Əsas Səhifə > Siyasət > Deputatların MANDATDAN məhrum edilməsi
Deputatların MANDATDAN məhrum edilməsi15-12-2017, 09:58 |
Milli Məclisinin deputatının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi qaydası müəyyənləşib. Modern.az-ın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr edilir. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində uzun sürən müzakirələrdən və deputatların etirazından sonra Seçki Məcəlləsinin 175-ci maddənin 3-cü bəndində dəyişiklik edilib. Dəyişikliyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndləri ilə yanaşı, 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi ilə bağlı Milli Məclisin İntizam Komissiyası rəsmi məlumat verərək,Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək. Daha sonra isə MSK-da deputatın mandatdan məhrum edilib-edilməyəcəyi müzakirə olunacaq və bu barədə qərar qəbul ediləcək. Deputat MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Xatırladaq ki, Konstitusiyanın 89-cu maddəsinin 6-cı və 7-ci bəndi müvafiq olaraq aşağıdakı kimidir: 6-cı bənd: deputat Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) pozduqda; 7-ci bənd: deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda. Qeyd edək ki, Seçki Məcəlləsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə ediləcək..
Geri qayıt |