Əsas Səhifə > Müsahibə > Xalq artisti: “Elə gəlinin saçından tutub sürüyərəm”

Xalq artisti: “Elə gəlinin saçından tutub sürüyərəm”


20-05-2016, 14:42

Bu dəfə “Təhminə” filmindən danışacağıq. Tamaşaçıların maraqla izlədiyi bu film Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanıəsasında – 1993-cü ildə ekranlaşdırılıb. Baş rollarda xalq artisti Fəxrəddin Manafov, türkiyəli aktrisa Meral Konrat çəkilib.

 

Filmdə əsərin baş qəhramanları olan Zaur və Təhminənin sevgisindən bəhs olunur. Onlar mühafizəkar cəmiyyətlə qarşı-qarşıya gəlirlər. Tanınmış professorun oğlu ata-anası olmayan Təhminəyə dəlicəsinə vurulur. Zaurun anası Zivər xanım və atası buna qarşı çıxır. Övladı olmadığına və  aralarındakı soyuqluq səbəbiylə ərindən boşanan Təhminə Zaurla birlikdə yaşamağa başlayır. Bundan sonra hər gün Zivər xanım telefonla zəng edərək onu təhqir edir. Zahirən cazibədar olduğundan işlədiyi və getdiyi hər məkanda kişilərin diqqətini özünə çəkən Təhminə Zaurun qısqanclığına səbəb olur...

 

Filmdə Zaurun qayınanası, Spartakın anası (Aliyə) rolunu canlandıran xalq artisti Elmira Şabanova ilə 23 il əvvələ qayıtdıq.

 

Aktrisanın Publika.az-a müsahibəsini təqdim edirik.

 

- Rasim Ocaqov məni bu filmdə Aliyə roluna dəvət edəndə tərəddüd etdim. Çünki mənim ürəyimdən keçən Zivər obrazı idi. Rasim müəllimin yanına gedib xahiş etdim ki, mənə Zivər rolunu versin. O da qətiyyətlə etiraz etdi.

 

- Nə deyib etiraz etdi?

 

- Dedi ki, sənin üzündə nur var, sən Zivəri təbii yarada bilməzsən.

 

- Niyə Zivər rolunda oynamaq istəyirdiniz ki?

 

- İstəyirdim özümü fərqli ampluada sınayım. Tamaşaçıları yaxşı mənada təəccübləndirmək istəyirdim. Çünki Zivər mənim tam əksim idi. Rasim müəllimə yalvar-yaxar etdim ki, vallah, mən Zivəri Zərnigardan da gözəl oynayaram. Demirəm Zərnigar pis oynadı, xeyr, gözəl aktrisadır, çox da təbii oynayıb. Sadəcə olaraq, mən də öz potensialımı ortaya qoya bilərdim. Mən Zərnigardan da betər ifritəyə çevrilərdim. Mənim də oğlum bir qadına vurulub, ata-anasını atıb gedərdisə, o qadını bilirsiniz nə günə qoyardım? Elə ifritəyə, canavara  çevrilərdim ki, üzümü görmə. Nəinki zəng edib söyərəm, elə gəlinin saçından tutub sürüyərəm. Amma Rasim Ocaqov mənə inanmadı. Zahiri sakitliyim buna mane oldu. Məcbur olub Aliyəni oynadım.

 

- Film necə qarşılandı?

 

- Tamaşaçılar  “Təhminə”ni çox bəyəndilər. Amma fikirlər müxtəlif oldu. Kimisi Təhminənin ölümünə kədərləndi, kimisi də vecinə almadı. Dedilər ki, gəzəyən qadın idi, fahişənin yaşamasındansa, ölməyi yaxşıdır. Əslində, Təhminə cəmiyyətin qurbanına çevrilən qadın idi, ətraf onu anlamırdı. Avropadan fərqli olaraq Azərbaycanda içki içən, siqaret çəkən və kiminləsə eşq yaşayan qadınlara fahişə kimi baxırlar. Kişilər o qadınla oturub-durur, içki məclisində yeyib-içir,  amma aralananda arxasınca deyir ki, əşşi, fahişədir də.

 

- Bəs sizin bir aktrisa olaraq Təhminəyə münasibətiniz necə idi?

 

- Sözün açığı, əsərlə ekran işi arasında böyük fərq var. Mən düşünürəm ki, əsər filmdən güclüdür. Mən Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərini oxuyanda üç gün gözümün yaşını axıtmışdım.

 

- Niyə ki?

 

- Təhminəyə yazığım gəlirdi. Romanda Təhminə heç də əxlaqsız qadın deyil, ərindən ayrılan və Zauru sevən bir qadındır. Amma filmdə rejissor Təhminəni başqa cür təqdim edib. Təhminə hələ ərindən boşanmayıb, amma Zaurla sevgilidir. Mən filmə çəkiləndən sonra fikrim büsbütün dəyişdi. Əvvəllər yazığım gələn Təhminəyə daha yazığım gəlmirdi. Ona gəzəyən qadın kimi baxırdım.

