TÜRKİYƏni KİMlər və NİYƏ HƏDƏFƏ alıb: Gizli düşmənlərin XAİN PLANLARI işə salınıb

Türkiyə hərbi sənaye kompleksinin müasir silah sistemləri, ən əsası isə fərqli hakimiyyət proyeksiyasının yeni erasını dəstəkləyən güclü milli iradə beynəlxalq rəqiblərin yuxusunu qaçırıb; Çünki yenilənmiş milli yanaşma artıq Türkiyənin savaş meydanında qazandığı üstünlüyə iqtisadi, diplomatik, strateji və ölkənin nüfuzunu gücləndirən imicin formalaşdırılması kimi önəmli faktorları da əlavə edib...

Türkiyə təbii fəlakətlə üz-üzə qalıb, Dost və qardaş ölkənin yüzə yaxın meşə massivində yanğın baş verib. Və Türkiyənin "təbii ciyərlər"inə ciddi ziyan dəyib.

Ancaq bu meşə yanğınlarının "təbii fəlakət" olmasına kifayət qədər ciddi şübhələr də var. Yəni fəlakətin "təbii" olması, onun təbiətdə baş verməsindən uzağa getməyəcək iddiaya bənzəyir. Və bu, yəqin ki, ciddi araşdırmalardan sonra tam dəqiqliyi ilə ortaya çıxa bilər.

icimiz-yaniyor-1.png (85 KB)

Artıq Türkiyənin hüquq-mühafizə orqanları, xüsusilə də xüsusi xidmət servisləri baş verən "təbii fəlakət"in əsl səbəblərini müəyyən etmək üçün bütün versiyaları araşdırırlar. Çox tezliklə nəticələrin məlum olacağı qətiyyən şübhə doğurmur.

Onu da qeyd edək ki, ilkin versiyada meşə yanğınlarının 10 yaşı olan iki uşağın meşədə kitab yandırmaları nəticəsində baş verdiyi iddia olunurdu. Əlbəttə, iki uşağın bir kitab yandırması ilə meşə yana bilər. Ancaq bu yanğın Türkiyənin 100-ə yaxın meşə massivini əhatə etməz. Meşə yanğınları isə bütün bölgələrdə demək olar ki, ardıcıl şəkildə başlayıb. Yəni, bir kitabın alovu hətta ən güclü küləyin sayəsində belə, qısa müddətdə, sürətlə indiki kimi geniş əraziyə yayıla bilməzdi.

Deməli, burada xain bir planın reallaşdırılmış olmasından şübhələnmək üçün ciddi əsaslar da var. Üstəlik, belə şübhələrə haqq qazandıra biləcək görüntülü faktlar da ortaya çıxmağa başlayıb. Həmin videogörüntülərdə iki müxtəlif meşə massivində ağacları yandıran şəxslər açıq-aşkar qeydə alınıb.

Belə anlaşılır ki, kimlərsə, əvvəlcədən planlaşdırılmış şəkildə Türkiyəyə qarşı "yanğın terroru" törədiblər. İlkin versiyaya görə, bu "yanğın terroru"nda yunan-PKK izləri olmamış deyil. Böyük ehtimalla bu versiya "yanğın terroru"nu araşdıran xüsusi xidmət servislərini xainlərin doğru ünvanına çıxara bilər.

photo_471237.jpg (53 KB)

Hazırda Türkiyəyə dost ölkələr öz yardım əllərini uzadırlar. Türkiyəyə dəstək verirlər, canlı qüvvə və texniki kömək göndərirlər. Yəni, biganə qalmayanlar, Türkiyə ilə çiyin-çiyinə dayananlar kifayət qədərdir.

Ancaq səsi çıxmayanlar da olmamış deyil. ABŞ siyasi bəyanatdan uzağa getmədi, kömək təklif etməsi. Avropa Birliyi müəmmalı şəkildə susur, baş verənləri, "yanğın terroru"nu kənardan sakitcə izləməklə kifayətlənir. Fransa və Yunanıstanın mövqeyini anlamaq isə çətin deyil. Tarixi Türkiyə düşmənləri olan bu iki dövlətin məhz indi məmnun şəkildə "əllərini ovuşdurduğu" məqamdır.

Məsələ ondadır ki, Türkiyə iqtisadiyyatının əsas klaster sahəsinə, turizm biznesinə ağır zərbə vurulub. Türkiyənin yüksək gəlirli turizm sahəsinin perspektivləri müəyyən müddət üçün təhlükə altında qalıb. Yəni, Türkiyənin maliyyə-iqtisadi cəhətdən zəiflədilməsini arzu edənlər üçün məmnunluq səbəbi yaranıb.

