Vicdanın TALEyi - Etibar Cəbrayıloğlu YAZIR...

Nəhayət ki, mənim də adımı siyahıya saldılar… Sevinməyə dəyər, niyə də yox?

İstedadlı jurnalist Taleh Şahsuvarlı sosial şəbəkədə paylaşdığı statusda mənim də adımı çəkib. Özü də kimlərlə yanaşı!
Mehman Cavadoğlu, Rəşad Məcid, İsrail Musayev, İlqar Əlfioğlu, Yaşar Əliyev, Fəxri Uğurlu, Hikmət Sabiroğlu, Azər Qaraçənli, Yusif Rzayev, Sevil Nuriyeva, Nurani, İlhamiyyə Rza, İbrahim Nəbioğlu, Şahvələd Çobanoğlu, Cəmaləddin Quliyev, Anar Niftəliyev, Əvəz Zeynallı, Seyfəddin Hüseynli, Nurşən Quliyev… kimi peşəkar jurnalistlərlə bir sırada xatırlanmaq qürurvericidir. Bu nəzakətli jestinə görə Taleh bəyə minnətdarlığımı yetirirəm. Amma və lakin…

Taleh Şahsuvarlı ənənəsinə sadiq qalaraq bu dəfə də Mehman Əliyevi, Arif Əliyevi, Elçin Şıxlını və Qulu Məhərrəmlini hədəfə alıb. Onları ölkə mediasının yeganə problemi, inkişafın önündəki qara daşlar adlandırıb.

Mətbuata çox gənc yaşlarından gələn Taleh Şahsuvarlının son illər sərgilədiyi mövqe nə Allahdan gizlindir, nə hökumətdən, nə bəndələrdən. Taleh bəy həm rəhbərlik etdiyi saytda, həm də sosial şəbəkələrdə fikirlərini açıq mətnlə yazır, Əli Həsənovu müdafiə etdiyini gizlətmir. Əli Həsənov Prezidentin köməkçisi vəzifəsində çalışanda da, ali məktəblərin birinə kafedra müdiri göndəriləndə də Taleh bəy bu mövqedə olub. Bunda bir qəbahət də yoxdur, hər kəs öz mübarizə yolunu, metodunu özü seçir. Taleh bəy kimi istedadlı, savadlı həmkarıma, həmişə hörmətimi saxlayan qonşuma dərs demək, yol göstərmək fikrindən uzağam, Şahsuvarlının buna heç zərrə qədər də ehtiyacı yoxdur. Əli Həsənov onun bacarığını, təcrübəsini dəyərləndirərək “Aznews.az” saytının baş redaktoru vəzifəsində çalışmasına şərait yaradıb, redaksiyanı ofislə təmin edib. Görünən odur ki, Taleh bəy də öz xeyirxahının müdafiəsinə qalxır, Əli Həsənovu tənqid edənlərə qarşı savaş açır. Alqışlanası addımdır məncə, təki prezidentin sabiq köməkçisindən uzun illər boyu vəzifə, pul-para qazanların heç olmasa yarısı indiki məqamda onu belə müdafiə edəydi… Bu barədə bir az sonra…

Əli Həsənov Prezident Administrasiyasında şöbə müdiri, Prezidentin köməkçisi vəzifəsində çalışdığı uzun illər ərzində onunla bir neçə dəfə yaxından görüşmək, söhbət etmək imkanım olub. Hər dəfə də Əli müəllimdən özümə qarşı diqqət və xoş münasibət görmüşəm. Mən də aldığım tərbiyəyə uğun olaraq adekvat davranmağa çalışmışam. Jurnalistlər üçün tikilən birinci binada mənzillər bölüşdürülərkən mənim evlə təmin olunmağımda Aqil Abbasın fədakarlığı, “Ədalət” qəzetində çalışan əməkdaşların həmrəyliyi ilə yanaşı Əli Həsənovun da razılığı mühüm rol oynayıb. 2013-cü ildə belə düşünürdüm, indi də fikrimdə qalıram.

