Əsas Səhifə > Siyasət > “RUSİYA YENİDƏN MƏĞLUBİYYƏTƏ DÜÇAR

“RUSİYA YENİDƏN MƏĞLUBİYYƏTƏ DÜÇAR


14-01-2022, 13:36

Qazaxıstanın geosiyasi əhəmiyyəti böyükdür,əgər qlobal qarşıdurmanın Avropadan Asiyaya keçməsini nəzərə alsaq, onda bu ölkənin əhəmiyyəti daha da artacaq. Tüstülənən inqilab və Rusiya ordusunun Qazaxıstanda peyda olması böyük dövlətlər arasındakı çəkişmədəki qüvvələr nisbətini dəyişə bilər.

Qazaxıstanla əlaqədar ABŞ və Çinin hər birinin öz güclü kartları və təsir imkanları var. Qazaxıstan lideri Nursultan Nazarbayev böyük güclər arasında balans yaradaraq müəyyən qədər müstəqil xarci siyasət yürüdürdü, amma indi hər şey büsbütün dəyişə bilər.

Qazaxıstan ilk növbədə zəngin təbii sərvətə malik tranzit ölkədir, orada iri neft yataqları var, bundan başqa dünya uran hasilatının 40 %-i Qazaxıstanın payına düşür. İğtişaşlar başlayandan sonra neftin və uranın qiyməti yüksəldi, amma Qazaxıstan hakimiyyəti əmin edirdi ki, hasilatda kəsinti olmayacaq(Hasilatçı şirkətlərin fəhlələri etirazçılarla həmrəy olduqlarını bildirirdilər).

Qazaxıstandakı xüsusi önəm daşıyan obyektlərdən biri 1955-ci ildə yaradılmış Baykonur kosmodromudur. Rusiyanın kosmik gəmiləri məhz buradan kosmosa uçur. Keçmişdə Semipalatinsk yaxınlığındakı nüvə poliqonu da mühüm əhəmiyyətə malik olub.

 

 

Çinin “Bir zolaq-bir yol” layihəsində Qazaxıstan böyük qovşaq rolu oynayır. Həmin marşurut İran, Türkiyə və Rusiyaya şaxələnir və yekunda bu yolların hamısı Qərbi Avropaya gedir.

Rusiyalılar Qazaxıstanı “rus dünyası”nın bir hissəsi hesab edirlər və Ukrayna hadisəsində olduğu kimi böyük səhvə yol verirlər. Kremlə yaxın politoloqların sözlərinə görə, orada hamı rusdillidir və ya əhalinin rus kökləri var və buna görə də Rusiya ilə birləşmək arzuolunanıdır. Əslində müstəqil rus ekspertlərinin və həmçinin də müxalifətçilərinin bu məsələyə münasibətdəki mövqeləri rejim nümayəndəlrinin yanaşmalarından çox az fərqlənir. Şimali Qazaxıstanın Rusiyaya birləşdirilməsinə nəinki Vladimir Jirinovski, hətta Aleksandr Soljenitsin də çağırış edirdi.

 

 

Bu arada onu da deyək ki, rusdilli və rus kökləri olan qazaxıstanlılar var ki, onlar ruspərəst mövqedə dayanmırlar və öz dövlətlərinin Rusiyaya birləşdirlməsini qətiyyən qəbul etmirlər. Ancaq bəllidir ki, Putin rus azlığının mövcudluğunu(onun sayla bağlı söylədiyi rəqəmlər hədsiz şişirdilib ) yaxın dövlətlərə müdaxiləyə və ya onların Rusiyanın təsir zonasına daxil edilməsinə əsas səbəb kimi görür.

Əlbəttə, Rusiya prezidenti ilk növbədə Ukrayna, Belarusiya və ya Qazaxıstan əhalisi barədə yox, öz ölkəsi barədə düşünür. Onu keçmiş sovet respublikalarında ən çox qorxudan şey rəngli inqilablardır, hakimiyyətin saraydan deyil, küçədən dəyişməsidir. Hazırda Putinin reytinqi prezidentliyi dövrünün ən aşağı səviyyəsindədir və bu, Rusiya prezidenti üçün ölümcül təhlükədir.