Ancaq boşuna və vaxtından əvvəl sevinmələri də onları məyus edə bilər. Çünki Türkiyənin bu ağır zərbəni də dəf edəcəyi, onun nəticələrini qısa zamanda aradan qaldırıb, "yanğın terroru"nu törədənlərin üzərinə gedəcəyi qətiyyən şübhə doğurmur. Yəni, Türkiyə bu durumdan daha da güclənərək, çıxacaq və öz xarici düşmənlərinə meydan oxumaqda davam edəcək.

42893-1595936452.jpg (35 KB)

Məsələ ondadır ki, Qərb siyasi iradə mərkəzləri Türkiyənin son 15 ildə əldə etdiyi yüksəlişi və bütün sahələr üzrə inkişafı həzm edə bilmirlər. Türkiyənin artıq müstəqil siyasət yürütmək imkanı qazanması, beynəlxalq siyasi proseslərə birbaşa müdaxilə edə bilməsi bir çoxlarını ciddi şəkildə narahat edir. Və bu səbəbdən də Türkiyənin yaxın gələcəkdə dünyanın siyasət məkanına təsir etmək baxımından, qazana biləcəyi yeni imkanları, resursları, mexanizmləri artıq elmi şəkildə analiz etməyə başlayıblar.

Türkiyənin öz yeni tərəfdaşları ilə imzaladığı anlaşmalar, ən müasir savaş PUA-ları da daxil olmaqla, hərbi sənaye kompleksinin istehsal etdiyi yeni silah sistemləri, ən əsası isə fərqli hakimiyyət proyeksiyasının yeni erasını dəstəkləyən sarsılmaz milli iradə beynəlxalq rəqiblərin yuxusunu qaçırıb. Ötən il Türkiyə Silahlı Qüvvələri savaş PUA-ları ilə bir çox regionlarda öz hərbi rəqibləri üzərində mütləq üstünlük qazanmaqla diqqəti çəkən bildi.

Halbuki, PUA proqramları Türkiyənin qonşu regionlarda supergücə çevrilmə planlarına yenilənmiş milli yanaşmanın yalnız bir hissəsidir. Çünki bu yenilənmiş milli yanaşma artıq Türkiyənin savaş meydanında qazandığı üstünlüyə iqtisadi, diplomatik, strateji və ölkənin nüfuzunu gücləndirən imicin formalaşdırılması kimi önəmli faktorları da əlavə edib.

Məhz xarici siyasətdə risk faktoruna maksimal tolerantlıq Türkiyəni Yaxın Şərqdə, Şimali Afrikada, Cənubi Qafqazda, Qara dənizdə və Aralıq dənizində sərt güc tətbiq etmək hüququ olan regional superdövlətə çevirib.

7777777-Capture.PNG (531 KB)

Onu da qeyd edək ki, son illərdə Türkiyənin hərbi qüdrətinin inikası rəsmi Ankaranın müttəfiqi sayılan ABŞ-ın maraqları ilə qətiyyən uzlaşdırılmır. Rəsmi Ankara bir çox hallarda bu ehtiyac belə, duymur. Və buna misal kimi, ABŞ-ın bütün etirazlarına baxmayaraq, Türkiyənin Rusiya ilə hərbi ticarət, eləcə də, müdafiə sənayesi sahələrində əməkdaşlıq etməsini göstərmək olar.

Təbii ki, Ağ Ev bütün bunlarla barışmaq məcburiyyətində qalıb.  Çünki Ağ Evin belə ziddiyyətlər ucbatından Türkiyə ilə hərbi müttəfiqlik münasibətlərini pozması ilk növbədə ABŞ-ın maraqlarını əlavə risklərlə üzləşdirə bilər. Ona görə də, ABŞ yeni və güclü Türkiyə ilə tərəfdaşlığı davam etdirməyə məcburdur. Hər halda, Yaxın Şərqdən Orta Asiyaya qədər böyük bir coğrafiyada ABŞ-ın strateji maraqları məhz Türkiyə ilə münasibətlərin keyfiyyətindən birbaşa asılıdır.

Göründüyü kimi, ABŞ da daxil olmaqla, bəzi beynəlxalq siyasi iradə mərkəzləri Türkiyədən məmnun olmasalar da, rəsmi Ankaranın dəstəyinə möhtac qaldıqlarını da inkar etmək imkanında deyillər. Ancaq Türkiyənin zəiflədilməsi rəsmi Ankaranın beynəlxalq rəqibləri ilə yanaşı, onun "müttəfiqləri"nə də sərfəlidir. Ona görə də, ehtimal etmək olar ki, hazırda Türkiyəyə qarşı gizli düşmənlərin xain planları işə salınıb. Bu baxımdan, "yanğın terroru" ilə Türkiyənin xarici düşmənləri tərəfindən hədəfə alındığını düşünmək üçün ciddi əsaslar olmamış deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu






Fikirlər