
“Hər kəs istədiyi dairədən namizədliyini irəli sürə bilər. Qüdrət Həsənquliyevin də istənilən dairədən namizədliyini vermək imkanı və hüququ var. Buna qarşı çıxmaq doğru hal deyil”. Bu fikirləri modern.az-a açıqlamasında V çağırış Milli Məclisin deputatı Səməd Seyidov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin onun deputat olduğu dairədən - 36 saylı Xətai dördüncü seçki dairəsindən namizədliyini verməsi xəbərinə münasibət bildirərkən deyib. Səməd Seyidovun sözlərinə görə, onun özünün namizədliyini irəli sürüb-sürməməsi Yeni Azərbaycan Partiyasının açıqlayacağı siyahıdan asılıdır: “Bildiyiniz kimi, YAP-ın üzvüyəm. Bu gün ərzində YAP-ın siyahısı açıqlanmalıdır. O zaman həmin siyahıda adımın olub-olmayacağını siz də biləcəksiz. Əgər YAP-ın siyahısında adım olarsa, o zaman hansı dairədən namizədliyimi verəcəyim də bəlli olacaq”. Yayılan xəbərlərə görə, V çağırış Milli Məclisin deputatı Səməd Seyidov bu dəfə başqa dairədən namizədliyini irəli sürəcək. YAP-ın onu 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsinə göndərəcəyi söylənilir. Qeyd edək ki, 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsini V çağırış Milli Məclisdə bitərəf deputat Ülviyyə Ağayeva təmsil edir.
Geri qayıt
|