusun. Şəhidlərimizə rəhmət, qazilərimizə isə tezliklə sağalmlıqlarına qovuşmalarını arzulayıram. Onların sayəsində bu 30 illik həsrətə son qoyuldu. Sonda da deyirəm ki, Zəfərin mübarək can Azərbaycan!" 


Geri qayıt