Əsas Səhifə > Slayd > ƏRDOGANIN Bakı və Tehrana
ƏRDOGANIN Bakı və Tehrana29-08-2017, 09:00 |
Üç paytaxtın ortaq “qırmızı xətt”i; Türkiyə, İran və Azərbaycan bölgə təhlükələrinə qarşı daha sinxron siyasət yürütmək zorundadır... Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda İrana səfər edəcək. Axar.az xəbər verib ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi məlumat yayıb. “Yaxın vaxtlarda Ərdoğanın Tehran səfəri baş tuta bilər. Səfərin tarixi və təfərrüatları müəyyən edilən kimi məlumat verəcəyik”, - deyə Qasımi bildirib. Xatırladaq ki, az öncə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri Ankarada olmuşdu. Baqerini prezident Ərdoğan da qəbul eləmişdi ki, bu da müzakirə edilən mövzuların aktuallığına, eyni zamanda hərbi təhlükəsizlik çalarına dəlalət edirdi. Baqeridən bir neçə gün sonra isə Pentaqon başçısı Ceyms Mattis Türkiyə rəhbərliyi ilə bir araya gəlmişdi. Bu qəbildən yüksək səviyyəli görüşlər sözsüz ki, Ankaranın regionda gedən mürəkkəb proseslərin, o cümlədən regional təhlükəsizliyə təsir edən proseslərin episentrində olması və həlledici mövqeyi ilə bağlıdır. Proseslərdən biri də PKK terroru və İraq Kürdüstanının siyasi gələcəyi ilə əlaqədar cərəyan eləməkdədir.
Məlumdur ki, İsrail xaric, regionun aparıcı dövlətləri, Türkiyə, İran, ərəb ölkələri, o sırada İraqın özü sentyabrın 25-də İraq Kürdüstanında keçirilməsi planlaşdırılan müstəqillik referendumunun əleyhinədir. Öz növbəsində muxtariyyət rəhbəri Məsud Bərzani son olaraq Pentaqon başçısı ilə görüşdə israrla bildirib ki, “referendum kürd xalqının haqqıdır və demokratiya prinsipləri ilə ziddiyyət təşkil etmir”. Bununla da o, səsvermənin təxirə salınmayacağını birmənalı olaraq diqqətə çatdırıb. Hərçənd kürd lider inandırmağa çalışır ki, referendum sırf tövsiyə xarakteri daşıyacaq və səsvermədə əsas suala pozitiv cavab alınacağı təqdirdə, İraqla “mülk bölgüsü” və müstəqil kürd dövlətinin yaradılması dərhal başlamayacaq. Yəni ayrılma prosesi uzunmüddətli və tədrici olacaq. Təsadüfi deyil ki, Ankarada M.Baqeri ilə Ərdoğan arasında görüşün əsas motivlərindən biri məhz 25 sentyabr referendumu ilə bağlı olub. Və ilk dəfə olaraq İran və Türkiyə bu mövzuda açıq və ortaq narahatlığı, referenduma qarşı ortaq mənfi münasibəti bəyan edib. Hərçənd Bərzani ilə Türkiyə rəhbərliyinin çox isti münasibətləri mövcuddur...
Geri qayıt |