 

- Bayaqdan kişiləri qınayırdınız, demək ki, qadınların da Təhminəyə münasibəti kişlərdən fərqlənməyib…

 

- Təbii ki, biz cəmiyyətdən təcrid olunmamışıq. Əslində, Təhminənin bir günahı vardısa, o da Zauru dəlicəsinə sevməyi idi. Amma Zaur bu sevgini valideynlərinə qurban verdi. Hər halda, ana uşağı idi. Elə film çəkiləndən sonra Təhminənin tərəfində olan tamaşaçılar Zauru ana uşağı sayırdılar.

 

- Sizcə, niyə Təhminə roluna görə Türkiyədən Meral Konrat dəvət olundu?

 

- Əslində, Rasim Ocaqov əvvəlcə “Çalıquşu” filmində oynayan Aydan Şənəri çəkmək istəyirdi. Həmin vaxt Aydan Şənər bu təklifi qəbul etmədiyi üçün Meral Konrat dəvət olundu.

 

- Aydan Şənər niyə çəkilmək istəmədi ki?

 

- Yataq səhnəsinə görə. Çünki o vaxt Aydan təzə ailə qurmuşdu və deyəsən, həyat yoldaşı buna icazə verməmişdi.

 

- Bildiyim qədər azərbaycanlı aktrisalar da bu filmə dəvət alıbmış, amma yataq səhnəsinə görə qəbul etməyiblər…

 

- Onu deyə bilmərəm, bəlkə də belə olub. Rasim Ocaqov zahiri görünüşə də fikir verirdi. O, Təhminə obrazını məhz türk aktrisalarında görə bilmişdi.

 

- Fəxrəddin Manafovun həyatda Meral Konratla sevgili olması xəbəri doğrudurmu?

 

- İstəmirəm Fəxrəddinlə aramızda narazılıq yaransın. Keçək başqa suala.

 

- Onda oğlunuzdan – Spartakdan danışaq…

 

- Spartak vurub-yıxan, qazanan oğuldur, mən onu filmdə çox istəyirəm. Əslində, Spartak Təhminəyə əl tutur, onun dərmanlarını alır. Sadəcə olaraq, Zaur Təhminəni ona qısqanır. Onu da deyim ki, mən Füzuli Hüseynovu Zaur roluna daha çox yaraşdırırdım.

 

- Niyə?

 

- Çünki çox yaraşıqlı və gözəgəlimli idi.

 

- Fəxrəddin Manafov Füzulidən az yaraşıqlı idi ki?

 

- Fəxrəddin ana uşağına bənzəmirdi. Onda kişi xarakteri daha güclü idi. Amma qərarı verən rejissor idi. Rasim Ocaqov Fəxrəddini çox istəyirdi və bütün filmlərində baş rola onu çəkirdi.

 

- Yəqin siz də bilirsiniz ki, əsərlə bağlı müxtəlif şayiələr gəzir. Deyilənə görə, yazıçı Anar öz həyatını yazıb…

 

- Mən də bu barədə eşitmişəm. Hətta mən bununla bağlı Anara sual da vermişəm.

 

- Maraqlıdır, nə soruşdunuz?

 

- Dedim ki, Anar müəllim, mən əsəri oxuyanda gözümün qabağına siz gəldiniz. Siz də ziyalı, tanınmış bir ailənin övladı olmusunuz. O da qayıtdı ki, məndən nəsə var, amma Zaur mən deyiləm.

 

- Qızınızı da Zaura ərə verməkdən ötrü yaman əl-ayağa düşmüşdünüz? Elə hey Firəngizi tərifləyirdiniz. Bəs həyatda necə anasınız?

 

- (Gülür) Təriflidirsə, tərifləyirəm, tənqid lazımdırsa, tənqid edirəm.

 

- Rasim Ocaqov çəkiliş meydançasında necə rejissor idi?

 

- Çox tələbkar. Aktyor onu qane etmirdisə, qışqırırdı, əsəbiləşirdi. Amma onun istədiyi kimi oynayanda əhvalı yüksək olurdu. Məsələn, mənimlə heç vaxt problem olmurdu, yəqin istədiyi kimi oynayırdım, ona görə.

 

-  Çəkiliş vaxtı maraqlı hadisələr yaşandımı?

 

- Yeyib-içmək səhnəsini çəkəndə bir neçə dəfə fasilə verməli olduq. Masanın üstü ləziz yeməklərlə dolu idi. Aktyorlar da ac idi, arada əllərini atıb nəsə yeyirdilər. Rasim müəllim əsəbiləşirdi ki, heç kim masaya əl uzatmasın, yeməyi yeyib qurtarsanız, mən boş masanı çəkəcəm? Amma elə ki, rejissor çəkiliş elan edirdi, hamı başlayırdı yeməyə. Ac idilər axı. Filmdə gözəl heyət çəkilib: Həsən Məmmədov, Məlik Dadaşov, Zərnigar Ağakişiyeva… Ocaqovun digər filmləri kimi “Təhminə” də milli kinomuzun ən gözəl nümunələrindən biri sayılır. Yaxşı ki, belə filmlərimiz var.

 

 * Fotoları təqdim edirik

 


Geri qayıt