Prezidentlərin növbəti görüşündən ƏSAS GÖZLƏNTİ - illüziya və gerçəklik

Prezidentlərin növbəti görüşündən əsas gözlənti - illüziya və gerçəklik

İyun danışıqlarında nəticə moderatorluğu kimin edəcəyindən asılı olacaq; Qarabağ məsələsinə nəzarət uğrunda ABŞ-Rusiya rəqabəti güclənə bilər; erməni politoloq: “Biz müharibəni uduzmuşuq, bu, açıq-aydındır...” 

 

Azərbaycan və Ermənistan prezidentlərinin iyunda görüşəcəyi barədə məlumat ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təsdiqlənib. Həmsədrlər belə bir bəyanatı Azərbaycan və Ermənistanın xarici işlər naziri - Elmar Məmmədyarov və Edvard Nalbəndyanla müvafiq olaraq, mayın 31 və iyunun 2-də ayrı-ayrılıqda keçirdikləri görüşlərdən sonra veriblər. 
 
Lakin görüşün konkret tarixi və yeri ilə bağlı hələlik konkretlik yoxdur. Bəzi ehtimallara görə, prezidentlərin budəfəki təması Parisdə baş tuta bilər. Ancaq bundan da vacibi, əlbəttə ki, görüşün gündəliyidir. Növbəti görüş, nəhayət, əvvəlkilərdən fərqli olaraq, konstruktivliyi ilə yadda qalacaq, Qarabağa dair sülh prosesini dalandan çıxara biləcəkmi?
Bu sual hələ ki, açıq qalır. Yalnız o bəllidir ki, vasitəçilər ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kasprşikin ofisinin səlahiyyətlərini genişləndirməyi və atəşkəsə nəzarət mexanizmini gücləndirməyi nəzərdə tutan təklifləri tərəflərə təqdim ediblər. Lakin gün kimi aydındır ki, bu mexanizmlərin tətbiqi Azərbaycan torpaqlarının azad edilməsi ilə paralel surətdə getməsə, növbəti birbaşa təmas da hər hansı ciddi nəticə olmadan başa çatacaq. O halda isə müharibə ehtimalı ikiqat artacaq.
*** 
Məsələ də ondadır ki, Qarabağ konflikti zonasında müharibə ehtimalı heç vaxt olmadığı qədər indi növbəti görüşə bağlanıb. Belə bir vəziyyətdə Azərbaycanın öz hərbi potensialını yüksək səviyyədə saxlaması, ələlxüsus da qardaş Türkiyə ilə, İsraillə, Pakistanla, digər müttəfiq ölkələrlə hərbi əməkdaşlığını genişləndirməsi mühüm önəm kəsb edir. 
Türkiyənin yeni baş naziri Binəli Yıldırımın ötən həftə Bakıya yeni vəzifədə ilk səfəri və bu səfər zamanı bəyan elədiyi “Azərbaycanın dostları bizim dostumuz, düşməni bizim düşmənimizdir” sözləri yerinə düşür və qardaş ölkənin bütün hallarda ölkəmizin yanında olduğunu bir daha nümayiş etdirir. Bu bəyanat, təbii ki, daha çox işğalçı Ermənistan və onun əsas müttəfiqi Rusiyaya ünvanlıdır. 
*** 
Ermənistanda isə bu arada 4 günlük müharibənin şoku davam edir. Qəribədir ki, bir yandan orada problemin həllini sürətləndirmək çağırışları səslənirsə, o biri yandan, Qarabağ məsələsində radikal və maksimalist mövqe tutmağın vacibliyi təbliğ edilir - daha çox da hakimiyyət dairələri daxili ictimai rəyi radikal ovqatda saxlamağa səy edir. 
Tanınmış erməni analitiklərindən olan İqor Muradyan Ermənistandakı mövcud ictimai-siyasi durumu və qarşıdakı Qarabağ danışıqları ilə bağlı gözləntiləri şərh edib. Muradyana görə, Minsk Qrupu mövcud olduqca Qarabağ məsələsində heç bir ciddi dəyişiklik baş verməyəcək. 
1 in.am portalına müsahibəsində o deyib: “Minsk Qrupu tamamilə faydasız bir strukturdur və bunu amerikalılar yaxşı başa düşür. ABŞ imkan olan kimi prosesi bütünlüklə öz nəzarətinə götürmək istərdi. Bu, baş verməsə, situasiya əvvəlki kimi qalacaq, real sülh olmayacaq. Kim deyir ki, Minsk Qrupu lazımdır, o ya səmimi deyil, ya da Qarabağ məsələsində onun başqa marağı var”.
 
