Əsas Səhifə > Slayd > Çovdarovun YAP-çıdan üç

Çovdarovun YAP-çıdan üç


26-04-2016, 08:50

Çovdarovun YAP-çıdan üç milyon almasına üç reaksiya

Baş Prokurorluq Tağı Əhmədovun şantaj olunmasına münasibət bildirdi; “Onun 3 milyonu haradandır ki, Akif Çovdarov da ondan alsın?”; bəs sabiq metropoliten rəisi nə dedi?

 

Eldar Mahmudov çetesinin əsas simalarından biri olan Akif Çovdarov Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovu şantaj edib. İstintaq orqanlarındakı mənbənin moderator-aza bildirdiyinə görə, T.Əhmədov A.Çovdarovun cinayətkar əməllərindən şikayət edərək bildirib ki, təhdidlər və təzyiqlər qarşısında ona 3 milyon manat verməyə məcbur olub. Gözlənilir ki, yaxın günlərdə Tağı Əhmədov da Akif Çovdarovla üzləşdiriləcək. 
 
Məlumata görə, T.Əhmədov şikayətində göstərib ki, Çovdarov onu şantaj edib və həbslə hədələyib, habelə bütün yaxın qohumlarına, o cümlədən Nizami Rayon Məhkəməsində hakim işləyən kürəkəninə qarşı repressiv addımlar atacağını bildirib. A.Çovdarov çoxsaylı cinayət əməllərində, o cümlədən qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu yolu ilə başqasının əmlakını ələ keçirmə kimi cinayətlərdə ittiham olunur. Onun əməllərindən zərər çəkən sahibkarların bir qismi hüquq-mühafizə orqanlarına şikayət edib və iş üzrə zərərçəkən kimi tanınıblar. 
Sayt yazır ki, həbsdəki Baş İdarə rəisi vaxtilə hədə-qorxu ilə əmlakını ələ keçirdiyi şəxslərlə üzləşdirilib. 8 saata yaxın davam edən üzləşmədə iş adamları Akif Çovdarovu bir daha ifşa ediblər. Məlumata  əsasən, aprelin 22-də A.Çovdarov Səbayel rayonunun keçmiş icra başçısı Mübariz Məmmədovun qardaşı, Binəqədi bələdiyyəsinin keçmiş sədri, habelə Səbayel Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin indiki rəhbəri Hafiz Aberkatovla üzləşdirilib. Həmin şəxslərin adı Çovdarov və MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmanın işində zərərçəkən kimi keçir. Çünki Çovdarov onlardan hədə-qorxu və təhdid yolu ilə iri məbləğlərdə pul qoparıb. 
“Yeni Müsavat”ın əməkdaşı Akif Çovdarovun qanunsuz əməllərindən zərərçəkənlər sırasında Tağı Əhmədovun olub-olmamasını dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmət rəhbəri Eldar Sultanov Tağı Əhmədovun A.Çovdarovun əməllərindən zərərçəkənlər sırasında olmasını təkzib etməyib. Deyib ki, bu məsələni şərh etmirlər. Akif Çovdarovun vəkili Sadiq Rəsulovla da əlaqə saxlanılıb.  S.Rəsulov “mən bununla bağlı müsahibə vermirəm” deməklə kifayətlənib. Ümumilikdə isə Tağı Əhmədovun  Akif Çovdarovdan şikayətçi olmasını təkzib etməyib. 
Bununla belə, bu xəbər ictimailəşəndən sonra sosial şəbəkələrdə Tağı Əhmədova yönəlik ittihamlar meydana gəlib. Həmin ittihamların əksəriyyəti “Tağı Əhmədovun 3 milyonu haradandır ki, Akif Çovdarov da ondan alsın”şəklindədir. Belə şərhlər yazanlar T.Əhmədovun metropoliten rəisi vəzifəsində çalışarkən əmək haqqının 1000 manat civarında olduğunu qeyd etməklə onu korrupsiyada ittiham etməkdən də çəkinmirlər. 
Məsələyə münasibət öyrənmək üçün musavat.com-un əməkdaşı Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovla əlaqə saxlayıb. Tağı Əhmədov jurnalistin sualını axıra qədər dinləsə də cavab verməkdən imtina edib. O vurğulayıb ki, haqqında yayılan xəbərlərə münasibət bildirmək istəmir.

Geri qayıt