Əsas Səhifə > Slayd > Kremlin Baklıya qarşı yeni
Kremlin Baklıya qarşı yeni4-04-2017, 09:00 |
Moskvanın ölkəmizdə növbəti “rus konseyi” planı; Rusiya rəhbərliyi ÜAK-ın qeydiyyatının ləğv olunması kimi ciddi siyasi yanlışın qarşısını almaq üçün heç bir çaba göstərmir, bu ölkənin Bakıdakı səfirliyi də susur; Diasporla İş üzrə Dövlət Komitəsi bəyanat yaydı; Azərbaycana qarşı qurulmuş yeni “hüquq oyunu”nun arxasındakı qüvvələr kimlərdir? Bir həftə sonra - aprelin 11-də Rusiya hökumətinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etmək və fəaliyyətini dayandırmaq üçün Ali Məhkəməyə göndərdiyi müraciətə baxılacaq. Ali Məhkəməyə müraciət edən Rusiya Ədliyyə Nazirliyi iddia edir ki, “ÜAK fəaliyyətində Rusiya Federasiyasının mövcud qanunvericiliyini pozub”. Nazirlik bildirir ki, ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təşkilat pozuntuları aradan qaldırmayıb və bu səbəbdən də Ədliyyə Nazirliyi martın 3-də Ali Məhkəməyə “təşkilatın ləğvinə dair” inzibati iddia qaldırılması üçün müraciət edib. ÜAK bu iddialarla razılaşmır. ÜAK prezidentinin müşaviri, təşkilatın Rəyasət Heyətinin üzvü Kamran Rüstəmov deyib ki, bütün ictimai təşkilatların yoxlanılması Rusiya Ədliyyə Nazirliyinin səlahiyyətində olan məsələdir. O qeyd edib ki, Rusiyada ictimai təşkilatlar haqqında qanuna tez-tez dəyişikliklər olur: “Qanuna əlavə və dəyişikliklər olur ki, ictimai təşkilatlar da öz nizamnamələrini həmin dəyişikliklərə uyğunlaşdırmalıdırlar. Ötən ilin dekabr ayında ÜAK-ın qurultayı keçirildi. Təşkilatın yeni nizamnaməsi qəbul olundu. İndi həmin nizamnamə təsdiqlənmək üçün Rusiya Ədliyyə Nazirliyinə göndərilib. Onlar özləri təyin etdikləri müddətdə buna baxacaqlar. Biz bütün sənədləri təqdim etmişik. Onlar sənədlərdə müəyyən səhvlər tapdılar. Bunlar mexaniki səhvlərdir. Biz onların tövsiyəsi ilə həmin səhvləri düzəltdik, dəyişikliklər etdik, yenidən nazirliyə təqdim etdik. İndi onlardan cavab gözləyirik”. K.Rüstəmov bildirib ki, ÜAK bir gündə ləğv olunacaq təşkilat deyil: “Konqresin əsası ulu öndər Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin tərəfindən qoyulub. Bu təşkilatı ləğv etmək asan məsələ deyil. Təşkilatımızın Rusiyanın 70-dən çox regionunda bölmələri fəaliyyət göstərir. Bu böyüklükdə təşkilatı bağlamaq ağlabatan deyil. ÜAK Rusiya və Azərbaycan prezidentlərinə arxalanan təşkilatdır”. Azərbaycan hakimiyyəti Ədliyyə Nazirliyinin müraciətinə hörmətlə yanaşır və görünür ki, Rusiya rəsmilərinin bu çox mühüm olan bir məsələdə son qərarının iki dövlət arasında münasibətlərə xələl gətirməyəcəyinə ümid edir. Diasporla İş üzrə Dövlət Komitəsi aprelin 3-də yaydığı bəyanatda bildirib ki, “dünyada və regionda mürəkkəb, ziddiyyətli proseslərin getdiyi indiki şəraitdə ÜAK-ın fəaliyyətinin dayandırılmasının heç də iki ölkənin maraqlarına xidmət etmədiyini çox aydın şəkildə nümayiş etdirir”.
Azərbaycan Milli Məclisinin deputatları səviyyəsində olan reaksiya isə kifayət qədər sərt tonu ilə seçilir. Məsələn, deputat Rasim Musabəyov Rusiyanı Azərbaycanın ən böyük diaspora təşkilatının fəaliyyətinə əngəl yaratmaqda suçlayıb. R.Musabəyov Azərbaycanda fəaliyyət göstərən Rusiya ictimai birliklərinin gündəmə gəlməsinin mümkünlüyünü deyib.(mənbə: minval.az).
ÜAK-ın qeydiyyatı ilə bağlı yaranmış vəziyyəti minval.az-a şərh edən rusiyalı siyasi texnoloq Denis Kokordinov hesab edir ki, təşkilatın qeydiyyatın ləğv edilməsi kimi bir təhlükə ilə üzləşməsində Rusiyadakı səfir Polad Bülbüloğlunun da məsuliyyəti var. Politexnoloq hesab edir ki, P.Bülbüloğlu təşkilatın fəaliyyətinə bəzi hallarda qısqanc münasibət göstərib, təşkilatın ictimai arenada nüfuzlu nümayəndələrinin ÜAK-dan uzaqlaşdırılmasına nail olub. Heç kimə sirr deyil ki, Rusiyada azərbaycanlıların mütəşəkkil və güclü təşkilatının fəaliyyət göstərməsi ilk növbədə bu ölkədəki erməni diasporunun maraqlarına cavab vermir. Rusiyadakı erməni lobbisi və onun təsiri altında olan müəyyən rəsmi dairələr də ÜAK-ın fəaliyyətinin dayandırılmasına nail olmağa çalışırlar ki, nazirliyin müraciəti bunu bir daha sübut edir. Amma martın 3-dən, yəni Ədliyyə Nazirliyinin müraciətindən ötən müddətdə Kreml rəhbərliyi bu ciddi siyasi yanlışın qarsısını almaq üçün heç bir çaba göstərmir. Eləcə də hər mümkün məqamda iki ölkə arasında strateji tərəfdaşlıqdan danışan Rusiyanın Bakıdakı səfirliyi də nədənsə susur. Bu isə ağıllara, “əcəba, bu Azərbaycana yönəlmiş aşkar təzyiqin arxasında Kreml rəhbərliyi dayana bilərmi” sualını gətirir. Rusiyanın Azərbaycandan narazılığını adətən bu cür təşkilat oyunları ilə gündəmə gətirməsi yeni fakt deyil. Yada salaq ki, 2013-cü ildə Kremlin xeyir-duası ilə Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı ətrafında da ciddi oyunlar qurulmuşdu. Qeyri-rəsmi olaraq “Milyarderlər ittifaqı” adlanan qurum rəsmi Bakının siyasətini hədəfə almışdı ki, tezliklə Azərbaycanın sabiq vitse-primyeri Abbas Abbasovun rəhbərlik etdiyi təşkilatın əslində Kremlin müəyyən dairələrinin əlində oyuncaq olduğu üzə çıxdı. İndi Azərbaycana qarşı qurulmuş yeni “hüquq oyunu”nun arxasındakı qüvvələri ifşa etmək Moskva rəhbərliyinin üzərinə düşür. Əlbəttə ki, özləri bu oyunun bir parçası deyillərsə... Geri qayıt |