Əsas Səhifə > Siyasət > Azərbaycan İrəvan məsələsini qaldıra bilər?

Azərbaycan İrəvan məsələsini qaldıra bilər?


13-01-2022, 20:08

Azərbaycan İrəvan məsələsini qaldıra bilər? - “Ortada sənəd var” 

Əgər ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də 100 dəfə daha çox əsasımız var, nəinki onların ərazi bütövlüyümüzü tanımaması üçün”.

 

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlət başçısı tarixi hüquqi sənədlərdən də bəhs edib:

“Dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. YəniErmənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə buna hazırıq. Amma qarantiya verə bilmərəm ki, bu, 6 aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”.

Prezidentin səsləndirdiyi fikirlərə əsaslansaq, bu gün Ermənistan tərəfi, əgər barışığa və sühə razı olmursa, Azərbaycanın tarixi əraziləri geri qaytarma məsələsini gündəmə gətirə bilər. Bu nə dərəcədə realdır?

Yenisabah.az-a danışan tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik Akademiyasının (DİA) tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova dövlət başçısının çıxışındakı tarixi məqamaları rəy bildirib. 

“Azərbaycan Respublikası özünün dövlət müstəqilliyini 18 oktyabr 1991-ci ildə bərpa etmək haqqındakı Konstitusiya aktını qəbul edərkən özünü Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi elan edib. “Hüquqi varis” ifadəsi işlənməsə də, ümumən “varis” ifadəsinin Konstitusiya aktından təsbit olunması və bundan sonrakı sənədlərdə də öz əksini tapması Azərbaycan Respublikasına AXC ilə bağlı məsələlərə iddia etmək hüququ vardır. 

AXC-nin süquta uğramasından sonra Azərbaycan SSR-in imzaladığı Qars müqaviləsi indiyə kimi qüvvədədir. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsində də məhz Qars müqaviləsinin qüvvədə qalması, ona istinad edilməsi öz əksini tapıb”.

“Azərbaycan SSR-in imzaladığı, 20-ci illərdə Ermənistana verilmiş ərazilərlə bağlı sənədlərə yenidən baxmaq, ən azı yenidən gündəmə gətirmək mümkündür. Çünki hazırda məğlub durumunda olan Ermənistan Respublikasının regionda sülhün bərqərar olmasına nəinki səy göstərmir, əksinə, hər gün 10 noyabr atəşkəs bəyanatını pozur. Belə olan halda Azərbaycan öz maraqlarını müdafiə etməlidir.

Nəzərə alsaq ki, AXC dönəmində Azərbaycan ərazilərində yaradılmış Ararat Respublikasının Osmanlı imperiyası ilə bağladığı Batumi müqaviləsi var. Həmin müqavilədə erməni dövləti öz ərazisində yaşayan müsəlmanların təhlükəsizliyi ilə bağlı öhdəlik götürüb. İstər Ararat Respublikası, istərsə də Ermənistan SSR zamanında öz əzəli torpaqlarında yaşayan azərbaycanlılar daim nəinki təqibə, sıxışdırılmağa məruz qalmış, eləcə də, öz dədə-baba torpaqlarından zorakılıqla, qətlə yetirilərək sonuncu nəfərinə qədər qovulublar” – deyə tarixçi vurğulayıb.

“Bu baxımdan Azərbaycan Respublikası Ermənistanın siyasətini təhlil edərək məsələni geniş müstəvidə qoya bilər. Yəni beynəlxalq hüququn verdiyi imkanlardan faydalanmaq məcburiyyətində qalacaq. Baxmayaraq ki, Azərbaycan dəfələrlə bəyan edib ki, qonşu ərazilərdə qalmış Azərbaycan ərazilərinə iddia etmir. 

1918-ci ilin mayın 29-da Azərbaycan Milli Şurası Erməni Milli Şurası ilə danışıqlar nəticəsində İrəvan şəhərini siyasi mərkəz kimi Birinci Erməni Respublikasına güzəştə getməyə məcbur qalıb. Erməni tərəfi bunu dansa da, ortada sənəd var –Batumidə gedən danışıqlarda bunu yalnız ermənilər və azərbaycanlılar yox, Türkiyə və gürcü nümayəndələri iştirak edib. Hətta erməni tərəfi bunun qarşılığında öhdəlik götürüb ki, Gəncə quberniyasının dağlıq hissəsinə, yəni Qarabağa iddia etməyəcək.

Sonralar onlar nəinki buna əməl etdi, əksinə, daha irəli gedən ərazi iddialarıyla çıxış etdilər.

Azərbaycanın həmin tarixi və hüquqi sənədlər əsasında beynəlxalq hüquq çərçivəsində məsələni qaldırmasına imkan verən çox qiymətli mənbələrdir. Bunları bizim diplomatlar və siyasətçilər danışıqlar prosesində fəal şəkildə istifadə etməlidirlər”, - deyə tarixçi fikrini yekunlaşdırıb.


Geri qayıt