Çinin Ukrayna üzrə planı iflasa uğrayıb, növbəti ümidsiz plan üzə çıxıb...

Çinin Ukrayna üzrə planı iflasa uğrayıb, növbəti ümidsiz plan üzə çıxıb

"Atəş dərhal dayandırılmalı, demilitarizasiya zonası yaradılmalı və oraya BMT sülhməramlıları yerləşdirilməlidir..."

 

"Heç bir mübahisəli ərazilər mövcud deyil, Rusiya təcavüz aktı törədərək Ukrayna ərazilərini işğal edib..."

 

Pekinin Moskva ilə Kiyev arasında vasitəçi olmaq cəhdi iflasa uğrayıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Çinin Avrasiya regionu işləri üzrə xüsusi nümayəndəsi Li Huey Pekində özünün Avropa turnesinin yekunlarına dair mətbuat konfransında bəyan edib. Məlumatı "ekhokavkaza.com" saytı yayıb.

 

Diplomat qeyd edib ki, münaqişə tərəflərinin mövqeləri "bir-birindən son dərəcə fərqlidir".

Bu gün isə Rusiya ilə Ukrayna arasında münaqişə üzrə növbəti nizamlanma planını İndoneziya təklif edib. 

Tərəflər arasında sülh proqramını ölkənin müdafiə naziri Prabovo Subianto Sinqapurda keçirilən "Şanqri-La dialoq" təhlükəsizlik konfransında təklif edib.

İndoneziyanın planı aşağıdakılardan ibarətdir:

- "tərəflərin indiki mövqelərində" atəşin dərhal dayandırılması;

- hər tərəfdən 15 km ön cəbhədən geri çəkilməklə demilitarizasiya zonasının yaradılması;

- demilitarizasiya zonasına BMT-nin sülhməramlı kontingentinin yeridilməsi;

- "mübahisəli ərazilərdə" BMT-nin himayəsi altında "sakinlərin əksəriyyətinin arzusunu obyektiv şəkildə müəyyən etmək üçün" referendumların keçirilməsi.

Subianto "mübahisəli ərazilər" adı altında nəyi nəzərdə tutduğunu açıqlamayıb, lakin əmin edib ki, İndoneziya bütün təklif olunan proseslərdə iştirak etməyə hazırdır. 

Bundan başqa, o, konfrans iştirakçılarına Ukraynada atəşin dərhal dayandırılmasına çağırış edən bəyannamənin qəbul edilməsinə çağırış edib. 

"Gəlin, burada günahı tərəflərdən hər hansı birinin üzərinə qoymayaq, həmişə münaqişənin iki versiyası olur. Və hər bir tərəf özünün haqlı olduğuna əmindir", - Subianto deyib.

Ukrayna Xarici İşlər Nazirliyi İndoneziyanın təklif etdiyi "sülh planını" şərh edib. Ukrayna XİN spikeri Oleq Nikolenko belə təşəbbüsün işləməyəcəyini izah edib.

Birincisi, Nikolenko qeyd edib ki, heç bir "mübahisəli ərazilər" mövcud deyil.

"Rusiya təcavüz aktı törədərək, Krımı, Donetsk, Luqanask, Zaporojye və Xerson vilayətlərinin bir hissəsini işğal edib. Bu fakt BMT-nin rəsmi sənədlərində təsbit olunub", - o, "Facebook" səhifəsində yazıb.

Diplomat vurğulayıb ki, işğal edilmiş ərazilərdə "Rusiya ordusu hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırım törədir".

"Rusiya Ukrayna ərazisindən rədd olmalı, Ukrayna isə beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməlidir. Alternativ ssenarilər ola bilməz", - Nikolenlo bəyan edib.

İkincisi, İndoneziyanın təklif etdiyi atəşin dayandırılması və demilitarizasiya zonasının yaradılması, diplomatın sözlərinə görə, Rusiyaya zamanı udmağa, işğal etdiyi ərazilərdə möhkəmlənməyə və yeni təcavüz dalğası üçün qüvvələrini toplamağa imkan verəcək.

Sonda Ukrayna XİN spikeri İndoneziyaya Ukrayna prezidenti Vladimir Zelenskinin Ukraynanın bütün ərazilərinin Rusiya işğalından azad edilməsini nəzərdə tutan sülh düsturunun həyata keçirilməsinə qoşulmağa çağırış edib.






Fikirlər