Amma və lakin hörmətli Əli müəllimin kadr seçimində əksər hallarda istedadsız, yaltaq, ictimaiyyətdə mənfi imic qazanmış adamlara üstünlük verməsinə həmişə skeptik yanaşmışam, tənqidi fikirlərimi deməkdən çəkinməmişəm. Bu münasibətimi Əli müəllimin komandasında təmsil olunanların əksəriyyəti, o cümlədən də həmkarım Taleh Şahsuvarlı yaxşı bilir. Son hadisələr mənim haqlı olduğumu sübut elədi. İstedadsız, yaltaq, mənfi imicli kadrlardan tam bir qalereya yaradan Əli Həsənov üçün bu gün Taleh Şahsuvarlı təkbaşına vuruşur. Bəs hanı uzun-uzun illərdən bəri Əli müəllimin sayəsində vəzifə, fəxri ad, şəxsi güzəran, qrant qazanan Azər Həsrət, Umud Rəhimoğlu, Müşfiq Ələsgərli… Bəlkə onlar sadaladıqlarımı öz fövqəladə istedadları və şəxsi keyfiyyətləri sayəsində əldə ediblər? Niyə uzun illər onlara bu şəraiti yaradan kişiyə minnətdarlıq bildirməkdən çəkinirlər? Müdafiə etmək bir yana dursun, hər fürsətdə Əli Həsənovla bağlılıqlarını inkar etməyə çalışırlar. İndi doğma kəndinə qayıdıb daş parçalamaq üçün baş sındıran Azər Həsrətin “Yeni sabah” saytına müsahibəsini oxumaq necə də kədərlidir…

Bir vaxtlar hamını mübarizəyə səsləyib özü Bakıdakı səfirliklərin birində “qəhrəmancasına” gizlənən, Əli Həsənovun komandasına transfer olunduğuna görə vəzifə, fəxri ad alan, “Yeni həyat” quran birisi Əli müəllimi tənqid etməyə başlayanda ölkə başçısının artıq sabiq köməkçi ilə bağlı sərəncamının mürəkkəbi hələ qurumamışdı…

Vüqar Səfərlinin yaxası hüquq-mühafizə orqanları əməkdaşlarının əlində olduğundan başı öz müsibətinə qarışıb…

Yazının əvvəlində sayın Taleh Şahsuvarlının sosial şəbəkə paylaşımındakı adlardan bəhs etmişdim. İstedadlı, nüfuzlu və peşəkarlardan ibarət bir ordu. Bəs bu uzun-uzun illər ərzində həmin insanların əksəriyyəti niyə küncə sıxışdırıldı, onları görməzdən gəldilər? Bəlkə Mehman Cavadoğlu layiq olduğu qiyməti aldı, mən Pirallahıda yaşadığıma görə xəbər tutmadım? Bəlkə Ələtə getmişəm Hikmət Sabiroğlunun Mətbuat Şurasının İdarə Heyətinə seçilməyini, fəxri ad almağını eşitməmişəm? Bəlkə Fəxri Uğurlu üçün media holdinq yaratdılar, işinin öhdəsindən gəlmədi? Ya bəlkə Şahvələd Çobanoğluna şərait yaradıblar cığallıq edib razılaşmayıb? Bəlkə Əvəz Zeynallı Nəcbullahın dövründə Əfqanıstanda həbsxanada yatıb, sadəcə mən zamanı qatıb-qarışdırıram?

Əli Həsənov vəzifədə olanda Azər Qaraçənli iqtidarın media siyasətinin yanlış yürüdüldüyü barədə açıq mətnlə fikirlər səsləndirmişdi. Onun fikirləri ictimailəşəndən sonra bilirsiniz nə oldu? Yəqin ki, Taleh bəy yaxşı xatırlayır, çünki baş redaktoru olduğu saytda həmən Azər Qaraçənlini top atəşinə tutan bir yazı yazdı, az qala Azər bəydən “Jurnalistlər binası”ndakı mənzilini boşaltmağı tələb etdi…

Taleh dostum həftədə 7 dəfə Mehman Əliyevin, Elçin Şıxlının, Arif Əliyevin və Qulu Məhərrəmlinin əleyhinə yazı guppuldadır, onları qrant almaqda ittiham edir. Uzun-uzun illər ərzində Əli müəllimin himayəsinə sığınan U.Rəhimoğlu, A.Həsrət, M.Ələsgərli heç qran-filan almadılarmı? Bəlkə onların aldığı milyonlarla vəsait mətbuatımızı dünya səviyyəsinə çıxartdı, sadəcə, mən Xızıda internetsiz qaldığıma görə xəbər tuta bilmədim?

Əziz qonşum Taleh Şahsuvarlı mübahisə etməyi, qalın-qalın kitablardan sitat gətirməyi, qədim filosofları şahid göstərməyi xoşlayır. Bəzən bu onda çox yaxşı alınır. Amma dünya şöhrətli yazıçı Stefan Sveyqin təbrincə desəm, vicdan min şahiddən önəmlidir.

Etibar Cəbrayıloğlu.

 

 






Fikirlər