Əsas Səhifə > Siyasət > Paşinyanın “iki stul” siyasəti dalana dirənib

Paşinyanın “iki stul” siyasəti dalana dirənib


6-06-2021, 10:52

Paşinyanın “iki stul” siyasəti dalana dirənib

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan budəfəki Avropa səfərindən də “suyu süzülə-süzülə” qayıtdı. Ayrı nəticə gözlənilmirdi də. Öz problemlərini onun-bunun belinə yükləyib tüfeyli həyat tərzi keçirməyi xoşlayan cırtdan Ermənistan üstəlik, öz kaprizləri ilə də iri dövlətləri bezdirib.

Formal dövlətin rəhbəri Paşinyan üçüncü ildir ölkəsini hiyləgərcəsinə dünyaya həm qərbyönlü, “demokratik” kimi sırımağa və bu zaman Qərbdən böyük maliyyə-siyasi dəstəyi qoparmağa çalışır, həm də Rusiyanın forpostu qismində qalmaqla Kremlin dəstəyini itirməməyə çalışır. Yəni çox istəyir ki, “ərköyün” Ermənistanın bir “əlindən” Rusiya tutduğu kimi, o birindən də Qərb yapışsın. Qərblə Rusiyanın bir-birini didməsi isə ermənilərin vecinə də deyil.

Paşinyanın “iki stul” siyasətindən hazırda nə Qərb, nə də ələlxüsus Ermənistanın əsas varlıq qarantı olan Rusiya məmnundur. Hər iki güc mərkəzi sözsüz ki, bunu hər an satqınlığa hazır olan ermənilərin məkri olduğunun yaxşı fərqindədir. O səbəbə Avropa və ABŞ İrəvana real kömək əli uzatmaqdan öncə ona Rusiya orbitindən uzaqlaşmağı tövsiyə edirsə, Moskva da “doveryay, no proveryay!” (“Etimad göstər, amma sına!”) müdrik rus deyimi ilə hərəkət edir, ermənilərin zatıqırıq bir tayfa olduğunu daima göz önündə tutur...

*****

“Paşinyan Qərbə ”qarmaq" atmağa çalışır. Bu, aydındır. O, Rusiyaya əmin deyil, daha doğrusu, lap əvvəldən də öz strategiyasını və siyasi fəaliyyətini Moskvaya bağlamayıb".

“Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı politoloq Qriqori Trofimçuk Minval.az-a müsahibəsində Paşinyanın son Fransa səfərini şərh edərkən söyləyib.

Onun fikrincə, Nikol Paşinyanı Qərbin, konkret olaraq Makronun Ermənistana münasibətdə ehtiyatlı davranışı çəkindirir: “İrəvana anladırlar ki, yalnız Ermənistan KTMT və Avrasiya Birliyindən uzaqlaşandan sonra onunla daha sıx iş birliyi mümkün ola bilər. Paşinyanı 10 noyabr tarixli üçtərəfli saziş də qane eləmir. Görünən odur ki, Qərb tərəfdaşları onu pul və silahla bol təmin eləsəydi, o, lap elə indicə yeni müharibəyə başlayardı. Ancaq orada hələ tələsmirlər. Makrondan isə Qarabağla bağlı yalnız ümumi sözlər eşidilir”.

*****

“Mən həmişə Nikol Paşinyanı qərbpərəst siyasətçi hesab etmişəm və indi də düşünürəm ki, onun əsas məqsədi Ermənistandakı rusiyapərəst elitaları məhv etmək və Rusiya ilə tam siyasi və iqtisadi qırılmaya nail olmaqdır”.

Bunu isə rusiyalı tarixçi və siyasi analitik, professor Oleq Kuznetsov söyləyib.

Kuznetsova görə, Paşinyan ölkədəki bütün rusiyapərəst qüvvələri məhv etmək üçün Ermənistanı tam məqsədli və sinik şəkildə hərbi darmadağın, rüsvayçılıq və alçaldılma yolu ilə aparır. “Onun bütün hərəkətlərini məhz bu əsas hədəfə çatmağın məntiqi diktə edir. Hazırda Paşinyanın Rusiyaya loyallığı Ermənistandakı seçkiqabağı vəziyyətlə əlaqədardır. Ancaq öz hakimiyyətini qoruyan kimi onun siyasəti daha qabarıq şəkildə qərbyönlü çalarlar qazanacaq. Buna əminəm”, - deyə analitik vurğulayıb.

