Bu ordu ilə zarafat keçməz! – Erməni havadarlarına Bakının növbəti “master-klassı”

Ordun varsa, yurdun var!

24 saatlıq canı olan xunta rejimi. Bunu əvvəllər də, dəfələrlə yazmışdıq. Artıq gerçək oldu. Azərbaycan Ordusu gerçəkləşdirdi. Özünün döyüş bacarığı və peşəkarlığının nəticəsi olaraq. Eyni zamanda, bu peşəkarlığı daha da artırmış oldu, cilaladı.

Çünki antiterror tədbirləri çox mürəkkəb relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində yaradılmış istehkamların mövcudluğu şəraitində həyata keçirilməli idi. Üstəgəl, qanunsuz hərbi qüvvələr əsasən mülki obyektlərin yanında və ya özündə yerləşmişdi. Ki, həmin legitim hərbi hədəflər məhv edilərkən daha çox dinc əhali həlak olsun və haylar da beynəlxalq havadarlarına arxalanıb Azərbaycanı yenə “etnik təmizləmə”də, “soyqırımı”nda ittiham edə bilsinlər. Ağlaşma qursunlar. Həm də BMT TŞ-nin Fransanın təhriki ilə çağırılmış və Qarabağa həsr olunmuş bugünkü - 21 sentyabr iclası ərəfəsində.

İstəkləri gözündə qaldı. Hərbçilərimiz o dərəcədə zərgər dəqiqliyi ilə, emosiyasız-filansız, soyuqqanlı işlədilər, Şuşanın azad edilməsi əməliyyatındakı kimi o qədər böyük şücaət, peşəkarlıq göstərdilər ki, xarici hərbi analitiklər buna yaxşı mənada təəccüblındilər. Hər halda onlar mülki amil nəzərə alınaraq Qarabağda antiterror tədbirlərinin hələ bir neçə gün çəkəcəklərini təxmin eləmişdilər...

Diqqət edin, hətta super-dəqiq silahları ilə öyünən Rusiya Ukraynada hərbi obyektlərə nöqtəvi zərbələr endirə bilmir və nəticə etibarilə xeyli sayda mülki şəxs, o sırada yüzlərlə uşaq həlak olub. Fəqət, separatçılar Azərbaycana qarşı bu xüsusda bircə dəlil-sübut belə tapıb ortaya qoya, ölkəmizi ittiham edə bilmədilər. Bilmirlər. Reallıq belədir ki, erməni dinc sakinlər 24 saatda heç bir zərər görmədi. Erməni havadarının, haqlı olaraq, “Böyük Ermənistan” adlandırılan Fransanın az qala qabaqcadan hazırladığı “etiraz bəyanatları” havada qaldı – boş bir sənəd, kağız parçası, siyasi cığallıq nümunələri kimi.

Əlavə olaraq, döyüşlər zamanı ərazidəki Rusiya hərbi kontingentindən bircə rusun belə burnu qanamadı, əgər yüzdə yüz erməni təxribatının nəticəsi olaraq, dünən – antiterror tədbirləri bitəndən sonra (!) 8 sülhməramlının öldürülməsi nəzərə alınmazsa (İnsident araşdırılır, yəqin ki, tezliklə həqiqət tam üzə çıxacaq. Hərçənd gün kimi aydındır ki, qanlı olayda bizlik heç nə yox, ola bilməz. Sülh, barışıq istəyən Azərbaycanın bu nəyinə gərəkdir ki?)

Beləcə, şanlı ordumuz yenə tarix yazdı. Rəşadətlilik nümunəsi ortaya qoydu. BMT TŞ-nin Qarabağa dair 4 məlum qətnaməsi kimi, 10 noyabr kapitulyasiya sənədinin 4-cü bəndini də özü icra eləməli oldu. Dünya Azərbaycanın XXI əsr, “5-ci nəsil” ordusuna, qardaş Türkiyə hesabına faktiki NATO tipli çağdaş və döyüşkən orduya sahib olduğuna təzədən şahidlik elədi.

Qarabağda 24 saatlıq təmizləmə əməliyyatı bir daha göstərdi ki, bu ordu 44 günlük Vətən müharibəsindən sonra da dövlətin, Müzəffər Ali Baş Komandanın onun qarşısına qoyduğu istənilən tapşırığı qüsursuz yerinə yetirəcək və onunla zarafat eləmək olmaz. Zarafat eləmək istəyən isə iki dəfə düşünməli olacaq...

Əlbəttə, xüsusən də indiki qəliz və qarışıq dönəmdə, mürəkkəb beynəlxalq münasibətlər fonunda danışıq masası ətrafında əlinin güclü olması üçün öncə ordun güclü, basılmaz olmalıdır. Diplomatiya arxasında sanballı hərbi güc dayanmalıdır. Əks təqdirdə, nə qədər haqlı olsan da, dövlət kimi atdığın addımlar nə qədər legitim, hüquqi, ədalətli olsa da, iddiyə alınmayacaqsan, saya salınmayacaqsan.

Bunu kim bilməsə də Azərbaycan çoxdan bilir. “Başına gələn başmaqçı olar”. Odur ki, silahlı qüvvələrimiz daima dövlətin böyük qayğısı və diqqəti ilə əhatə olunub. Hərbi büdcəmiz ümumi büdcəmizin ən böyük hissəsidir. Hərbi arsenalımız ilbəil daha müasir və daha dəqiq silahlar və sistemlərlə təmin olunur. Ordumuzun döyüş qabiliyyəti durmadan artır - yeni növ hərbi qüvvələrin yaradılması da daxil olmaqla. Dost ölkələrlə, strateji tərəfdaşlarımızla dərinləşən hərbi və hərbi-texniki əməkdaşlıq sayəsində havadan müdafiə sistemlərimiz təkmilləşdirilir.

Şəkk-şübhəsiz, Azərbaycanın son uğurlu addımları, antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, sülh danışıqlarının başa çatdırılmasını əngəlləyən bütün maneələr aradan qaldırılsın. Bu maneələri kimlərin, hansı dairələrin yaratdığı məlum. O səbəbə Prezidentin dünənki çıxışında vurğulandığı kimi, həmin güclər nə qədər bölgədən uzaq dursalar, bir o qədər hamı üçün yaxşıdır. Yoxsa Güney Qafqazın vazkeçilməz və açar ölkəsi Azərbaycanın “ustad dərsi”ni və hərbi gücünü bir də görəcəklər. Əyani...

Siyasət şöbəsi,
Musavat.com






Fikirlər