Əsas Səhifə > Siyasət > Bu səfər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional təhlükəsizliyin
Bu səfər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional təhlükəsizliyin3-04-2025, 23:07 |
Beynəlxalq birliyin ən fəal üzvlərindən olan Azərbaycan regionda və dünyada uğurlu siyasət yürüdərək, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, irimiqyaslı infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Azərbaycan bir çox Avropa dövlətləri, o cümlədən Almaniya ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. 2018-ci ildə Almaniyanın sabiq Kansleri Angela Merkel Azərbaycana səfərə gəlmişdi. Bakıya növbəti tarixi səfəri isə cari ilin aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer həyata keçirdi. Bu səfər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Əminliklə vurğulamaq olar ki, Azərbaycan - Almaniya münasibətləri bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır. Eldar ASLANOV, s.e.f.d., dosent.
Geri qayıt |