“Putin 2024-cü ildən sonra prezident olmaya bilər”

Xaqani Cəfərli: “Rusiya dərin böhran içərsindədir və hakimiyyət dəyişikliyi yalnız zaman məsələsidir”

Natiq Cəfərli: “Dövlət Şurasının səlahiyyətlərinin daha da genişləndirilməsi belə bir ehtimalı önə çıxarır ki, Putin bu orqanın başına keçməklə konstitusiyadan aldığı güclə çox böyük səlahiyyətlərə malik olacaq”

“Navalnı “Ağıllı səsvermə” konsepsiyasını qarşıdakı 4 ildə daha da möhkəmləndirərək prezident seçkilərində Putinin adamını və yaxud onun özünü məğlub etməyi planlaşdırır”

Rusiya prezidenti Vladimir Putinə ömrünün sonuna qədər ölkəni idarə etməyə imkan verən konstitusiyaya son dəyişikliklər iyulun 4-də qüvvəyə minib. Qeyd edək ki, referendum nəticəsində qəbul edilən dəyişikliklərə görə, 2020-ci il iyulun 4-dən sonra heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Bu isə o deməkdir ki, səlahiyyət müddəti 2024-cü ildə başa çatan Putin hələ 2036-cı ilə qədər prezident kürsüsündə əyləşə bilər. Rusiya konstitusiyasına edilən dəyişikliklərdə o da öz əksini tapıb ki, dövlət başçısı və Silahlı Qüvvələrin ali baş komandanı statusu daşıyan prezident hökumət sədrini (baş naziri) parlamentin aşağı palatası olan Dövlət Dumasının razılığı ilə təyin edir, onu vəzifədən çıxarır, hökumətin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, baş nazirin təqdimatı ilə federal icra orqanlarının strukturunu təsdiqləyir, hökuməti istefaya göndərir, baş nazirin və onun müavinlərinin, nazirlərin, həmçinin birbaşa prezidentə tabe olan federal icra orqanlarının rəhbərlərinin istefasını qəbul edir, o cümlədən Dövlət Dumasına Mərkəzi Bankın sədrinin təyinatı və vəzifədən götürülməsi barədə təqdimat verir. Baş nazirin müavinlərini və nazirləri də prezident Dövlət Dumasının razılığı ilə təyin edir. Bundan başqa, vəzifədən gedən prezident isə özü imtina edəbədək ömürlük senator sayılır.

“Rusiyada belə bir proses baş verərsə postsovet məkanını bürüyəcək fırtınanı və korrupsionerləri nələrin gözlədiyini təsvir etmək çətin deyil”

