"Elçibəy müdrik idi, Heydər Əliyev isə dahi" Brilliant Dadaşova:

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.

Azərbaycan Respublikasının Xalq artisti Brilliant Dadaşova Ulu öndərlə bağlı təəssüratlarını Musavat.com-la bölüşüb:

"Ulu öndərimizin gördüyü hər bir iş, hər bir addım onun dahi olmasını isbat edir. Bu gün onun gördüyü işlər sırasında "Bakı-Ceyhan" neft kəmərindən, atəşkəsdən tutmuş bir çox məqam var. Biz hələ o vaxtlar çox da güclü deyildik, Azərbaycan ordusu hələ tam hazır deyildi və mütləq atəşkəs elan etmək lazım idi. O, uzaqgörən idi. Heydər Əliyev bu günləri görürmüş ki, bizim ordumuz güclənəcək və öz torpaqlarını qaytarmağa qadir olacaq. Bunların hər birini görməsi onun dahi bir şəxsiyyət olduğunu sübut edir. Xatirələrim danışmaqla bitməyəcək qədər çoxdur. Çünki 10 il ərzində o, bizə lazım olduğumuzu hiss etdirdi. İncəsənətin xalq üçün, insan ruhu üçün vacib bir amil olduğunu bizə isbat edirdi. Hər görüş, hər söhbət mənim üçün yaddaqalandır, unudulmazdır. Bura Gülüstan sarayında olan konsertlər, rayonlarda, kəndlərdə olan konsertlər, xalqla görüşlər də daxildir. Yadımdadır, bir dəfə Heydər Əliyev adına parkın açılışında protokolda olmayan bir hadisə baş verdi. Çünki konsert zamanı Heydər Əliyev səhnəyə çıxmamalı, sadəcə gəlib keçməli idi. Amma o, xalqın toplanmasını, əhval-ruhiyyəsinin yüksək olduğunu görüb səhnəyə çıxdı. Həmin anda mən səhnədə idim, səhnədə çoxlu balaca uşaqlar da var idi. Mən bir yandan mahnı oxuyurdum, bir yandan da çalışırdım ki, uşaqlar narahatıq yaratmasınlar.

WhatsApp Image 2023-05-10 at 18.57.54 (1).jpeg (52 KB)

Ümumiyyətlə, Heydər Əliyevin elə bir aurası var idi ki, o, səhnədə olanda bir alqış və sevinc vardı ki, sözlə ifadə etmək mümkün deyil. Mən nəzakət göstərərək onun arxasına keçdim, o isə əlimdən tutaraq məni yenidən önə gətirdi. O anı heç unutmuram. Heydər Əliyev hər kəsə ata qayğısı ilə yanaşırdı. Bu gün 100 yaşını qeyd edirik, hər bir xalqa bu qismət olmur. Bu gözəl günlər bizim payımıza düşdü. Artıq torpaqlarımız azaddır və bu gün onun ruhu şaddır. Çünki 100 illiyini Şuşada qeyd edirlər. Bütün Azərbaycanda bu özəl gün qeyd olunur. Ən başlıcası da odur ki, bu dahi şəxsiyyət Azərbaycanı vətəndaş müharibəsinin astanasından xilas etdi. Biz o tarixi yaşadıq, gördük. Fikirləşirəm ki, Elçibəyin də müdrikliyi sayəsində oldu bu. Çünki o bildi ki, belə bir situasiyadan ölkəni yalnız Heydər Əliyev xilas edə bilər. Elçibəy müdrik bir insan idi, amma dahi olmaq bir başqadır. Ulu öndərimizin dahiyanə yanaşması bizi bir çox bəladan xilas etdi".






Fikirlər