Əsas Səhifə > Mənəviyyat > “İndiyə qədər də onun həbsxanadan qaçmasını böyük bir

“İndiyə qədər də onun həbsxanadan qaçmasını böyük bir


27-12-2021, 20:02

“İndiyə qədər də onun həbsxanadan qaçmasını böyük bir qəhrəmanlıq kimi danışırlar”

Şuşa alınmaz qala idi, çox çətin yerdə yerləşir. Qışı çox sərt keçir. Siz təsəvvür edirsinizmi igid oğlanlarımız Şuşanı necə alıblar? Əlbəyaxa döyüşüblər. Bunun özü böyük bir qəhrəmanlıqdır. O vaxt Ağdamın Əhmədabad kəndində Aslan adında bir kişi var idi. Allah ona rəhmət etsin. Onu həbs etmişdilər, Şuşa həbsxanasında saxlanılırdı. Oradan qaçmaq qeyri-mümkün idi. O həbsxanadan qaçmışdı. İndiyə qədər də onun həbsxanadan qaçmasını böyük bir qəhrəmanlıq kimi danışırlar. Çünki Şuşa alınmaz qala idi”.
 

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Babayev deyib. O daha sonra əlavə edib:
 
“Mən çox xoşbəxt xanəndəyəm, çünki mənim böyük tələbə ordum var. Çox sevinirəm ki, onlar mənim sənətimdən yararlanıb, su içiblər. Təbii ki, belə tələbələrimi görəndə mən də sevinirəm, qürurlanıram. Tələbə müəllimin başını uca etməlidir, bu baxımdan mən tələbələrimdən yarımışam. Xəstə düşən günə qədər Milli Konservatoriyada dərs deyirdim, indi isə evdə müalicə alıram. Elə darıxmışam müəllimlik fəaliyyətim üçün. İnşallah sağalıb, yenidən dərs dediyim konservatoriyaya qayıdaram”, - deyə xalq artisti bildirib.
 
Xalq artisti ən böyük arzusundan da danışıb:
 
“Ağdam mənim ürəyimdə bir böyük kədər, yara idi. İndi isə o artıq əmin əllərdədir. Allah mənə ömür versə istərdim ki, son günümə qədər Ağdamda olum və orada fəaliyyət göstərim. Otağımda yığdığım kolleksiyanı, əşyalarımı da Ağdamdakı otağıma daşımaq istəyirəm. Bu hələ ki, mənim arzumdur, qalanını Allah bilir”, - deyə xalq artisti bildirib.

Geri qayıt