Beləliklə, artıq birmənalı şəkildə deyə bilərik ki, Rusiya konstitusiyasına edilən son dəyişikliklərin əsas məqsədi Putinin hakimiyyətini uzatmaqdan başqa bir şey deyil. Bu isə Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Aleksey Navalnı başqa olmaqla, Rusiya müxalifətinin ciddi narazılığına səbəb olub. “Hürriyyət” xəbər verir ki, məsələyə məhz bu konteksdən yanaşan politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Rusiya dərin böhran içərsindədir və hakimiyyət dəyişikliyi yalnız zaman məsələsidir: “Rusiyada hakimiyyətə gələ biləcək siyasətçilərin arasında ən şanslı görünəni isə müxalifətin lideri Aleksey Navalnıdır. Aleksey Navalnının Rusiyada hakimiyyətə gəlməsi bütün dünyada korrupsiya əleyhinə bəşər tarixinin ən böyük mübarizəsinin başlanmasına səbəb olacaq. Çünki onun komandasının siyasi fəaliyyəti məhz korrupsiyanın ifşası, bu sosial bəlaya qarşı cəmiyyətdə nifrət yaradılması üzərində qurulub. Aleksey Navalnının prezident olacağı tərzdə Nazirlər Kabinetinin rəhbərliyinə Fransanın Sciences Po Universitetinin professoru Sergey Quriyevin gətiriləcəyi ehtimal olunur”. Politoloq hesab edir ki, belə olarsa Navalnı iqtidarının siyasəti bütün dünayada korrupsiya ilə yanaşı, avtoritar rejimlərə qarşı mübarizənin də nəhəng mərhələsinin başlanmasına səbəb ola bilər: “Çünki son illər professor Sergey Quriyevin elmi fəaliyyətinin əsas istiqamətini avtoritar rejimlərin öyrənilməsi, onlara qarşı effektli mübarizənin təşkilinin elmi əsaslarının hazırlanması və təşviq edilməsi təşkil edir. Aleksey Navalnının qurucusu olduğu “Korrupsiya ilə Mübarizə Fondu”nun hüquqşünası, Navalnı hakimiyyətə gələcəyi tərzdə baş prokuror olacağı ehtimal edilən Lübov Sobolun Rusiyada mənbəyi göstərilə bilməyən sərvətə qarşı savaş açacağını onun bu gün həyata keçirdiyi layihələrdən və apardığı mübarizədən də görmək olar. Aleksey Navalnının hakimiyyətə gələcəyi halda Moskvanın meri olacağı ehtimal olunan İlya Yaşin isə Rusiya paytaxtını kriminal və korrupsionerlərdən təmizləyəcəyinin anonsunu artıq verib. Rusiyada belə bir proses baş verərsə postsovet məkanını bürüyəcək fırtınanı və korrupsionerləri nələrin gözlədiyini təsvir etmək çətin deyil”.

“Bütün bu təkliflərin, dəyişikliklərin əsası Putinin 2024-cü ildən sonra növbəti 12 il ərzində də hakimiyyətdə qalması üçün təməlin hazırlanması və bu məsələni ört-basdır etmək üçün idi”

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini ...

Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə bildirdi ki, Rusiya konstitusiyasına edilən dəyişikliklərlə bağlı ilkin versiyada tamam başqa məsələlərin önə çıxacağı deyilirdi: “Hətta Putin özü çıxışlarından birində qeyd etdi ki, artıq ölkədə məsuliyyətin və səlahiyyətin daha geniş bölüşdürülməsiylə bağlı müəyyən addımların atılmasına ehtiyac var. O, həm parlamentin, həm də Nazirlər Kabinetinin səlahiyyətinin artırılmasıyla bağlı qərarın konstitusiyada əks olunmasını təklif etdi. Əslində, bu, ilkin olaraq çox pozitiv qarşılandı. Sonradan müxtəlif dəyişikliklərin qeyd olunması isə əsl məqsədin nədən ibarət olduğunu üzə çıxartdı. Əslində, ilkin versiyada Putinin bu günə qədər prezidentliyinin sıfırlanması və yenidən seçkiyə getmək məsələsi yox idi. Qeyd edim ki, Rusiya hakimiyyəti daha çox insanları maraqlandırmaq, onları prosesə cəlb etmək üçün konstitusiya dəyişiklikləri çərçivəsində ciddi sosial paket də açıqladı. Belə ki, konstitusiyaya həm əmək haqlarının, həm də təqaüdlərin indeksləşməsi, hər il artırılması ilə bağlı müddəa da salındı. Bu təklif isə Rusiya cəmiyyətini kifayət qədər cəlb etdi. Çünki artıq konstitusiya dəyişikliklərindən sonra heç bir əlavə qanuna ehtiyac olmadan hər il indeksləşmə aparılacaq və maaşlar, təqaüdlər artırılacaq. Obrazlı desək, bu, konstitusiya dəyişikliklərinin görünən tərəfi idi. Sonra bir neçə millətçi polulist təkliflər də oldu. Məsələn, Rusiya dünyası, rus dili, rus ailəsi haqqında müddəalar da konsitusiyaya salındı. Bu da konservativ kəsimin səslərini, onların dəstəyini qazanmaq üçün edildi. Amma bütün bu təkliflərin, dəyişikliklərin əsası Putinin 2024-cü ildən sonra növbəti 12 il ərzində də hakimiyyətdə qalması üçün təməlin hazırlanması idi. Yəni qalan bütün təkliflər məhz bu məsələni ört-basdır etmək üçün edilən dəyişikliklər idi”.

