Əsas Səhifə > Mənəviyyat > “Gənclər neyləsin, aləm qarışıb bir-birinə, oturublar “mal”a"

“Gənclər neyləsin, aləm qarışıb bir-birinə, oturublar “mal”a"


8-04-2022, 18:25

 “Gənclər neyləsin, aləm qarışıb bir-birinə, oturublar “mal”a

"Hər şey uşağın özündən asılıdır".

Bunu Yenisabah.az-a Əməkdar artist Gövhər Rzayeva deyib.

O, yeniyetmələr və gənclər arasında narkomaniyanın artmasına təəssüfləndiyini bildirib:

“Gənclər neyləsin, aləm qarışıb bir-birinə, onlar da oturublar “mal”a. Məgər gənclərdə gənclik qalıb ki?! Hamısı tələf olub gedir. Axırı necə olacaq, Allah bilir...

Bu mövzuda valideyn nə etsin? Elə valideyn var ki, çox gözəl valideyndir, amma övladı belə. Hər şey uşağın özündən asılıdır. Bəzən deyirlər ki, uşağım filankəsə qoşuldu, pozuldu. Xeyr! Demək ki, canında var. Uşaq özü ətrafı, mühiti görür, buna uyğun davranmalıdır. Hər şey aşkardır. Gənclər özləri öz cavanlıqlarını tələf edirlər. Hara gedirlər, heç özləri də bilmir. O vaxt ayılırlar ki, artıq çox gecdir”.

Əməkdar artist Gülbahar Şükürlü qeyd edib ki, o gəncləri yalnız xoşbəxt görmək istəyir:

“Allah belələrinə kömək olsun. Heç kəsə, heç kəsin övladına bu bəlanı qismət eləməsin. Narkomaniya o qədər dərin, çox su aparan xəmirdir ki...

Mən bir sənətçi, vətəndaş kimi gənclərimizi xoşbəxt görmək istəyirəm. İndi çox çətin zəmanədir. Gənclərə nəyisə izah etmək çox çətindir. Bəlkə də balaca uşaqlarım olsaydı, bu mövzuda daha çox danışa bilərdim, amma övladlarım böyükdür, hamısı evlidir, özlərinin uşaqları var. Adam yaşamayınca bu bəlanı bilmir.

Gənclərin hamısını xoşbəxt, gözəl ailə şəklində görmək istəyirəm. Biz musiqiçilər yalnız xoşniyyətli şeylər arzulayırıq. İstəyirik ki, hər evdən toy səsi gəlsin, əllərdə xonçalar görək. Biz gənclərin yalnız sağlamlığını və ruzisini istəyirik. Məsəl var: “Qonşuda bişər, bizə də düşər”. Gənclər nə qədər yaxşı yaşasalar, bizə də xeyirdir”.


Geri qayıt