TÜRKİYƏDƏN ABŞ-a TƏYYARƏ ULTİMATUMU... - Vaşinqton Ankaranın tələbini yerinə yetirməzsə,NƏ BAŞ VERƏCƏK?

Artıq xeyli müddətdir ki, Türkiyə və ABŞ arasındakı münasibətlər gərgin olaraq qalır və gələn informasiyalara əsasən deyə bilərik ki, münasibətlərdə hansısa müsbət dəyişiklik gözlənilmir. Hətta indiki gərginlik daha da şiddətlənə bilər. Vaşinqton və Ankara arasındakı çoxsaylı fikir ayrılıqlarının səbəbi öz mahiyyətinə görə çox sadədir. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni daha sərbəst, daha müstəqil görmək istəyir. İndi Ankara istəyir ki, qərarları yalnız özü versin və öz təsirini üç qitəyə yaysın. Bu isə ABŞ-ı qətiyyən qane etmir, çünki amerikalılar öz müttəfiqlərinin daha sözəbaxan olmasına üstünlük verirlər.

Türkiyə öz müttəfiqi NATO-ya loyal və sözəbaxan münasibətini yenə də saxlayırmı? Müəyyən mənada bəli, lakin Türkiyə tədricən, mərhələ-mərhələ bu çərçivədən çıxır.

Ərdoğan öz hakimiyyətini laxlada biləcək kəskin qərarlar almadan, çox ustalıqla yeni Türkiyənin imicini qurur. O, NATO-nun “şefi” ABŞ-ın narazı qalmasını da istəmir.

2016-cı ildə Ərdoğanı devirməyə cəhd göstəriblər. Həmin dövrdən beş il keçsə də, Ərdoğan çevrilişi törətmək istəyənlərin qalıqlarını “təmizləməkdə” davam edir. Başqa sözlə desək, Ərdoğan bütün ölkə üzrə və əsasən də silahlı qüvvələrin, təhlükəsizlik orqanlarının və dövlət strukturlarının sıralarında olan çevriliş tərəfdarları və iştirakçılarının tapılıb həbs edilməsinə göstəriş verir.

Türkiyə ilə ABŞ arasındakı əlaqələr Türkiyənin Rusiyadan “S-400” zenit raket sistemləri almasından sonra xeyli pişləşib. ABŞ Türkiyəyə ən qabaqcıl “F-35” qırıcı təyyarələri satmaqdan imtina edib və bildirib ki, ”S-400” raketləri NATO-nun müdafiə sisteminə uyğun deyil.

 

 

Bununla ABŞ demək istəyir ki, müasir və yüksək texnoloji üstünlüyə malik “F-35” təyyarələrinin Rusiyanın “S-400” komplekslərinin yaxınlığında yerləşməsini istəmir. Amerikalılar qorxurlar ki, bu sistemlər “F-35” qırıcıları üzərində gizli müşahidə aparmaqla onları öyrənə bilər və əldə edilən məlumatlar ruslara ötürülər. Bu halda günlərin bir günü, “S-400” kompleksləri Amerikanın “F-35” təyyarələri ilə mübarizədə “yüksək effektivliyə” malik olar ki, bunu da ABŞ qətiyyən qəbul edə bilməz.

Amma Türkiyə nəyin bahasına olursa olsun, öz hərbi hava güvvələrini modernləşdirmək niyyətindədir və ona görə, ABŞ-a kompromis təklif edib. Türklər istəyirlər ki, Amerikadan 40 ədəd “F-16” təyyarəsi alsınlar və hazırda özlərində olan “F-16” qırıcılarını modernləşdirsinlər. Bununla bağlı danışıqların getdiyi söylənilir, amma ABŞ-ın, daha doğrusu konqresin bu təyyarələrin Türkiyəyə satılmasına razılıq verməsi hələ ki, öz təsdiqini tapmayıb. Həm də əvvəlki kimi ABŞ Tükiyənin “S-400” sistemlərindən imtina etməsini tələb edir. Bununla əlaqədar Amerika Türkiyəyə sanksiya tətbiq etsə də, Ankara öz mövqeyindən geri çəkilməyərək ciddi müqavimət göstərir.

Məlum olduğu kimi, ABŞ-ın sanksiya siyahısına Türkiyənin bir neçə rəhbər şəxsinin adı daxil edilib. Amerikan sanksiyaları Türkiyənin milli təhlükəsizlik sahəsi üzrə əsas funksionerlərindən biri olan İsmayıl Dəmirə də toxunub. İsmayıl Dəmir sanksiya siyahısına Rusiyanın “S-400” komplekslərinin alınması prosesində iştirak etdiyi üçün salınıb.

 

 

İndi məhz İsmayıl Dəmir Vaşinqtona sərt xəbərdarlıq edib ki, əgər ABŞ onlara “F-16” təyyarələrini satmaqdan imtina edərsə, türklər ən qabaqcıl təyyarələrin alınması üçün yenidən ruslara müraciət edəcəklər.

Türkiyə Müdafiə naziri Hulusi Akar vəziyyəti bir qədər yumşaltmağa çalışır. O, ABŞ-la daha asan danışa biləcək şəxs kimi tanınır. Artıq çoxdan bəllidir ki, Türkiyə ABŞ-la münasibətlərə aydınlıq gətirmək üçün Rusiya ilə əlaqələrini “joker” kimi istifadə edir.

 

 

Məsələ yalnız ondadır ki, Ankara bu siyasəti nə qədər davam etdirəcək. Çünki əgər nə vaxtsa o, ABŞ-la münasibətləri tam pozmaq qərarına gələrsə (Rusiya təyyarələrinin alınması belə bir addım ola bilər), o zaman tamamilə başqa vəziyyət yaranar. Belə olan təqdirdə Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar daha da sərtləşdirilə bilər. Əgər Ankara öz Hərbi Hava Qüvvələrini Rusiya qırıcılarının hesabına modernləşdirməyə qərar verərsə, o zaman hətta Türkiyənin NATO üzvlüyü də sual altına düşə bilər.

Əlbəttə, Türkiyə tələskənliklə bu cür hədsiz radikal addımlar atmaz. Onun təhdidləri əslində ABŞ- dan istədiyini almaq və eyni zamanda da öz mövqeyini möhkəmləndirməkdir. Əslində, Türkiyə Qərbə “bizi sıxışdırsanız, Rusiyaya tərəf gedərik” deyir.

“Advance” – (Xorvatiya)

Tərcümə etdi: Vaqif Nəsibov

“AzPolitika.info”






Fikirlər