Əsas Səhifə > Müsahibə > ELDAR NAMAZOV:“Bəlkə, bizi daha böyük hərbi əməliyyatlar gözləyir?”

ELDAR NAMAZOV:“Bəlkə, bizi daha böyük hərbi əməliyyatlar gözləyir?”


26-04-2016, 15:43

eldar namazov

Azərbaycan prezidentinin katibliyinin keçmiş rəhbəri Eldar Namazov "Amerikanın Səsi"nə müsahibəsində cəbhədə son döyüşlər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında səylər və gözləntilərdən danışıb.

 – Rusiya prezidentinin təkidi ilə Azərbaycan və Ermənistan cəbhədə aktiv hərbi əməliyyatları dayandırdı. Amma Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevana səfərinin yekunlarında Ermənistanın sülhə razılığı barədə danışmadı. Sizcə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması perspektivləri varmı?

– Perspektivlər var. Ancaq o, Lavrovun səfəri ilə bağlı deyil. 22 il davam edən danışıqların təcrübəsi göstərdi ki, indiyənə kimi perspektiv ondan ibarətdir ki, Azərbaycan Ordusu Dağlıq Qarabağın ətrafında işğal olunmuş əraziləri azad etməyə qadir olduğunu, Azərbaycanın siyasi rəhbərliyinin də belə bir əmr verməyə siyasi iradəsi olduğunu sübut etsin. Aprelin əvvəlində baş verən müharibə nəticəsində danışıqlara xeyli yeni bir nəfəs gətirildi. Artıq ermənilər nəzərə almalıdırlar ki, sülh yolu ilə torpaqlar azad olunmasa Azərbaycan Ordusu öz sözünü deyib həmin torpaqları azad edə bilər. Perspektiv bundadır. Ancaq bununla bağlı nə vaxt siyasi qərar qəbul ediləcək, hansı şəraitdə qəbul olunacaq, bunu hələ indidən demək çox çətindir. Bəlkə bizi daha böyük hərbi əməliyyatlar gözləyir? Ermənilər bir daha əmin olsunlar ki, status-kvonu qoruyub saxlaya bilməyəcəklər və torpaqlar azad olunmalıdır.

– Yenidən gündəliyə gətirilən Kazan təkliflərinin əsas prinsipləri nədir? Bu, yenilənmiş Madrid sənədindən nə ilə fərqlənir? Sizcə, bu, Rusiyanın siyasi güc nümayişi demək deyilmi?

– Madrid prinsipləri artıq açıqlanıb. ABŞ-ın Minsk qrupundakı sədri cənab Uorlik Vaşinqtondakı Karnegi fondunda keçirilən təqdimatda Madrid sənədinin üç prinsipə və altı elementə əsaslandığını açıqlayıb. Hər bir prinsipi, hər bir elementi ətraflı şərh edib. Kazan sənədi isə hələ bu günədək mətbuata açıqlanmayıb. Kazan sənədi haqqında yalnız müxtəlif şayiələr gəzir. Rus politoloqları deyir ki, Kazan sənədi də Madrid prinsiplərinə əsaslanır. Ancaq biz bilirik ki, həmin sənəd bizi qane etmədi. Dolayısı yolla bizə çatan məlumatlara görə, orada ermənilərin əsas tələbi Dağlıq Qarabağda yaşayan ermənilərə referendum hüququ vermək və hətta həmin referendumun vaxtının müəyyənləşdirilməsi məsələsində Azərbaycanın maraqlarına tam zidd təkliflər var idi. Həmin sənəd bu günə kimi hələ qəbul olunmayıb. Ona görə də indi dördgünlük müharibədən sonra həmin sənədə qayıtmaq – yenidən Kazan sənədinə qayıtmaq sadəcə mümkün deyil. Azərbaycan əvvəldən də o sənədlə razılaşmayıb. Azərbaycan Ordusu da bu, son zamanlarda öz gücünü nümayiş etdirəndən sonra biz Kazan sənədinə çətin ki razılıq verək. Ona görə ki, burada hansısa yeni bir ideyalar meydana gələ bilər. Mən əminəm ki, Lavrovun Ermənistanda müzakirə etdiyi sənəd Kazan sənədinin əsasında ola bilər, ancaq onu tam təkrarlamır. Orada ciddi yeniliklər var.

