Əsas Səhifə > Slayd > Azərbaycan dünyanın nəbzini müəyyən edir -
Azərbaycan dünyanın nəbzini müəyyən edir -17-02-2017, 12:49 |
ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Cozef Danford və Rusiya Baş Qərargah rəisi Valeriy Gerasimovun Suriyadakı hərbi əməliyyatları, İŞİD-ə qarşı birgə mübarizəni və digər mühüm məsələləri müzakirə etdikləri bildirilir; ekspertlər ölkəmizin diplomatik uğurunun davamlı olacağını deyir Fevralın 16-da dünyanın iki nəhəng dövlətinin ordu generallarının Azərbaycan paytaxtında bir araya gəlməsi günün əsas hadisələrindən biri oldu. ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimovun görüşü 2014-cü ildən sonra Rusiya ilə ABŞ arasında baş tutan ən yüksək səviyyəli hərbi danışıqlardır və aylardır tərəflər belə bir görüşün reallaşması üçün müzakirələr aparırmış. Rusiya Baş Qərargahı: “ABŞ-Rusiya əlaqələrinin hazırkı durumu müzakirə edilib” ABŞ Baş Qərargahları mətbuat xidmətinin yaydığı ilkin məlumatda deyilirdi ki, görüşdə tərəflər müxtəlif məsələləri, o cümlədən ABŞ və Rusiya arasında hərbi əlaqələrin hazırkı səviyyəsi müzakirə olunacaq. Digər mənbələr isə tərəflərin Suriyadakı hərbi əməliyyatları, İŞİD-ə qarşı birgə mübarizəni və Ukraynadakı situasiyanı, habelə son vaxtlar artan nüvə təhdidlərini və digər məsələləri müzakirə edəcəkləri xəbərini yayıb. ABŞ Baş Qərargahları mətbuat xidmətinin yaydığı ilkin məlumatda deyilirdi ki, görüşdə tərəflər müxtəlif məsələləri, o cümlədən ABŞ və Rusiya arasında hərbi əlaqələrin hazırkı səviyyəsi müzakirə olunacaq. Bakı zirvəsində ABŞ-Rusiya münasibətləri ilə bağlı müzakirələrin aparıldığı da şübhə doğurmur. Bunu hələ görüşdən qabaq Moskvadan verilən açıqlama da təsdiqləyir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, Müdafiə Nazirliyi Pentaqon rəhbəri, “quduz köpək” ləqəbli məşhur dəniz piyadaları generalı Ceyms Mattisin “Birləşmiş Ştatlar Rusiya ilə güc mövqeyindən dialoq aparmaq niyyətindədir” bəyanatı ilə bağlı Amerika tərəfindən izahat gözləyir. ABŞ və Rusiyanın Baş qərargah rəisləri görüş zamanı böyük ehtimalla Suriyada İŞİD-ə qarşı birgə əməkdaşlıq məsələlərini, gələcəkdə hər hansı xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə əməkdaşlığın bütün detallarını müzakirə edəcək. Bunu “Trend”ə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. Onun sözlərinə görə, Bakı Moskva və Vaşinqtonun rəsmi nümayəndələrinin görüşü üçün əlverişli məkandır: “Azərbaycan NATO-nun da üzvü deyil, lakin həm Rusiya ilə, həm də ABŞ ilə yaxşı əlaqələri var”. Qəzet çapa gedərkən Rusiya Baş Qərargahına istinadən “İntefaks” qısa xəbər yayıb. Bildirilib ki, generalların görüşdə ikitərəfli əlaqələrin indiki vəziyyəti müzakirə edilib, fikir mübadiləsi olunub. O cümlədən regional təhlükəsizlik, Avropa, Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətə dair müzakirələr aparılıb. Söhbət zamanı hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması ilə bağlı birgə işin, habelə gərginlik və insident risklərinin azaldılması istiqamətləri müəyyən edilib.Habelə təmasların davamı barədə razılıq əldə olunub. Prezidentlə görüşGenerallar günün ikinci yarısında baş tutan ikitərəfli görüşə qədər Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə bir araya gəlib. *** ABŞ və Rusiyanın ordu rəhbərliyinin görüşü üçün niyə məhz Bakını seçməsi az qala müzakirə mövzuları qədər bir çox dairələri maraqlandırıb və geniş diskussiyalara