“Avropa Birliyi məsləhət, Rusiya - silah və kreditlər verir. Beləcə yaşayırıq”.

Rusiyalı digər tanınmış analitik İqor Korotçenko özünün telegram kanalında Ermənistan və onun çoxbaşlı və riskli oyun oynayan rəhbərliyinin hazırkı durumuna 2 cümlə ilə bu cür ironik şərh verib.

Razılaşmamaq çətindir. Ermənistan və onun xalqı bir əsrdən çoxdur onun bunun əlinə baxmaqla, dilənməklə, dotasiyalarla, tüfeyli həyat tərzi keçirməklə özünün mövcudluğunu saxlayır. Hələ üstəlik, qonşu xalqların torpaqlarına göz də dikir...

*****

Paşinyan seçkilər ərəfəsi Avropanı gəzməyində ikən isə Ermənistan sosial-iqtisadi böhran quyusunun dibinə doğru uçuşunu davam etdirir. Çünki böhrandan çıxmaq üçün nə hakimiyyət, nə də onun qatı əleyhdarları - radikal müxalifət rasional proqram, “yol xəritəsi” təklif eləmir. Hamı 20 iyun seçkilərini gözləyir. Guya həmin tarixdən sonra möcüzə baş verəcək. Guya iqtidara indiki revanşist müxalifət gəlsə, Ermənistan ağ günə çıxacaq. Təbii ki, belə şey olmayacaq. Ta ki, gerçək qurtuluşun Bakı ilə sülh anlaşmasında olduğuna əminlik hasil edilənə qədər.

Bu arada Ermənistanın Mərkəzi Bankının rəhbəri Martin Qalstyan ölkənin xarici borcunun ÜDM-in kritik həddini (60%) keçərək, 63%-ə çatdığını (təxminən 8 milyard dollar) bildirib. O, bunu ilk növbədə pandemiyanın yaratdığı çətinliklər və digər “obyektiv” amillərlə izah edib.

Öz növbəsində erməni iqtisadçı-ekspert Atom Markaryan “Sputnik-Ermənistan”a ölkənin dövlət borclarının artma səbəbləri və tendensiyasından danışarkən deyib ki, “pandemiya və onun ardınca gələn lokdaun (daxili klidlənmə - red.), iqtisadi blokada, xarici bazarlarla əlaqələrin kəsilməsi - bütün bunlar mövcud vəziyyətə gətirib çıxarıb”.

“Dövlət büdcəsinin kəsiri faktiki ən yüksək həddi keçib və proqnozlar göstərir ki, indiki templər qalarsa, o, artmağa davam edəcək. İkinci amil Qarabağdakı 44 günlük müharibədir. Bu vəziyyətdə fors-major maliyyə injeksiyalarına ehtiyac var. İstənilən halda, dövlət borcunun artması yaxşı heç nə vəd etmir”, - deyə o xəbərdarlıq edib.

Erməni iqtisadçının sözlərinə görə, dövlət borcuna bütün ciddiliyi ilə yanaşmaq lazımdır. “Lakin yüksək istehsal və ixrac potensialına sahib, səmərəli idarə olunan iqtisadi sistem olmadığından, hökumət sabitlik baxımından yaxşı heç nə vəd etməyən daxili mənbələrin hesabına bunu etməyə çalışır”, - Markaryan əlavə edib.

İkinci Qarabağ savaşından darmadağınla çıxan işğalçı Ermənistanın siyasi elitasi isə hələ də xilası uzaq Qərbdə və mifik “Türk təhlükəsi”nə qarşı Rusiyaya sığınmaqda, ölkədə Rusiya hərbi mövcudluğunu gücləndirməkdə görür. Beləcə, İrəvan “çəkiclə zindan” arasında qalmaqda davam edir. Bu durumdan qurtuluşun tək formulu masa üzərində ola-ola...
“Yeni Müsavat”


Geri qayıt