Əsas Səhifə > Mənəviyyat > Ədalətin qapısını açan İsim:

Ədalətin qapısını açan İsim:


Dünən, 20:25

media-1ba6230e-228f-4e7a-9709-f2b1c6849a6c

Əl-Adl – Ədalətin Özü Olan Allah

 

“Əl-Adl” – bu ad, Allah-Təalanın ən gözəl isimlərindən biridir. Bu isim Onun zatında, sifətlərində və fellərində mütləq ədalət sahibi olduğunu bildirir. O, heç vaxt zülm etməz. Çünki zülm başqasının haqqına girməkdir, lakin bütün varlıq Onun mülküdür. Haqqı olan yalnız Odur və Ona qarşı zülm nisbət vermək – məntiqsiz və qəbuledilməzdir.

Dünyada insanlar çox zaman haqsızlığa məruz qalır, zülmlə qarşılaşır. Lakin bu zülmlərin fövqündə bir ad var: Əl-Adl. O, zərrə qədər belə haqsızlıq etməz. Quranda buyurulur:

“Allah heç kəsə zərrə qədər də zülm etməz. Əgər edilən yaxşılıq dənə boyda olsa, Allah onun mükafatını verər və Öz tərəfindən böyük bir mükafat da verər.”

– Nisa surəsi, 40

Bəzən bir qəlbin sükutu, bir könlün ağrısı görünməz. Amma Əl-Adl olan Allahın ədaləti bunların da qeydinə qalır. Zülm edənin zülmü, səbir edənin səssizliyi belə unudulmur. O, xardal dənəsi qədər əməlləri belə hesabdan qaçırmaz:

“Qiyamət günü üçün doğru tərəzilər quracağıq. Heç kəsə haqsızlıq edilməz. Bir xardal dənəsi qədər olsa belə, onu da gətirərik. Biz hesab çəkənlər olaraq kifayətik.”

– Ənbiya surəsi, 47

Əl-Adl ismi, mömin üçün həm ümid, həm ölçü, həm də istiqamətdir. Allah ədaləti, yaxşılığı, qohum-əqrəba və möhtaclara kömək etməyi əmr edir. Haqsızlıq, əxlaqsızlıq və azğınlıqdan çəkindirir. Bu, yalnız fərdi deyil, eyni zamanda ictimai nizamı təmin edən bir ədalətdir.

Bəzən Allaha iman etmiş möminin halı da qəribə olur. Çünki haqq ilə yaşamaq, nəfsin deyil, ruhun səslərini dinləmək deməkdir. Ədalətlə yaşadıqca həva əhli onu darıxdırıcı, soyuq və anlaşılmaz görə bilər. Amma o, bilir ki, əsl həyat bu deyil, əsl məqam əbədi ədalət qarşısında cavab verməkdir.

Əl-Adl – zərrə qədər zülm etməyən, hər işi hikmət və haqq üzərində olan Rəbbimizin adıdır. Bu ad, həm rahatlıq verir, həm də bir məsuliyyət daşıyır. Çünki biz də Onun ədalətinə uyğun yaşamaqla, öz həyatımızda ədaləti təcəlli etdirməliyik.

Zalımlara endirilən ilahi cəzalar – Əl-Adl isminin bir təcəllisidir. Bəşər tarixində haqqı tapdalayan, zülm və azğınlıqda həddi aşan toplumların aqibəti, Allahın Əl-Adl isminin necə zahir olduğunu açıq şəkildə göstərir. Nuh qövmü, Ad və Səmud tayfaları, Fironlar, Nemrudlar, Qarunlar – hamısı Rəbbin ədalətinə tuş gəlmiş və layiq olduqları sonla qarşılaşmışlar. Harada bir günahkar cəzasını çəkibsə, orada bu müqəddəs ad təcəlli etmişdir.

Qurani-Kərim bu həqiqəti belə bəyan edir:

“Qarunu, Fironu və Hamanı da həlak etdik. Halbuki Musa onlara açıq-aşkar möcüzələr gətirmişdi. Amma onlar yer üzündə təkəbbür göstərdilər və Bizim əzabımızdan qurtula bilmədilər. Biz onlardan hər birini öz günahına görə yaxaladıq: birinin üzərinə daşlar yağdıran külək göndərdik, birini qorxunc bir səs yaxaladı, birini yerin dibinə batırdıq, birini də suda boğduq. Allah onlara zülm etmədi. Əksinə, onlar özlərinə zülm etdilər.”
(Ənkəbut surəsi, 39–40)

Bu ayələr bizə göstərir ki, Allahın hesabı bizim nəzdimizdə gecikmiş kimi görünə bilər, lakin heç vaxt unudulmaz. Əl-Adl ismi, zalımların məhvində, haqqın bərpasında və hər bir ilahi təqdirin gerçəkləşməsində zahir olur. O, heç bir zülmü cavabsız buraxmaz.

Kainatdakı möhtəşəm tarazlıq, nizam və ölçü də Əl-Adl isminin başqa bir təcəllisidir. Gecə ilə gündüzün nizamı, su ilə torpağın vəhdəti, insanın yaradılışındakı mükəmməllik – bunların hamısı bizə göstərir ki, bu aləm ədalət üzərində qurulub. Heç nə təsadüfi deyil, hər şey bir ölçü və hikmət içindədir. Bu nizamın sahibi – Əl-Adl olan Allahdır.

islamevi.az


Geri qayıt