Əsas Səhifə > Siyasət > Milli Şura fiaskosu - müxalifət xalqı
Milli Şura fiaskosu - müxalifət xalqı10-04-2017, 09:55 |
“Nə qədər təbliğat aparılsa da, xalq küçələrə çıxmayacaq, çünki...” Son illərdə Azərbaycan müxalifətinin keçirdiyi icazəli aksiyaları belə xalqın boykot etdiyinin şahidi olmaqdayıq. Müxalifətin mitinqlərindəki iştirakçıların sayı hətta əvvəldən müəyyən edilir, ən yaxşı halda 2 minə yaxın etirazçının olacağı deyilir və mitinq günü bunun şahidi oluruq.Bu hal Milli Şuranın aprelin 8-də “Məhsul” stadionunda keçirdiyi icazəli aksiyada bir daha özünü göstərdi. Şəhərin mərkəzində, “İnşaatçılar” metro stansiyasının yaxınlığında, əvvəlcədən təhlükələrin olmayacağı bilindiyi halda aksiyaya 2 minə yaxın insan gəldi. İddialara görə, həmin insanların böyük bir hissəsi də mitinqə xaricə qaçıb getmək üçün şəkil çəkdirməyə gələnlərdir. İqtisadi böhranın getdikcə dərinləşdiyi, xalqın problemlərinin başından aşdığı bir zamanda vətəndaşların, narazı kəsimin belə aksiyaya qatılmaması müxalifətin fiaskosu idi. Mitinq uğursuzluğunu tək bir siyasi qurumun üzərində fokslaşdırmaq da əslində düzgün deyil. Belə ki, indiki şəraitdə heç bir müxalif qurumun xalqı kütləvi şəkildə meydanlara toplamağa gücü yetmir. Müxalifət vahid şəkildə birləşib seçkilərdə iştirak etdiyi 2013-cü ildə belə meydana 5 mindən artıq etirazçı toplaya bilmədiyinin şahidi olmuşuq. Müxalifətin uğursuzluğu ilə bağlı ən müxtəlif fikirlər var. Çoxları buna görə müxalif düşərgənin özünü günahkar hesab etsə də, bunun əksini düşünüb, xalqı öz problemlərinə biganəlikdə günahlandıranlar da var. Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, mitinqə aparan yollar fərqli olmalıdır: “Görünür, yeni taktikalar, yanaşmalar ortaya çıxarmaq lazımdır. Xalq müxalifətin bir yerdə olmasını istəyir, ayrı-ayrı qüvvələrin nəsə edə biləcəyi qənaətində deyil. Hamının bir yerdə ola biləcəyi və ondan doğan kütləviliyin marağındadır. Xalqın müxalifətdən qaçma anlayışı doğru deyil. Sadəcə olaraq müxalifət doğru taktika sərgiləmir. Bu artıq bizim qəbahətdir. Amma istənilən halda xalqın müxalifətlə bir yerdə olması üçün kifayət qədər səbəblər var. Burada yeganə çıxış yolu birlik deyil, başqa səbəblər də var. Bunu mətbuat vasitəsilə danışmaq fikrində deyiləm. Çoxsaylı variantların olmasını deyə bilərəm. O variantlar üzərində müxalifət doğru-dürüst düşünməlidir. Hər kəs fikirləşməlidir ki, kütləviliyə gedən yolun fərqli sistemi olmalıdır. Bunlar olmadığı sürəcdə ya orta, ya da orta səviyyədən aşağı aksiyalar olacaq”. ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, mitinqlərə gəlməməyə səbəb xalqın özündədir: “Xalq bu dəqiqə siyasi fəallıq nümayiş etdirmir. Bunun da çox ciddi səbəbi var. Xalqı müəyyən proseslərə cəlb edən kollektiv şüurdur. O çox dərinlikdədir və biz onu bilmirik. Xalqın şüurunda belə bir fikir formalaşır ki, indiki halda kütləvi iştirak onun xeyrinə ola bilməz. Ona görə də nə qədər təbliğat aparırsansa apar, xalq küçələrə çıxmayacaq. Əgər başqa zamanda xalq şüurunda aktiv iştirakın səmərəliyini anlayacaqsa, o zaman müxalifətə ehtiyac olmayacaq. Xalqın özü meydanlara çıxacaq. Bu baxımdan indiki halda mitinqlərdə iştirakçıların sayını o amillə əlaqələndirmək lazımdır ki, xalq aktivliyin onun maraqlarını təmin etməyəcəyini görür və buna görə aksiyalara gəlmir. Düşünürlər ki, bu mitinqlər müxalifətin özünün fərdi maraqlarına xidmət edir. Bunun elmi izahı budur. Xalq iştirak etməməsini müxtəlif səbəblərdən izah edə bilər. Amma o insanın deməyindən asılı olmayaraq, bilmək lazımdır ki, kollektiv şüuru ona deyir ki, iştirakın xeyri yoxdur. İnsan da istəyinə həmişə meyllidir. İndi insanlar şüurlu şəkildə proseslərə gəlmirlər. Niyə gəlmədiyini dəqiq bilmədiyinə görə, müxtəlif səbəblər deyir. Gah müxalifətin nüfuzdan düşdüyünü, gah da qorxduğunu deyir. Əslində bunlar onun fəaliyyətsizliyinin yalançı səbəbləridir. Həqiqi səbəb şüurunun ona doğru yol göstərməsidir ki, bu mitinqlərlə gözlədiyin heç bir nailiyyət qazana bilməyəcəksən”.
Geri qayıt |