Əsas Səhifə > Slayd > “1-2 ay içərisində Əbülfəz Elçibəy gəmisi də gələcək...”
“1-2 ay içərisində Əbülfəz Elçibəy gəmisi də gələcək...”11-08-2019, 22:47 |
“Biz bu işi davam etdirəcəyik. 1-2 ay içərisində Əbülfəz Elçibəy gəmisi də gələcək. Yəni tarixdən vəzirovları, digərlərini silmək, bu insanları yaşatmaq lazımdır”. “Yeni Sabah” xəbər verir ki, bunu Palmali Holdinqin prezidenti Mübariz Mənsimov Rəsulzadənin adını verdiyi gəminin istismara verilməsindən sonra deyib. O, qeyd edib ki, gənc nəsil Rəsulzadə, Elçibəy, Heydər Əliyev kimi insanları tanımalıdır və bunun üçün bu adları yaşatmaq lazımdır. “Bu bir tarixdir, əslində qürurverici tarixdir. Yaşatmaq lazımdır. Təkcə gəmilərə deyil, küçələrə, şəhərlərə, məktəblərə, hava limanlarına vermək lazımdır. Onları yaşatdıqca, biz özümüzü yaşadırıq. Bu gün bunu tam, istədiyimiz kimi edə bilmirik. Amma davam edəcəyik”. M. Mənsimov imkanlı iş adamlarının imkansızlara əl tutmasının vacib olduğunu qeyd edib: “Əgər insanın dini-imanı varsa, bilməlidir ki, Allahın ona verdiyi imkan əmaanətdir. Onu zaman gələcək kiməsə ötürəcəksən və ya itirəcəksən. Biz bu işləri “Palmali” ailəsi olaraq edirik. Kimsə o dünyaya nə isə apara bilməyəcək. Kəfənin cibi yoxdur. O dünyaya heç kim pul aparmır. Allah bu imkanı verir və paylaşmaq lazımdır.
Xüsusilə Rusiyadakı azərbaycanlıları çox incidirlər. Bunun qarşısını almaq lazımdır. “Palmali”nin bir prinsipi var: burada 1000 nəfər işləyirsə, onun 60 faizi azərbaycanlı olmalıdır. Paylaşmağı bacarmaq lazımdır. Zatən o dünyaya gedəndə hesabını soracaqlar ki, niyə paylaşmadın? Rusiyadakı iş adamları da bir az öz xalqı üçün çalışsınlar. Yoxsa “Mən azərbaycanlıyam” deyib sinəyə vurmaq önəmli deyil. Hərəkət etmək lazımdır. Bu gün erməni öz ermənisinə sahib çıxır. Biz niyə bu duyğularda, istəklərdə onlardan güclü olmamalıyıq. Axı onlar bizim çox altımızdadırlar, dabanımızın altındadırlar. Bütün məsələlərdə öndəyik: dövlət, irq, mədəniyyət baxımından. Onlar sadəcə birlik məsələsində bizdən öndədirlər.
Moskvada diaspora sədri olmaq üçün bizimkilər bir-biri ilə mübarizə aparır. Yaxşılıq etmək üçün mütləq bir kresloda oturmaq lazım deyil. Qardaş, yaxşılıq etmək istəyirsənsə, get elə... Dövlətin içərisindəki oliqarx nazirlər də var. Çox nazir tanıyıram ki, xaricdə iş açıb, qohumları üçün. Amma bir azərbaycanlı işçisi yoxdur. Qazandığınızın 3-də birini xalqa verin, sonra nə edirsiniz edin. Paylaşın. Zatən oğurlayırsınız. O dünyada qaraj da yoxdur, bağ da yoxdur. Hamımız bir ağ kəfən aparacağıq, boyumuza görə. Onlar kəfəni bir az çox aparacaq, çünki çox kökdürlər... Azərbaycanın bütün iş adamlarına tövsiyə edirəm, hər şeydən öncə cibimizi deyil, vətənimizi düşünməmiz lazımdır”. M. Mənsimov bir müddət əvvəl məmurlara etdiyi müraciətin siyasi çaağırış kimi şərh olunmasına da münasibət bildirib: “Mən bu həyatda heç kimdən qorxmuram. Sadəcə Tanrımdan və atamdan qorxuram. Kim nə düşünür, düşünsün. Mənim beynimdə pambıq deyil, İQ var.
Mən kasıb bir ailədə böyüdüm. 9 uşaq idik. Anam indiki qadınlar kimi deyildi, çörək də bişirirdi, paltar da yuyrdu. Bütün işləri özü görürdü. Bizi də elə böyüdüblər. Biz hamımız bir-birimizə dəstək olmalıyıq, əl tutmalıyıq. Hələ sən dövlətin içində oturub oğurluqla qazanırsansa, paylaşmalısan. Yoxsa, bir gün onu boğazından çıxaracaqlar. Bu dünyada da olmasa, o dünyada İnkir-Minkir başının üstünü alacaq. Onu düşünsələr anlayarlar ki, mənim bu fikirlərim siyasi məna daşımır. Əgər siyasət istəsəm, Bakıda oturub bunu edə bilərəm. Çünki bir qorxum yoxdur və halal tikə ilə böyümüşəm. Onlar isə haram yeyirlər. İnsanlığın ölməməsi lazımdır”. Qeyd edək ki, bu fikirləri M. Mənsimov “Yeni Kanal” youtube kanalına müsahibəsində deyib. Həmin müsahibənin video versiyasını da təqdim edirik: Geri qayıt |