Əsas Səhifə > Slayd > “O ŞİRKƏTLƏRİN KİMLƏRİN OLDUĞUNU YOXLAYIN…”
“O ŞİRKƏTLƏRİN KİMLƏRİN OLDUĞUNU YOXLAYIN…”5-09-2016, 14:46 |
“Nə baş verdiyini siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm. Şou göstərəndə heç olmasa yaxşı göstərin. Mənə də yüz sifariş olub. Yəni heç vaxt şouya çevirməmişəm”. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə istintaqının aparılmasına etiraz edib. Vəkil deyib ki, təqsirləndirilən şəxslərin təqsirsizlik və müdafiə hüququ pozulur, ittiham tərəfinin qərəzli materialları məhkəmədə müzakirəyə çıxarılır: “Müdafiə tərəfinin isə bununla bağlı vəsatətləri nəinki qəbul olunmur, heç müzakirə də edilmir. İttihamdakı rəqəmlərdə ziddiyyətlər var, bu gedişlə məhkəmədən ədalətli qərar gözləmirəm”. Vəkil Maliyyə Nazirliyinin yaydığı məlumatda Cahangir Hacıyevin 5 milyard dolları mənimsədiyi ittihamı, təqsirsizlik hüququnun pozulmasına və ictimai rəydə ona qarşı mənfi rəy yaranmasına səbəb olub: “Əgər Maliyyə Nazirliyində həmin 5 milyard dollarla bağlı sənədlər varsa, niyə istintaqa təqdim etməyiblər. Əgər yoxdursa, niyə belə açıqlama verilir? Buna görə də əvvəlki vəsatətlərin yenidən müzakirəyə çıxarılmasını xahiş edirik”. Başqa bir vəsatət Beynəlxalq Bankdan layihələrlə bağlı sənədlərin alınması barədə. Vəkil bildirib ki, bank qərəzli olduğu üçün sənədləri təqdim etmir: “Ötən həftə bankın idarə heyətinin müaşviri də ifadəsində bildirdi ki, guya qanunsuz olan kreditlərlə bağlı DİN-ə məlumat verib. Maraqlıdır ki, niyə məhz DİN? Əgər bu, bankın fəaliyyəti ilə bağlıdırsa, ya Maliyyə Nazirliyinə, ya da Baş Prokurorluğa məlumat verilməli idi. Elə bu qərəzə görə də layihələrlə bağlı sənədləri vermirlər”. Prokuror Fərid Nağıyev bildirib ki, Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunan 5 milyard məsələsinin cinayət işi ilə əlaqəsi yoxdur. O qeyd edib ki, həmin məbləğ bankla bağlı deyil, şəxslə bağlıdır. Beynəlxalq Bankın filiallarında müxtəlif vəzifələrdə çalışmış şəxslər ifadə verərək bildiriblər ki, onlar yanlız sənədləşdirmə işləri aparıblar. Şahid qismində ifadə verən İbrahim Ağayev bildirib ki, “İnter tekstil” şirkətində işləyib.
Geri qayıt |