Əsas Səhifə > Slayd > MƏHKƏMƏDƏ ABUTALIBOVUN MƏKTUBU OXUNDU –
MƏHKƏMƏDƏ ABUTALIBOVUN MƏKTUBU OXUNDU –24-11-2016, 17:19 |
“Heç olmasa, bircə dəfə də olsa, insanlara göstərək ki, haqq var, ədalət var” Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin may ayının 19-da Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı həbs olunan şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Məhkəmə prosesində cinayət işində olan sənədlərin tədqiqi mərhələsi davam etdirilib. Sənədlərdə hadisə zamanı dünyasını dəyişmiş şəxslərin tibbi ekspertizası ilə bağlı rəylər elan olunub. Miryusif Mahmudovun vəkilləri həkimlərin verdiyi ekspertiza rəylərində saxtakarlığa yol verildiyini məhkəməyə bildiriblər: “Mayın 19-da verilən tibbi ekspertiza rəyində mayın 27-də təyin olunmuş və 30 mart 2016-cı ildə verilmiş ekspertiza rəyinə istinad edilib. Bu nə dərəcədə doğrudur?” Hakim bildirib ki, həkim iki saat ərzində ancaq meyitə baxış keçirib, digər hissələr isə həmin ekspertlər tərəfindən verilmiş arayışlara istinad olunub. Hakim əlavə edib ki, zərurət yaranarsa, tibbi ekspert rəyi vermiş həkim məhkəməyə çağırılıb dindiriləcək. Bundan sonra Miryusif Mahmudov qısa çıxış edib. O da həkimin verdiyi rəyə etirazını bildirib: “Heç olmasa, bircə dəfə də olsa, insanlara göstərək ki, haqq var, ədalət var. Dünən hakimlərin nə qədər diqqətli olduqlarını gördüm. Hakim istintaqa verdiyim ifadəmi əzbərdən dedi. Bunun belə olduğunu bilməzdim, hakimin belə diqqətli olduğuna görə ona təşəkkürümü bildirirəm. Ömrüm boyu yaxşılıq etmişəm, yaxşı işlərlə məşğul olmuşam. İndi isə adım dönüb olub “Timur və onun komandası”ndakı kimi “Miryusif və onun komandası”. Miryusif nə edib? Heç nə. Ancaq biznes”. Hakim isə cavabında “Bu zalda bəraət verdiyimiz adamlar da olub” deyib. Vəkil İlhamə Həsənova bildirib ki, sağlamlığa xəsarət yetirilməsi ilə bağlı canlı şəxslər ekspertizaya təqdim olunmayıb: “Eksperti məhkəməyə çağırmaq lazımdır. Ekspert bildirsin ki, canlı şəxsi görmədən necə rəy verib”. Fərid Nağıyev isə əlavə edib ki, canlı şəxsin ekspertizaya təqdim olunması üçün əsas olmayıb. Vəkil Cavid Rzazadə məhkəmənin diqqətinə çatdırıb ki, mərhum Yaşar Nəcəfzadənin ölümünün səbəbi kimi yalnız onun hündürlükdən yıxılması göstərilir, onun zəhərlənməsi ilə bağlı rəydə heç nə yoxdur: “Bu da onu göstərir ki, bu şəxs tüstüdən boğulmayıb ki, özünü atsın, kimsə onu atıb”. Bundan sonra hakim təhlükəsizlik tələbləri və sınaq protokolu üzrə sənədləri elan edib. Sənədlərdə qeyd olunub ki, poliuretan yanan materialdır, yanarkən zərərli maddələr ayrıla bilər. Məhkəmə prosesi noyabrın 29-da davam edəcək. Geri qayıt |