Əsas Səhifə > Slayd > Kremlin “mart inqilabı planı” -
Kremlin “mart inqilabı planı” -28-03-2017, 09:00 |
Rusiyada baş verənlərin arxasında baş naziri bitirmək məqsədi dayanır; Putin niyə dostundan canını qurtarmaq istəyir? Rusiya əyalətlərində martın 26-da başlayan aksiyalar paytaxt Moskvaya və Sankt-Peterburqa çatıb. Şimal qonşumuzdakı hadisələr şübhəsiz ki, Azərbaycanda da diqqətlə izlənir. İndi Azərbaycanda “Qərb Rusiyanı içəridən dağıtmağa qərar verdi” kimi versiyalar daha populyardı. 17 illik Putin hakimiyyətinin gözlənilmədən içəridən “çat verməsi”, özünə gün ağlamayan Qərbin(?) Rusiyada inqilab hazırlaması, polisin əyalətlərdə müxalifət fəallarının qarşısından “qaçması” kimi versiyalar əlbəttə ki, reallıqdan uzaq görünür. Putin hakimiyyəti bəlkə də heç vaxt olmadığı qədər indi güclüdür. Doğrudur, son rəy sorğularında Kreml rəhbərinin ölkədaxili reytinqində müəyyən geriləmə nəzərə çarpırdı, amma bu, ölkəni silkələyəcək həddə deyildi. Son aylar əyalətlərdə və mərkəzi hakimiyyətdə ciddi kadr dəyişikliyi də Putinin mövqelərini xeyli möhkəmlədib. Generalitetdə də özünə sadiq adamları ön vəzifəyə çəkən Putin gələn il keçiriləcək seçkilərə hazırlıq içərisindədir. Amma onun prezidentlik yolunda əngəllərdən biri və bəlkə də birincisi indi Rusiyada baş verənlərin əsas antiqəhrəmanına çevrilmiş baş nazir Dmitri Medvedyevdir.
Amma Rusiyada martın 26-da baş verən hadisələr Medvedyevi bütün dünyada hədəfə çıxarıb. Məlumdur ki, martın 26-da müxalifət fəalı Aleksandr Navalnının təşəbbüsü ilə Rusiyanın bir neçə şəhərində korrupsiya əleyhinə keçirilən etiraz aksiyalarının əsas hədəfi də məhz baş nazir olub. Mitinqlərin keçirilməsinə səbəb Medvedyevlə bağlı çoxsaylı daşınmaz əmlak obyektlərinin mövcudluğunu iddia edən Navalnı Fondunun araşdırması olub. Navalnı Medvedyevin gəlirsiz təşkilatlar kimi kölgəli şəbəkələr vasitəsilə daşınmaz əmlak, yaxtalar və üzüm bağları kimi sərvətlərə malik olduğuna dair detallı hesabatından sonra ölkənin əksər bölgələrində aksiya çağırıb. Uzaq Şərqdən paytaxt Moskvayadək əks-səda verən bu mitinqlər 2011-2012-ci illərdə keçirilən mitinqlərdən sonra ən böyük və təşkilatlanmış aksiyalar hesab edilir.
Daha bir maraqlı məqam isə Medvedyevin martın 26-da başlanılan aksiyalar zamanı harada olması ilə bağlı xəbərlərin rus mediasında geniş tirajlanmasıdır. Məlum olub ki, Rusiyanın baş naziri korrupsiya ilə mübarizə şüarı altında mitinqlər keçirilən zaman... xizək sürürmüş.
Medvedyevin rəhbərlik etdiyi hökumət ağır iqtisadi sanksiyalara baxmayaraq, ötən ilin sonu və bu ilin ilk üç ayında maliyyə bazarında stabilləşməyə nail olub. Rublun kursunun möhkəmlənməsi və ÜDM həcminin cüzi də olsa artması hökumətdən narazılıqları azaldıb. Yəni faktiki olaraq hökumət nə bacarıbsa onu edib. Amma indi əsas hədəf son nəticədə Putin rejimi olsa da, Kremllə narazı kütlənin arasında baş nazir amili qoyulub. Bu, Putinə imkan verir ki, “xalqın basqısı altında” baş naziri istefaya göndərsin və ya onu daha uyğun bildiyi zamanda hökumət rəhbərliyində ayrılmasına razı salsın. Geri qayıt |