“O, iki yöndən də özünün gələcək siyasi keryarası üçün maraqlı gediş etdi, lakin bu, Rusiya cəmiyyətində, əsasən də gənc kəsimdə ciddi narazılıqla qarşılandı”

Rusiya konstitusiyasına edilən dəyişikliklərlə Dövlət Şurasının səlahiyyətlərinin daha da genişləndirildiyini vurğulayan politoloqun sözlərinə görə, bu, belə bir ehtimalı önə çıxarır ki, ola bilsin Putin 2024-cü ildən sonra prezident olmasın: “Belə ki, o, Dövlət Şurasının başına keçməklə konstitusiyadan aldığı güclə çox böyük səlahiyyətlərə malik olacaq. Yəni Dövlət Şurası həm Nazirlər Kabinetinə, həm prezidentə, həm də Dumaya nəzarət edə biləcək orqana çevriləcək. Çünki bütün hüquq-mühafizə orqanları, ordu, maliyyə məsələləri Dövlət Şurasında həll olunacaq. Əslində, Putin burda çox maraqlı gediş etdi. Əgər şərait imkan versə, onda özünün prezidentliyinin davamı üçün fürsətlər yaranır, yox əgər ciddi beynəlxalq və daxili təpkilər olarsa, gələcəkdə Rusiyanın sosial-iqtisadi vəziyyəti ağırlaşarsa, o zaman məsuliyyəti başqasının, yəni prezidentin və baş nazirin üzərinə ataraq Dövlət Şurası mexanizmindən istifadə edəcək. Bununla da o, iki yöndən də özünün gələcək siyasi keryarası üçün maraqlı gediş etdi. Lakin bu, Rusiya cəmiyyətində, əsasən də gənc kəsimdə ciddi narazılıqla qarşılandı”.

Rusiya müxalifətinin ən öndə gələn siması kimi xarakterizə olunan Aleksey Navalnıya gəlincə, Natiq Cəfərli qeyd etdi ki, indi onun əsas hədəfi payızda keçiriləcək yerli seçkilərdir: “Belə ki, Rusiyanın bir çox subyektlərində yerli seçkilər, həm qubernator, həm də yerli parlament seçkiləri keçiriləcək. Ümumiyyətlə, Rusiya bir qədər fərqli ölkədir, federativ quruluşa malikdir. Federativ quruluş isə yerli seçkilərin əhəmiyyətini kifayət qədər artırır. Odur ki, Navalnının strategiyası 2024-cü ilə qədər bir neçə belə yerli seçkiləri qlobal məşqə çevirərək prezident seçkilərinə qədər seçki institutunun önəmini, insanların iştirakını müşahidəçiliyin təşkilini sınaqdan keçirməkdir. Bildiyiniz kimi, o, “Ağıllı səsvermə” adlı yeni konsepsiya hazırlayıb və tətbiq etməyə başlayıb. Navalnı bu konsepsiyanı qarşıdakı 4 ildə daha da möhkəmləndirərək prezident seçkilərində, Putin rəqib olmayacaqsa və arxa plana keçib Dövlət Şurasına rəhbərlik edərək, başqa bir şəxsi rəqib edəcəksə, onda Putinin adamını və yaxud onun özünü məğlub etməyi planlaşdırır. Bu səbəbdən də düşünmürəm ki, Navalvı bu gün insanları küçəyə çıxardacaq, mitinqlərə çağıracaq. Çünki o, özü də bunun əhəmiyyətsiz olduğunu anlayır. Navalnı kifayət qədər ağıllı insandır və buna görə də növbəti addımlarında məhz seçki institutunun yarada biləcəyi effektdən istifadə edərək, Putinə ən böyük və ciddi rəqib olmağı düşünür”.






Fikirlər