səbəb olub. Məlumatlara görə, görüşün konkret harada kecirilməsi ilə bağlı ortaq anlaşma yox imiş. Nəhayət, ABŞ və Rusiya generaliteti belə mühüm və tarixi görüş üçün ortaq ünvan olaraq, Azərbaycanın - Bakının üzərində dayanıb. Qeyd edək ki, bu, C. Danford və V. Gerasimov arasında ilk görüş idi. Bundan əvvəl onlar bir dəfə telefonla danışmışdılar. Görüş üçün niyə məhz Azərbaycan paytaxtının seçilməsinin səbəbindən bəhs edən “Nyu York Times” qəzetinin məlumatına görə, görüş yerinin seçimi heç də asan olmayıb. Qəzet ABŞ hərbi rəsmilərinə istinadən yazır ki, Rusiya tərəfi C. Danfordun Rusiyanın paytaxtı Moskvaya, yaxud Belarusa gəlməsini təklif edib. Pentaqon isə görüşün Qərbi Avropada keçirilməsinə üstünlük verib. Lakin Avropa İttifaqının V. Gerasimov barəsində Avropaya səfəri qadağan edən sanksiyası olduğundan bu mümkün olmayıb. Nəticədə, son olaraq görüş üçün Bakı neytral məkan kimi seçilib. (APA) Rusiya Müdafiə Nazirliyindəki mənbə isə “Vedemosti”yə bildirib ki, danışıqlarda “əvvəlcədən razılaşdırılmış məsələlər-Rusiya və ABŞ arasında hərbi sahədə əlaqələrin cari vəziyyəti, tərəflərin hərbi fəaliyyəti ilə əlaqəli insidentlərin qarşısının alınması” müzakirə olunur. Habelə danışıqlarda dünyanın böhranlı nöqtələrində təhlükəsizlik sahəsində fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, danışıqlar üçün Bakının seçilməsi təsadüfi deyil. Çünki Danford hazırda Yaxın Şərq regionuna səfərə çıxıb , Azərbaycan isə həm Rusiya, həm ABŞ-la hərbi sahədə yaxın münasibətlər saxlayır. Bəzi ehtimallara görə, bu, Azərbaycanın hazırda boranlı durumun hökm sürdüyü və ABŞ-la Rusiya maraqlarının toqquşduğu mürəkkəb Yaxın Şərq bölgəsinə, Suriyaya ən yaxın ölkə olması ilə əlaqədardır. Lakin ona qalsa, indilikdə həm Rusiya, həm də ABŞ-la normal münasibətlərdə olan NATO üzvü Türkiyə regiona daha yaxındır. ABŞ - ın Ərəbistan yarımadasındakı müttəfiqləri də böyük məmnuniyyətlə bu görüşü təşkil edərdi. O cümlədən də, Güney Qafqazdakı digər ölkələr Gürcüstan və Ermənistanda da belə bir zirvənin baş tutması tamamilə mümkün idi. İrəvan həm Rusiyaya yaxındır, onun forpostudur, eyni zamanda beynəlxalq erməni lobbisi Amerikada böyük nüfuza, təsir gücünə malikdir. Bütün bu seçənəklər sərasında məhz Azərbaycanın seçilməsi onu göstərir ki, ölkəmizin mövcud göstəriciləri və Azərbaycan hakimiyyətinin balanslı xarici siyasəti bütün “konkurs şərtləri”ndən daha yüksəkdə dura bilən göstəricilər formalaşdıra bilib.Azərbaycan illərdir həm Rusiya, həm də ABŞ-la bərabər məsafəli, normal münasibətlər saxlaya bilir. Hətta Bakının Amerika və Rusiya ilə münasibətlərini qardaş Türkiyənin iki güc mərkəzi ilə analoji əlaqələrindən daha balanslı hesab eləmək olar. Üstəlik, Azərbaycan hazırda dünyanın ən təhlükəsiz ölkələrindən biridir.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ və Rusiya baş qərargah rəislərinin Bakıdakı görüşü Ermənistanı pat vəziyyətinə salıb: “Ermənilər anlamırlar ki, bu cür mötəbər təmas üçün iki böyük dövlət niyə Azərbaycanın paytaxtını seçib?Bir tərəfdən paxıllıq hissi, digər tərəfdən Azərbaycanın bölgədə artan rolunu həzm edə bilmirlər. Rəsmi İrəvan ümid edirdi ki, ABŞ və Rusiya Azərbaycanın Dağlıq Qarabağı geri qaytarmaq üçün hərbi təzyiqinə qarşı sərt mövqe ortaya qoyacaqlar, onlar isə tam əksinə, Bakıya danışıqlar məkanı kimi etibar edirlər. Bu görüş bizə işğalçıya təzyiqi artırmaq üçün münbit şərait yaradır”.
|