Politoloq bununla belə, indilikdə Ermənistanda anti-Rusiya ovqatına rəğmən, ölkənin güclü şəkildə Rusiyaya bağlı və ondan asılı olduğu qənaətindədir: “Etirazlar dönəmi artıq keçib. Belə etirazlar heç nə verməyəcək. Əsas problem - Rusiyadan asılılıqdır. Əgər bu asılılıq olmasa, əgər biz Avrasiya Birliyi və KTMT-dən çıxsaq, buradan rus bazasını çıxarsaq, o zaman bizim üçün bundan sonra mövcud olmaq imkanı yaranacaq. Bu baza bizim inkişafımız önündə çox ciddi maneədir. Bu baza Qərbi qıcıqlandırır. Nədən danışırlar-danışsınlar, mütləq həmin bazanı xatırladırlar. Bu, adi baza deyil, Gürcüstan, Türkiyə və Ermənistan məsələsində kəşfiyyat mərkəzidir”.
Yeni müharibə ehtimalından danışan Muradyan bir sıra erməni siaysilərindən fərqli olaraq, sərt gerçəkliyi dilə gətirib: “Bu dəqiqə müharibə olacağını düşünmürəm, ancaq mühüm bir məsələ var: mən heç kimin xətrinə dəymək, silahlı qüvvələrimizin imkanlarını şübhə altına almaq istəmirəm, ancaq biz bu müharibəni uduzmuşuq. Bu ki açıq-aydındır. Nə əldə eləmişik? Biz hazırda öz generallarımızla bağlı məsələni həll edə bilmirik. Onları istefaya göndərir, həbs edirlər. 4 günlük müharibəyə kimi belə şey yox idi. Müharibəmi bunu üzə çıxarmalı idi? Ola bilsin, bu, sadəcə, nümayişkaranə aksiyalar və ya istəkdir. Amma mən radikal səyləri görmürəm”.
Erməni analitik rəsmilərin 4 günlük savaş zamanı itirilən ərazilərin geri qaytarılacağı barədə vədlərini də ciddi saymır: “Mən təsəvvür edə bilmirəm ki, bu torpaqlar necə qaytarılacaq. Fikrimcə, bunlar boş söhbətlərdir. Ordunu silahlandırmaq, elementar texnika ilə təchiz eləmək lazımdır. Biz müharibəni uduzmuşuq. Ona görə ki, bizim əsas silah təchizatçımız Rusiyadır. Rusiya bizə lazım olan hər şeyi verdimi? Azərbaycana, bəli, verdi və aydın oldu ki, Azərbaycanın üstünlüyü var. Biz başqa ölkələrdən silah almayınca, heç bir uğurumuz olmayacaq. Bu gün KTMT-də bizimlə olan ölkələr müttəfiq yox, düşmənlərdir. Belarus, Qazaxıstan, Rusiya - bizim düşmənlərdir”.
*** 
Ancaq Muradyan da, digər erməni siyasi şərhçiləri və iqtisadçı ekspertləri də yaxşı bilirlər ki, işğalçı ölkənin başqa dövlətlərdən keyfiyyətli və müasir silahlar almağa maliyyə imkanları Azərbaycan kimi deyil, yox həddindədir. Yəni Moskva icazə versə belə, acından ölən Ermənistana belə silah-sursatı heç kim nisyə və ya güzəştlə verməz. İqtisadiyyatını düzəltmək üçünsə Ermənistandan Qarabağ probleminin təcıli həlli, heç olmasa, Azərbaycanın bir neçə rayonunun qeyd-şərtsiz boşaltması tələb olunur. Buna isə Sərkisyan rejimi hazır deyil, çünki hakimiyyətini itirməkdən qorxur.
Bu mənada Ermənistan həqiqətən də böyük bir iqtisadi-siyasi bataqlığın içindədir. Ona indi özündən savayı heç kim kömək etmək gücündə deyil. Hətta Ermənistan möcüzə nəticəsində Rusiyanın ağuşundan qopub Qərbə sığınsa, yenə də əraziləri boşaltmadan hər hansı iqtisadi uğura nail ola bilməyəcək.






Fikirlər