Əsas Səhifə > Slayd > “5 MİLYON DOLLAR İSTƏYİRDİLƏR, BU İŞİ RƏSUL QULİYEVƏ HƏVALƏ ETDİM”
“5 MİLYON DOLLAR İSTƏYİRDİLƏR, BU İŞİ RƏSUL QULİYEVƏ HƏVALƏ ETDİM”22-06-2018, 19:26 |
AXC hakimiyyəti zamanında prezident Əbülfəz Elçibəyin mətbuat katibi olmuş Arif Əliyev modern.az saytına müsahibəsində Azərbaycandan keçmiş SSRİ-dən qalma rus qoşunlarının necə çıxarılması barədə açıqlamalar verib. A.Əliyev bildirib ki, Rusiya qoşunları o zaman Azərbaycanı elə-belə tərk etmədi. Rusiya bunun müqabilində istədiyi məbləği də aldı: “Qoşunların çıxarılması təbii ki, bu, güclü diplomatik təzyiqlər idi. Bu, tək Azərbaycanın yox, Qərbin vasitəsilə də həyata keçirilirdi. Bu, həm də şəxsi əlaqələrin nəticəsi idi. Rusiya qoşunları Azərbaycandan çıxanda da böyük texnikaya malik idilər. Söhbət nəzərdə tutulan maliyyədən gedir. Onlar bunu Azərbaycana bağışlamayacaqdı ki! Həmin maliyyəni aldılar. Onlar Azərbaycandan çıxanda onlarda belə əminlik yarandı ki, 2 həftədən sonra yenidən Azərbaycana qayıdacaqlar. Və bütün qalan silahların hamısını Azərbaycanda qiyama hazırlaşan Surət Hüseynovun ordusuna vermişdilər. Təkcə 55 ”Qrad” verilmişdi. Bu “Qrad” məgər Qarabağda Ermənistana çevrildi? Xeyr. Buna görə də Rusiya qoşunları Azərbaycandan çıxanda əmin idi ki, Surət Hüseynov hakimiyyətə gələcək və onlar qoşunla yenidən Azərbaycana qayıdacaq. Heydər Əliyev bu planları pozdu və Elçibəyin də Heydər Əliyevi Bakıya dəvət etməsi bu planların pozulması demək idi. Azərbaycanın müstəqilliyi başlıca məsələ idi”. A.Əliyev deyib ki, 4 iyun qiyamı Elçibəy hökumətinə Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasına, neft müqavilələrin imzalanmasında göstərdiyi inada görə cəza idi. Arif Əliyevin dediklərindən belə məlum olur ki, Elçibəy hakimiyyəti rus qoşunlarının buradakı silahlarının alınmasında hansısa məbləğdə vəsait verib.
1992-ci il 15 mayda Daşkənddə keçmiş SSRİ respublikalarından qoşunların çıxarılması, nə qədər silahın həmin respublikalarda qalması haqqında hər bir respublika ilə müqavilələr imzalandı. Azərbaycan tərəfindən bu müqaviləni o dövrün müdafiə naziri Rəhim Qazıyev imzalamışdı. Bu müqavilələr əsasında da Azərbaycana təhvil verilməli olan silahlar müəyyənləşdirildi. Hərbi hissələrin isə 1992-ci ildə çıxarılması nəzərdə tutulmuşdu. Əbülfəz Elçibəy prezident seçildikdən sonra onun təkidi ilə keçmiş SSRİ-nin Azərbaycandakı bütün silahlı qüvvələri çıxarıldı. 104-cü tank diviziyası isə qeyd olunan müqaviləyə görə SSRİ-yə yox, Rusiyaya aid idi. Ona görə 104-cü diviziyanın Azərbaycandan çıxarılması Rusiya qoşunlarının ölkəmizdən çıxarılması deməkdir. Bu hadisə isə 1993-cü ilin mayında baş verdi”. P.Hüseyn xatırlatdı ki, Rusiya 104-cü diviziyaya MDB-nin sülhməramlı qüvvələri statusu verilməsinə və bu adla Azərbaycanda saxlanmasına çalışırdı. Lakin prezident Elçibəy Rusiyanın bütün təzyiqlərinə baxmayaraq 104-cü diviziyanın çıxarılmasında təkid elədi: “Həmin diviziya, yəni Rusiya qoşunları 1993-cü il mayın 25-də Azərbaycan ərazisindən çıxarıldı. Bu, keçmiş SSRİ məkanında ilk belə hal idi. Ona görə də bu hadisə təkcə Azərbaycan miqyası ilə məhdudlaşmır, bütün keçmiş sovet məkanına təsir göstərən hadisə idi. Daşkənddə imzalanan müqavilə əsasında isə keçmiş SSRİ hərbi qüvvələrinin silahlarının təhvil-təslimi, çıxması qrafiki həyata keçirildi. 104-cü diviziyanın çıxarılması zamanı əksər silahları Rusiyaya daşınmışdı. Çünki onlar Rusiyanın əmlakı hesab olunurdu. Azərbaycan da bununla razılaşmağa məcbur idi. Amma hələ daşınmamış bir sıra silahların, desant bölüyünün paraşütlərinin pul ödənilərək alınması istiqamətində danışıqlar aparılmışdı. Danışıqlarda 5 milyon dollar ödənilməsi məsələsi müzakirə edilmişdi. Müdafiə naziri Dadaş Rzayev bu məbləğin ruslara ödənilməsini tövsiyə eləmişdi. Əsaslandırılırdı ki, əslində bizə qalacaq silahların dəyəri bundan qat-qat artıqdır. O dövrdə mən artıq dövlət katibi yox, baş nazir idim. 5 milyon dolların ayrılması bizə çox göründü. Ona görə də bu məsələni baş nazirin müavini Rəsul Quliyevə həvalə elədim. Şerbakla danışıqları o apardı və 5 milyon dollar endirildi 600 min dollara. 600 min dollar ödənildi və silahlar alındı. Hər halda, Arif Əliyev bu məsələni nəzərdə tutaraq həmin açıqlamanı verib”. P.Hüseyn onu da qeyd etdi ki, Surət Hüseynova Şerbak tərəfindən silahların verildiyi barədə o dövrdə məlumatlar olub: “Surətə 2 min ”Kalaşnikov” avtomatı təhvil verilmişdi. Ola bilsin Surət Hüseynov da həmin silahlara pul ödəmişdi. Lakin Surətə “Qrad” qurğuları verilməmişdi. “Qrad” qurğuları 709 saylı hərbi hissənin özünün idi. Surət Hüseynovun ruslardan əldə etdiyi silahlar 4 iyun qiyamı zamanı ona qoşulan adamlara paylanmışdı”. P.Hüseyn bildirdi ki, Rusiyanın Surət Hüseynovun əli ilə Azərbaycanda Elçibəy hakimiyyətini devirmək planı 104-cü diviziya Azərbaycandan çıxarılmazdan öncə mövcud olub: “22-ci rus briqadasının mütəxəssislərinin isə 4 iyun qiyamının hazırlanmasında iştirakı haqda məlumatlar var idi. Azərbaycanda SSRİ dövründən qalma rus qoşunları ölkəmizin müstəqilliyi və istənilən hakimiyyət üçün bir təhlükə idi. Əbülfəz Elçibəy də buna görə həmin qoşunların sürətlə çıxarılmasında təkid etdi və buna nail olundu”.
Geri qayıt |