Əsas Səhifə > Siyasət, Slayd > YENİ HƏBSLƏRƏ FƏRMAN! – Sırada daha “böyük başlardır”…
YENİ HƏBSLƏRƏ FƏRMAN! – Sırada daha “böyük başlardır”…17-07-2015, 12:33 |
![]() Prezident İlham Əliyevin Azərbaycan Beynəlxalq Bankı ilə bağlı iyulun 15-də imzaladığı fərman borclu oliqarxlar, eləcə də bankda kredit məsələlərinə məsul olan rəhbər şəxslər üçün yeni “həyəcan siqnalı” olub. Məlumdur ki, fərmanla bankın problemli aktivlərinin alınması və idarə edilməsinin maliyyələşdirilməsi, dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi və sair məsələlərlə bağlı qərar vermək “Aqrarkredit”in rəhbəri Məmməd Musayevə həvalə olunub. ![]() Cahangir Hacıyevin mart ayının 18-də istefasından sonra iqtidar kreditlərin qaytarılması ilə bağlı ciddi tədbirlərə əl atıb, həbslər başlayıb. Beynəlxalq Bankdan yüz milyonlarla kredit alan və geri qaytarmayan onlarla sahibkar həbs olunub, onlardan 43 nəfəri vaxtı keçmiş kredit borclarını ödədikdən sonra sərbəst buraxılıblar. Borcların ödənilməsindən sonra iş adamlarından bəziləri barəsində seçilmiş həbs-qətimkan tədbiri məhkəmə qərarı ilə dəyişdirilib. Son rəsmi məlumata görə, sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edir ki, bu da Beynəlxalq Banka olan borcun heç minimum həddi də deyil. Xatırladaq ki, külli miqdarda kredit borcunu ödəmədikləri üçün Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılanlar sırasında tanınmış iş adamları Nizami Piriyev, Hacı İbrahim Nehrəmli və başqaları da olub. Avropa Oyunları səbəbindən həbslər nisbətən səngisə də, prezidentin fərmanında qoyduğu tələblər bir daha təsdiq edir ki, iqtidar dövlət bankını boşaldanları qətiyyən bağışlamaq niyyətində deyil. Əksinə, indi sırada daha “böyük başlardır”… Prezidentin fərmanında kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərini araşdırmaq, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün hüquq-mühafizə orqanları ilə birlikdə tədbirlər görmək tapşırılıb. Bu, həm də o deməkdir ki, həbslər sırası Beynəlxalq Bankda kredit verilməsinə birbaşa məsul olan şəxslərə çatıb. İyul ayının 22-də bankda Müşahidə Şurasının iclası keçiriləcək və fərmanda nəzərdə tutulduğu kimi, bankın yeni İdarə Heyəti rəhbəri müəyyənləşəcək. Məlumatlara görə, sədr postuna iki əsas namizəd var: “Aqrarkredit” ASC-nin rəhbəri Məmməd Musayev və “Azərtürkbank”ın İdarə Heyətinin sədri Elmar Məmmədov. Fərman belə düşünməyə əsas verir ki, M.Musayev elə əvvəlki işində qalacaq. Bu halda isə maliyyə naziri Samir Şərifovun yaxın dostu, əvvəllər “Kapital Bank”ın rəhbərliyində çalışan Elmar Məmmədovun İdarə Heyətinə sədr gətirilmə şansları daha çoxdur. ![]() Redaksiyamıza verilən məlumata görə, həbs ediləcək rəhbər şəxslər sırasında kredit xətlərinin, akkreditivlərin, qarantiyaların açılması və rəsmiləşdirilməsi sahələrinə birbaşa nəzarət edən Fuad İslamovun adı ilk sırada çəkilir. C.Hacıyevin biznes imperiyasının və şirkətlərinin maliyyələşdirilməsi üçün xarici maliyyə-kredit təşkilatlarından vəsaitlərin cəlb edilməsi birbaşa F.İslamov tərəfindən icra olunub. O, C.Hacıyevin biznesinin incəliklərini bilən ən yaxın adamlarından sayılır. Bu xidmətləri müqabilində uzun illərdir ki, ona geniş maddi imkanlar yaradıb. ![]() Bankın daha bir direktoru Elmir Həbibullayevin də istintaqa cəlb edildiyi barədə məlumatlar var. O, fiziki şəxslərlə iş üzrə məsul baş direktordur. Eyni zamanda fiziki şəxslərə kreditlərin verilməsi onun nəzarəti altında həyata keçirilib. Məlum olduğu kimi, C.Hacıyevin şirkətlərində çalışan minlərlə əməkdaşların adına bir çox hallarda onların xəbəri olmadan milyonlarla kredit rəsmiləşdirilib. Elmir Həbibullayev maliyyə nazirinin birinci müavini, baş nazir Artur Rəsizadənin qohumu İlqar Fətizadənin kürəkəni olsa da, onun məsuliyyətdən yayınması çətin olacaq. Uzun müddət kredit komitəsinin sədri vəzifəsində çalışan, iri kreditlərin rəsmiləşdirilməsini həyata keçirən Akif Əliyevin də bankdan uzaqlaşdırılacağı və məsuliyyətə cəlb ediləcəyi haqda bilgilər var. O da C.Hacıyevin Dubaydakı və digər ölkələrdəki biznesinin kreditləşməsinin icrasına birbaşa nəzarət edib. ![]() Prezidentin fərmanında diqqət çəkən daha bir məqam da var. Fərmanda qeyd olunur ki, Beynəlxalq Bank “səmərəsi aşağı olan riskli investisiya layihələrini” maliyyələşdirib ki, bu da vəziyyətinin pisləşməsinə səbəb olub. Səmərəsi aşağı riskli investisiya dedikdə isə ağla ilk gələn “Avesta” konserninin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin paytaxt yaxınlığında saldığı “Xəzər adaları” olur. Məlumdur ki, bir neçə gün həbsdə qaldıqdan sonra borclarının bir qismini qaytaran iş adamı şərtlə azadlığa buraxılıb. Özünün etiraf etdiyi kimi, onun banka hələ 430 milyon manat borcu qalır. “Xəzər adaları” Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilirdi. ![]() Bu həm də o deməkdir ki, yaxın günlərdə iş adamının yolu yenidən təcridxanadan keçə bilər… “Yeni Müsavat” Geri qayıt |