Əsas Səhifə > Siyasət > Putinin İstanbul planı: Hiyləgər təklifin arxasında
Putinin İstanbul planı: Hiyləgər təklifin arxasındaBu gün, 13:48 |
Kremlin, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski arasında İstanbulda görüş keçirmək üçün bir sıra şərtlər irəli sürəcəyi ilə bağlı ehtimallar var. Bu şərtlər arasında ABŞ-ın tərəflər arasında dialoqu konstruktiv istiqamətdə aparacağına dair vədi də mövcuddur. Birincisi, Rusiya Vaşinqtonun İstanbuldakı danışıqların necə davam edəcəyinə dair baxışını öyrənmək istəyir. İkincisi, ABŞ Prezidenti Donald Tramp Zelenskiyə öz şər və rəzil şousunu göstərməsinə imkan verməməlidir. Görüşün üçüncü şərti Trampın dialoqu əvvəlcədən razılaşdırılmış hansısa konstruktiv istiqamətdə aparacağını vəd etməsi olacaq. Rusiyanın əsas planı nədir? Globalinfo.az-a danışan politoloq Natiq Miri bildirib ki, Rusiya prezidenti danışıqlar prosesini manipulyasiya etməyə çalışır: “Əvvəlcə danışıqlara başlamaq üçün 30 günlük atəşkəs təklifi irəli sürüldü. Bu təklif həm Ukrayna, həm də bəzi Qərb ölkələrinin fikri ilə üst-üstə düşürdü. ABŞ da bu şərtlərlə razılaşmışdı. Hətta Rubionun açıqlaması da mövcud idi ki, Rusiya mütləq 30 günlük atəşkəs şərtini qəbul etməlidir. Lakin Putin vəziyyətdən çıxış yolu kimi heç bir şərt olmadan İstanbulda görüş təklifini irəli sürdü. Bu təklif, 30 günlük atəşkəsə alternativ olaraq verilmişdi. Təəssüf ki, ABŞ və Avropanın nümayiş etdirdiyi birlik dərhal Donald Tramp tərəfindən pozuldu. Tramp, İstanbulda görüşlə bağlı Zelenskiyə təzyiq edərək, bu görüşə razılıq verməsini tələb etdi. Zelenski isə rəsmi Vaşinqtonun dəstəyini itirməmək üçün bu təklifi qəbul etdi. Növbəti dəfə atəşkəs təklifini pozan isə Rusiyadır”. Politoloq qeyd edib ki, mart ayının 11-dən başlayan atəşkəs danışıqları hər dəfə müxtəlif bəhanələrlə pozulur və bunun qarşısını almaq üçün fərqli alternativlər ortaya qoyulur: “Donald Tramp, Putinin ABŞ-la oyun oynadığını hiss etdi və bundan sonra Rusiya və Ukrayna liderlərinin birbaşa danışıqlarına deyil, nümayəndə heyətlərinin görüşünə təklif etdi. Rusiya əslində müharibəni dayandırmağa hazır deyil. Bu oyunun nə zaman bitəcəyinə isə Donald Trampın mövqeyi qərar verəcək. Rusiya prosesi uzatmağı və daha çox ərazi ələ keçirməyi planlaşdırır. Lakin hələlik bu, mümkün görünmür”.
Geri qayıt |