Əsas Səhifə > Slayd > Azərbaycana yeni silahlar gətirildi
Azərbaycana yeni silahlar gətirildi9-09-2017, 09:20 |
İşğalçı ölkənin və erməni lobbisinin səyləri fiaskoda; Ölkəmiz modern İsrail silahlarının ilk xarici alıcısı oldu; Bakının yəhudi dövləti və Rusiya ilə hərbi əməkdaşlığı uğurla davam edir; erməni nəşri: “Putin Ermənistanı saymır...” Azərbaycan Rusiya və ABŞ yüksək çinli generalların ikinci görüşünə ev sahibliyi eləməklə bir daha özünə qarşı böyük güclərin etimadını və etibarını nümayiş etdirmiş oldu. Bu fakt sözsüz ki, ölkəmizin regiondakı və dünyadakı imicinə və nüfuzuna əlavə müsbət xallar gətirəcək - hansından ki, ən çox işğalçı Ermənistan narahatlıq keçirməkdədir. Çünki Azərbaycanın nüfuz və mövqeyinin güclənməsi sövq-təbii Dağlıq Qarabağ məsələsində onun daha uğurlu mövqeyə çıxması deməkdir. Söhbət həmçinin, əməkdaşlığın hərbi aspektlərindən gedir. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyevin Rusiyan müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Valeri Gerasimovla görüşü həm də bir fürsət idi ki, iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılsın. Elə də oldu.
Məlumdur ki, Azərbaycanın Rusiya ilə yanaşı, İsraillə də hərbi və hərbi texniki əməkdaşlığı yüksək səviyyədədir. Söz düşmüşkən, ölkəmizə artıq İsrail istehsalı olan yeni silahlar gətirilib. Musavat.com-un məlumatına görə, bu barədə azeridefence.az co saytı MSPO 2017 Beynəlxalq Müdafiə Sərgisinə istinadən xəbər yayıb. Məlumata görə, Azərbaycana “Elbit Systems” İsrail şirkətinin istehsalı olan yeni nəsil avtomatik minomyotların nümunələri gətirilib. O da bildirilir ki, BTR-70 üzərində quraşdırılmış bu minomyot avqust ayında prezident İlham Əliyevə nümayiş etdirilib. Yeni minomyot avtomatik şəkildə döyüş hazırlığı vəziyyətinə gəlmə, koordinatların hesablanması və yönəldilməsi funksiyasına malikdir. Eyni zamanda o, “Spear” idarə olunan minalarla 10 km-dək olan məsafədə hədəfləri vurmaq qabiliyyətindədir. İsraildəki hərbi mənbələrin məlumatına görə, Azərbaycan bu silahın ilk xarici alıcısı olub. ***** Xatırladaq ki, az öncə isə Rusiyadan da Bakıya yenı partiya silah-sursat gətirilmişdi. Azərbaycanın həm Rusiya, həm də İsraildən müasir silahlar almaqda davam eləməsi sübhisiz ki, ən çox Ermənistanı narahat edir. Təsadüfi deyil ki, İrəvan Rusiyaya əngəl ola bilməsə də, İsrail-Azərbaycan hərbi-texniki əlaqələrini korlamaq üçün dəridən-qabıqdan çıxır. Son vaxtlar bəzi aztirajlı İsrail nəşrlərində Azərbaycan əleyhinə gedən yazıların əsas hədəfi məhz budur. Lakin göründüyü kimi, bu kimi cəhdlər əbəsdir. Çünki yəhudi dövləti ilə ölkəmiz arasında son illərdə formalaşan münasibətlər möhkəm təməl üzərində qurulub, strateji xarakter daşıyır və təkcə hərbi sferanı əhatə eləmir. İki ölkənin əməkdaşlığını zəruri edən başqa, hətta daha vacib amillər var.
Geri qayıt |