OĞUL TALIBOVLARA “DÖVLƏT TƏRBİYƏSİ” DƏRSLƏRİ BAŞLAYIB! – (FOTO)

Naxçıvanda davam edən anti-korrupsiya əməliyyatları fonunda maraqlı hadisələr də baş verir. Muxtar Respublikada Vasif Talıbovun üzun illər ərzində tətbiq etdiyi feodal qaydaları bir-brinin ardınca ləğv olunur. Əhali illərin zülmündən, sıxıntısından qurtulur, rahat nəfəs almağa başlayır. Onilliklər ərzində dövlətin imkanlarından şəxsi məqsədləri üçün istifadə etməyə öyrəşmiş Talıbovlar ailəsi isə əksinə, hər gün yeni “sürprizlərlə” üzləşir.

“Ovqat.com” saytının baş redaktoru Heydər Oğuzun “Feysbuk” səhifəsində yazdığı məlumata görə, bu günlərdə Naxçıvana səfər edən Rza Talıbova təyyarədən düşüb, adəti üzrə VİP çıxışa doğru yön alsa da, hava limanının təhlükəszilik xidmətinin əməkdaşları onu adi sərnişinlərin istifadə etdiyi keçidə yönəldiblər.

Rza Talıbov Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışır, adi məmurdur, qanunla heç bir imtiyazı yoxdur. Bəs o, niyə adi sərnişinlərdən fərqlənməlidir, VİP keçiddən istifadə etməlidir?

 

 

 

Əlbəttə, ritorik sualdır, Rza “Naxçıvan xanı” adlandırıln Vasif Talıbovun oğludur. Deyilənə görə, hətta “xan” onu özünə vəliəhd təyin edibmiş. Bu qanunsuzluğa, dövlət imtiyazlarını qəsb etməyə də ona görə alışıb.

 

Heydər Oğuz yazır ki, Rza Talıbovu qarşılamağa gələn deputat, prorektor qardaşı Seymur Talıbov da onun kimi şok yaşayıb. O, aeroportun rəsmi şəxslər üçün çıxış qapısının qarşısına gəlsə də, qapının bağlı olduğunu görüb. Nə baş verdiyini anlayan Talıbov bəlkə də ilk dəfə qardaşını sadə naxçıvanlıların çıxdığı keçiddə qarşılamağa məcbur olub.

Talıbovların pişvazına çıxmağa adət etmiş Naxçıvan hava limanının direktoru Mənşur Gülməmmədli isə bu dəfə adətinə xilaf çıxıb. Ona sözügedən rutin hərəkətini icra etməyi məsləhət görməyiblər.

 

Seymur Talıbov Naxçıvan Ali Məclsinin deputatıdır, yəqin necə “seçildiyi” də heç kimə sirr deyil. Atası ona Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsini də ərmağan edib. Amma bu, necə deyərlər, onun rəsmi statusudur.

Ümumiyyətlə, Vasif Talıbov bütövlükdə Naxçıvanda dövlət hakimiyyətini uşaqlarının ayaqlarının altına sərib. Təqdim olunan foto Naxçıvan MR-də oktyabrın sonlarında bir açılış mərasimindən çəkilib. Göründüyü kimi, Seymur Talıbov sıralamada Muxtar Respublikanın ikinci vəzifəli şəxsi sayılan Baş nazir Səbuhi Məmmədovdan da qabaqda durub, özü də digər məmurlar kimi “farağat” vəziyyətdə deyil, ayaqları bir-birindən aralı, laqeyid, yekəxana görkəmdə.

 

 

Bu görüntü, şübhəsiz ki, Naxçıvanın bütün rəsmi həyatının fotosudur. Ali Məclis sədrinin dövlət tərbiyəsindən uzaq oğulları qanundan, dövlət ərkanından üstündürlər, özlərini Naxçıvanın ağası kimi aparırlar...

Talıbov qardaşlarının hava limanında “sındırılması” onları dövlət ərkanına, dövlət tərbiyyəsinə dəvət etməkdir. Yəqin ki, bu təlim-tərbiyyənin bir çox nümunələrini biz qarşıdakı günlərdə də görəcəyik. Ondan nəticə çıxarıb-çıxarmamaq Talıbovların gələcək taleləri baxımından çox mühümdür. Çünki indi “DÖVLƏT BABA” iş başındadır, öz yerini bilməkdə böyük fayda var...  /“AzPolitika.info”

 

 






Fikirlər