– Aktiv hərbi əməliyyatların yenidən başlanması regionda münasibətlərə hansı yeniliklər gətirə bilər? Bu aktiv əməliyyatlar sülhə təkan verə bilərmi?

– Dünya təcrübəsində biz görürük ki, uzun müddət həll olunmayan münaqişələrin həlli bəzi hallarda belə bir hərbi əməliyyatlardan keçir. Həmin hərbi toqquşmalar konflikti yeni bir müstəviyə qaldırır. Yeni bir durumda yeni şərtlər əmələ gələndən sonra onu həll etmək daha asan olur. Burada İsrail-Misir müharibəsini yada salmaq olar, başqa bir hadisəni də yada salmaq olar. Burada da biz görürük ki, 22 ildir danışılar gedirdi, heç bir nəticə vermirdi. Orada iki əsas şərt var idi. Bir şərt bizə aiddir, bir şərt ermənilərə aiddir. Bizə aid şərt o idi ki, güc tətbiq etmək lazım deyil, məsələ sülhlə həll olunmalıdır. Ermənilərə qoyulan şərt o idi ki, status-kvonu saxlamaq olmaz. Torpaqlar azad olunmalıdır. Biz 22 il bizə aid olan şərtə əməl etdik. 22 ildir ermənilər onlara aid olan şərtlərə əməl etmirlər. Artıq elə bir vəziyyət yaranmışdı ki, ermənilərin mövqeyi sırf provokativ-aqressiv olmuşdu. Yəni "torpaqlarınızı azad etmək istəyirsinizsə, müharibə edin. Biz, ermənilər sülh yolu ilə torpaqları azad etməyəcəyik". Bu, artıq Azərbaycanı məcburiyyət qarşısında qoyur ki, güc tətbiq etmək haqqında çox ciddi düşünsün.

– Sizcə, Ermənistanda ictimai-siyasi fikri sülhə hazırlamaq üçün nə edilməlidir? Aktiv hərbi əməliyyatların başlanması Ermənistanda daxili vəziyyətə hansı təsirləri edə bilər?

– Bu, son 4 günlük müharibədən sonra Ermənistan cəmiyyətinin özündə bir çaxnaşma var. Onlar da sual axtarılar ki, həqiqətən Azərbaycan Ordusu belə güclüdürsə, bundan sonra ermənilər nə etməlidir? Ermənilər axıra qədər durmalıdırlar ki, Azərbaycan Ordusu torpaqları azad etsin? Onda hamı başa düşür ki, biz Dağlıq Qarabağın hər hansı ciddi statusu haqqında danışmayacağıq. Öz gücümüzlə torpaqları azad edəcəyiksə, onda Xankəndinin üzərində Azərbaycan bayrağı olacaq və orada Azərbaycan administrasiyası oturacaq. Ona görə Ermənistan cəmiyyətinin özündə də indi çox ciddi mübahisələr gedir. Çoxları xatırlayır ki, 90-cı illərin axırlarında o dövrdəki Ermənistan prezidenti Levon Ter Petrosyan öz xalqına müraciət etmişdir ki, Azərbaycan güclənəcək. Azərbaycan zəngin neft ölkəsidir, iqtisadiyyatına yüz milyardlarla dollar gələcək, onların bir hissəsi hərbi-sənaye kompleksinə, ordunun güclənməsinə sərf ediləcək. Nəhayət, Azərbaycan Ordusu o qədər güclü olacaq ki, o vaxt bizə təklif edilən şərtləri artıq Azərbaycan gələcəkdə təklif etməyəcək. Ona görə də o, öz xalqına müraciət etmişdi ki, gəlin, sülh yolu ilə, mərhələli planla Azərbaycanla kompromisə gedək. Mən güman edirəm ki, bu, indi də düzgün yoldur. Bu yola Ermənistan qayıtmalıdır. 1998-ci ildə razılıq verdikləri mərhələli plana onlar yenə də qayıtmalıdır. Buna nail olmaq üçün Azərbaycan Ordusu da öz sözünü deməlidir, Azərbaycan diplomatları da öz işlərini görməlidir.


Geri qayıt