Rusiyanın Qazaxıstana 2500 hərbçi göndərməsi qazaxları bərk qəzəbləndirib. Qısa və ortamüddətli perspektivdən baxdıqda bu qəzəb hissi xüsusi bir geosiyasi əhəmiyyət kəsb etmir. Lakin uzunmüddətli perspektivdə bu, Qazaxıstanın Rusiya təsirindən qurtulması baxımından həllədici faktor ola bilər. Rus ordusu qazaxları qorxutmaq üçün çağırılmışdı, amma bu, əks effekt verdi. Rusiya bu hərəkətləri ilə mədəni və mənəvi cəhətdən yenidən məğlubiyyətə düçar olub. Ruslar artıq bunu anlamağa başlayıblar və ona görə də ilkin imperiya jestlərini arxa plana çəkməyə çalışırlar(Qoşunları geri çağırırlar).

 

 

Amerikalılar və çinlilər öz iqtisadi maraqlarına ziyan dəyməsindən qorxaraq, “narahat olduqlarını” bildirir, ”zorakılığa yol verilməməlidir” kimi bəyanatlar səsləndirməklə kifayətlənirlər. Biznes sakitlik sevir, harada ki “rus dünyası”nın çarlıq etmə təhlükəsi yaranır, orada total korrupsiyanın tüğyanı başlayır.

Görünən odur ki, prezident Tokayev güclü xarakterə malik şəxs deyil, çünki o, praktiki olaraq dərhal kömək üçün Rusiyaya müraciət etdi. Ola bilər ki, Tokayev ətrafından və ələlxüsus da təhlükəsizlik orqanlarından ehtiyatlanıb. Ümumiyyətlə, Tokayev bir günün içində əsas administrativ binaları və aeroportu silahlılardan təmizələmək, minlərlə insanı həbs etmək üçün əlavə qüvvəyə ehtiyac duyub.

 

 

Hələlik qazaxıstanlılar geri çəkiliblər, yüzlərlə insanın həyatına son qoyulub, lakin etirazlar tam şəkildə sönməyib, aradan qaldırılmayıb. Əgər Tokayev hakimiyyətini saxlayarsa, o zaman iki yol tuta bilər. 

Birincisimodernləşməyə başlayacaq və xammal resurslarından əldə olunan gəlirləri cəmiyyətin bütün təbəqələri arasında bərabər şəkildə böləcək.

İkinci yol isə polis dövləti qurmaqdır. 

Birinci yol orta sinfin meydana gəlməsinə imkan verəcək(İlkin olaraq iqtisadi, sonra isə azadlıq sahəsində). Əgər ikinci yol tutularsa, ölkədə yenidən iğtişaş və üsyanlar baş qaldıracaq.

Sivilizasiya baxımından Rusiyadakı rejim qazaxıstanlılara az şey verə bilər, axı, onun əsas ixrac məhsulu avtoritarizm və xammal resurslarıdır, bu isə Qazaxıstanın özündə kifayət qədərdir.

Kreml 1994-cü ildə cəlb etdiyi altı postsovet respublikasından ibarət “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”ndan, yəni “Varşava Müqaviləsi Təşkilatı-2” və ya “cib anti-NATO”-dan ilk dəfə istifadə edib.

Bəlkə də Rusiya Belarus və Ukrayna hadisələrindən nəticə cıxararaq Lukaşenko ilə Paşinyanın hərbçilərini ona görə yanına alıb ki, Qazaxıstana qoşun yeridilməsində KTMT pərdəsi arxasında gizlənsin.

Əsas məsələ Qazaxıstana hücum edən xarici işğalçıların kimliyi olub. Tokayev terrorçulardan, Rusiya televiziyası Əfqanıstandakı islamçılardan, Kreml isə rəngli inqilablardan danışıb. Amma bu bəyanatların müəllifilərinin özləri də dediklərinə inanmadıqlarını gizlədə bilməyiblər.

Hazırda hamı Qazaxıstandakı son hadisələrin Ukryana ətrafında yaranmış vəziyyətə necə təsir göstərəcəyi barəsində düşünür. Bildiyimiz kimi Rusiya Ukrayna ilə sərhədə 100 min əsgər yığıb.

Belə bir fikir var ki, Moskva eyni anda iki əməliyyat apara bilməz. Əgər Qazaxıstandakı inqliab yenidən alovlansa, o zaman Ukrayna rahat yata bilər.

“Onet.pl” - (Polşa)

Tərcümə: “AzPolitika.info”


Geri qayıt