Xankəndinin sabiq deputatı: "Ermənilər Xankəndinin baş planını..."

Xankəndinin sabiq deputatı:

“Mən bir neçə dəfə Xankəndində olmuşam. Sonuncu dəfə may ayının 19-da Xankəndində idim. Xankəndində böyük dəyişikliklər gözlənilir. Orada bəzi evlər sökülür. Bilirsiniz ki, Parlament binası, Veteranlar binası artıq sökülüb. Mən birinci dəfə Xankəndinə gedəndə elə bildim ki, geridəqalmış bir şəhərə getmişəm. O dərəcədə köhnə binalar var idi, asfalt pis gündə idi. Elə bildim ki, yad bir yerə düşmüşəm. Mən orada böyümüşəm, orada doğulmuşam, orada əmək fəaliyyətimə başlamışam. Amma o şəhəri ilk dəfə görəndə tamamilə mənə yad bir şəhər təəssüratı bağışladı. Təkcə “obkom”-un ətrafı geniş sahə idi. Ordan stadiona baxa bilirdin. Mən ordan Kərkicahana getdim, öz evimizdə də, küçəmizə də gedib evlərin vəziyyətini gördüm. Tamamilə Sovetin dövründən qalma bir yerdəydim sanki. Bəlkə də həmin ermənilərin bir çoxu sevinclərindən ölürlər ki, nə yaxşı ki, bizim canımızı ordan qurtarmısınız. Erməniləri Xankəndində sanki girov kimi saxlayıblar. Onların yaşayışlarına baxırsan və sonra fikirləşirsən ki, bu neçə ildə bizim sərvətimizi talan edib, nə ediblər bunlar? Hara xərcləyiblər?! Əlbəttə ki, villalar da var idi. Qarabağ işğalından istifadə edib, var-dövlət yığanlar şəhər kənarında gözəl villalar tikiblər. Amma ümumilikdə insanlar orada çox pis vəziyyətdə yaşayıblar”
 
 Bu fikirləri Moderator.az-a açıqlamasında Xankəndinin sabiq deputatı, şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı Flora Qasımova deyib. O daha sonra əlavə edib.
“Bu günümüzə çox şükür! Cənab prezidentimiz Xankəndini bizə qaytardı. Azərbaycan tarixində qəhrəmanlıq səhifələri çox olub. Amma ilk dəfədir ki, biz işğal olunmuş torpaqlarımızı geri almağı bacardıq. Cənab prezidentə çox təşəkkür edirəm! Çox sevinirəm! Xocalıda olmağı, insanlarla səmimi görüşü, söhbəti o qədər mənə xoş oldu ki. Azərbaycan ordusunun bu səviyyəyə çatması, müasir silahlarla silahlanması hamısı cənab prezidentin əməlidir. Bütün dünya Azərbaycan ordusunun gücünü gördü. İndi digər işlər bizə qalır. Biz qalib ordunun davamçısı olaraq yenidənqurma işlərində dövlətimizə köməklik etməliyik. Vətəndaşların geri qayıdışı başlayır, onların işlə təmin olunması kimi vəzifələr var qarşıda. Gözəl bir Qarabağ universitetinin açılmasını səbirsizliklə gözləyirik. Şəhər yavaş-yavaş bizim memarlıq üslubumuza keçir. Ermənilər orada lazım olmayan binalar tikiblər. Bunlar bizim memarlıq üslubunda tikilməyib. Ermənilər Xankəndinin baş planını tamamilə pozublar. Hələ də ermənilərin evlərindən silahlar tapılır. Yəqin ki, Xankəndinə köçənlərin sayı 200 mini keçəcək. Ermənilərin ruhu, nəfəsi şəhərdən yavaş-yavaş çəkilir. Sentyabr ayını səbirsizliklə gözləyirəm. Çox istərdim ki, cənab prezidenti Xankəndində qarşılayanlar arasında mən də olum. Çünki vaxtilə Xankəndində Vilayət Sovetinin deputatı olmuşam, Şəhər Partiya Komitəsində və bir çox dövlət işlərində çalışmışam. Deputatlıq dövründə 23 ildən sonra Xankəndi məktəbinin bərpası üçün təşəbbüs qaldırmışam. Bilirsiniz ki, məcburi köçkünçülük dövründə belə Xankəndi məktəbini yaşatmışıq. Məktəb Ramana qəsəbəsində fəaliyyət göstərir. Yəqin ki, Nizami Gəncəvi adına 4 nömrəli məktəb sentyabr ayından Xankəndində fəaliyətə başlayacaq. Mənim anam da o məktəbdə işləyib, mən özüm də. Bir sözlə sevincli günlərimiz qabaqdadır. 30 ildə hər gün Xankəndinin həsrətini çəkmişəm. Nəsə yeni bir xəbər, fotoşəkil axtarmışam ki, görəsən Xankəndi necədir? Təəssüflər olsun ki, qəbirstanlığa hələ biz gedib baş çəkə bilmirik. Çox istərdim ki, sentyabr ayına kimi qəbirstanlıqlarımız təmizlənsin” deyə Flora Qasımova bildirib.






Fikirlər